DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Azər Ağayev

Eşq xəstəsi

Nə gözəl səni sevmək!
Qadın, şeir, söz kimi!
Gəl toxun, nəfəsində
Yandır məni köz kimi.

Eşqindən xəstə düşdüm,
Baxışların dərmandır.
Səndən özgə kimim var?
Canım sənə qurbandır.

Könlüm neçə dərd tapdı
Səndən ayrı gecələr.
Qəribsədi bu şəhər,
Sahil bağı, küçələr.

Ömür-gün dediyində
Beş hərf, iki heca.
Bir sənə əsir düşdüm,
Özüm bilmirəm necə?

Gözlərində açdığım
Sabahlar xeyir olur.
Bir gülsən yer üzünə,
Bu dünya şeir olur…

Qayıt, gəl

Sən bilmirsən yanan bir od
Köksün üstə necə sönür.
Bir öpürsən, toxunursan,
Ruhum səndə eşqə dönür.

Getmə məndən bircə addım,
Uzaq getmə, nə olar.
Hicran dağını çəkmə,
İncisən günəş solar.

Sən olmasan ay üşüyür,
Günəş küsür göy üzündən.
Qayıt, qurban olum sənə,
Çıxmaram bircə sözündən.

Darıxıram, qayıt gəl,
Saçının ətri üçün.
Bir həsrət dodağımda
Elə yanır büsbütün.

Hər şey sənlə gözəldir,
Hər şey səndə tamamdır.
Məndən uzağa getmə,
Qurban olum, amandır…

Yeni səhifə

Sənsiz halım pərişan,
Ürəyim qan ağlayır.
Səssizliyin içimdə
Tufan kimi çağlayır.

Sən axı görməmisən
Yoxluğunun sərt üzün.
Üstümdə ətrin qalıb,
Pərdələrdə əl izin.

Gecəyə kölgən düşür,
Ağrılar sancı çəkir,
Nəmli divarlar boyu
Xatirələr yaş tökür.

Dodağın qanlı bıçaq,
Gözlərin dar ağacı.
Tərsliyimə bağışla,
Bir az halıma acı.

Sənsizliyin dibində
Bu dərdin əlacı yox,
Bircə dəfə zəng eylə,
Bu dəli inadı yıx.

Hörümçəklər tor salıb
Pəncərəmə, qayıt, gəl.
Qollarında qucaq aç,
Olanları unut, gəl…

Ruhun təslimiyyəti

Sən gedəli yuxu bilmir gözlərim,
Kirpiyimdə mürgüləyir gecələr.
Səhər vaxtı, ağaranda dan yeri
Xatırladır səni bomboş küçələr.

Gecə-gündüz adın düşmür dilimdən,
İçin-için dodağımda titrəyir.
Səndən uzaq, sənsiz keçən ömür-gün
Dizlərimin taqətində büdrəyir.

Çayı soyuq, içkini tünd içirəm,
Sevişməyi sərt sevirəm, bilirsən.
Nəfəsinlə oxşadığın ruhumdan
Qalaqlanmış toz qatını silirsən.

Qulağımda nalələrin yenə də
Cingildəyir gecənin bir yarısı.
Bir nəfəslik toxunanda köz olur
Dodağımda dodağının yarası.

Qayıt gəl ki, günəş doğsun ömrümə,
Qaranlıqlar qaçırmasın yuxumu.
Qayıt gəl ki, tənhalıqdan qurtulum,
Qollarına təslim edim ruhumu.

Pozulan sükut

Günəşin solduğu bir gündə
ümidlər dalğalara çırpılırdı.
Bir yelkənsiz gəmi kimi
sovrulurdu ruhum
Könlümün yaxası asılı qalmışdı
bir kor düyündən.
Gözüyaşlı qalmışdı arzular.
Və… Sən gəldin,
pozuldu sükut ömrü
Bir yanımda sən,
bir yanımda partlayışlar.
Saatın əqrəbinə son nəfəsini
tapışırırdı sükut.
Bulanıq ömrüm sənlə durulurdu.
Aydınlanırdı günəş soyuq dekabr səhərində.
Varlığımın tam solundan bir sızıltı,
bir üşütmə  keçdi  o anda.
Sənə qədər kirpiklərim –
ağrıların bulud ömrü…
Gecələrə dirsəklənib mürgüləyən gözlərim
gülüşündən bir ovuc səadət içdi.
Yasəmən ətirli saçlarında
uçurum dibində
tutundum həyata.
Elə gülümsədin ki,
titrədi ruhum, əsdi əllərim.
Yuxusu ərşə çəkilən arzularım
bəlkə dizlərində bir yuxu yata.
¹Bir az yaxın gəl, bir az da yaxın.
Qulağına pıçıldayım saçlarının nəfəsində:
“Sənsizliyi alnımın qırışlarında daşıdım,
Çatlamış dodaqlarımda yandı sənsizlik…”
 

Soyuqların şeiri

Taleyindən yorğun düşən axşamın
Sabahında gəldin könül evimə.
Duaların yeddi göyü titrədən
Savabında gəldin könül evimə.

Elə gəldin, üşütmüşdün, ruhumdan
Bir nəfəslik qucaq açdım ovcuna.
Otur bir az, isti şeir dəmləyim,
Pıçıldayım saçlarının ucuna.

Xəzəl vaxtı yarpaq üstə mən sənin,
Tanıyaram, gəlsən, ayaq səsini.
Qurban olum, inciyəndə, küsəndə
Bir də çıxma saçlarından hirsini.

Bir dənizdir, dalğalanır baxışın
Qumral saçlar bəzəyəndə çiynini.
Günəş solğun, buludludur havalar,
Soyuq düşür, qalın geyin əynini.

Üşüsən, gəl payız vaxtı bir səhər,
Dərdlərini alım yorğun canından.
Gedirsənsə, birnəfərlik yer saxla
Yaşamağa bir ömürlük yanında…

Ayrılığın ilk günü

Bir axşamüstü ayrıldıq,
Boğazımda
soyuq qəhərə döndü gedişin.
Təsəlli üçün
son vida, son görüş olmadı.
Bu evin hər küncündə yerin göründü,
Nəmli divarlar boyu xatirələr
kölgə kimi süründü,
Həzin mahnılarda da
açdığın boşluq dolmadı…

Otağım bir az dağınıq,
pərdələr kirli,
döşəməni toz alıb.
Sən gedəli –
depressiya… yuxu həbləri…
Həkimlər deyir ki,
tərgit siqareti, içmə qəti.
Qorxma, ömrüm-günüm,
Bir az rəngim saralıb…

Unuduram təqvimlərdə günlərin düzümünü,
Dolub-boşalan külqabı
çəkir içimin yanğısın.
Bir yerdən sonra
ağrıkəsicilər belə
götürmür yoxluğunun küt ağrısın…

Bilirəm,
yenə əlləri qoynunda
pəncərə önündə dayanıb
hardasa qayğımı çəkirsən –
“Axırı necə olacaq bu axmağın?”
Bu şəhərdə
əlimin tərsiylə itələdiyim
qadınlar var,
Ayağının tozuna dəyməyən.
Bir də…
Ovuclarımda saçlarının
xatirəsi var bir yığın…

Bilirəm,
dönüşü yox bu ayrılığın,
Amma nə vaxt gəlsən,
qapım açıqdır,
Aid olduğun yeri yaxşı bilirsən.
Yenə də sızıldayır sümüklərim,
Uyuşur barmaqlarım,
Əsir dizlərim…
Hələ də gözləyirəm…
Gəlirsən?

Yoxluğunun havası

Ayrılığı çəkəndə
Saçımda dərd ağardı,
Yoxluğunun havası
Çətin dərddir, ağırdır.

Elə aldatdın məni,
Nağıla döndü bu eşq.
Sinəmi dağlayanda
Kamanda dindi bu eşq.

Ruhun çarpaz dağlanar
Bir özgə dodağında,
Başlayar üşütmələr
Həsrətin qucağında.

Gözlərini çırpınış,
Könlünü qəhər boğar.
Yoxluğumda bu dəniz,
Bu şəhər səni yorar.

Nə vaxtsa yada düşsəm ,
Saçlarının ucunda,
Qüruru gözündə sıx,
Hicranı da ovcunda… 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.