DergiZan

Yazı ve Sanat Ülkesi

Xocali Qatliamı (Şiirler) / Leyla Metin

XOCALINI

Min arzu var, milyon dilək
Od ocaqsız qəlbim kövrək
Səbr elə döz, döz ay ürək
Gedim görüm Xocalını.

Ağlar qaldım, dərdə düşdüm
Yurd yuvama qəribləşdim
Qaçqın oldum, köçgünləşdim
Qırış aldı əl, qolumu
Dərd etməkdən Xocalını.

Köz qalanıb qəlbim üstə
Yurddan uzaq oldum xəstə
Bircə dəfə son nəfəsdə
Gedim görüm Xocalını.

Oldum yurdsuz pərən-pərən
Ömürdən də pay istərəm
Qismət ola torpaq, vətən
Düşünmərəm bu canımı
Görüb öləm Xocalımı.

Xocalı Faciəsi

O qarlı, şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.

Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.

Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı, əfsus
Düşmən çox qəddardı insaf etmədi.

XOCALI

Qarlı qış gecəsi səslər ucaldı,
Düşmən güllələri canları aldı.
Xonçalı gəlinin bəxti qaraldı,
Alova büründü, yandı Xocalı.

Ana balasının gözü önündə.
Can verdi əzabla, acı, zülümlə,
Allaha ucaldı bu ah, bu nala.
Qorxunc bir yuxudur sandı Xocalı.

Hər kəs öz canının hayına düşdü,
Ana balasından çarəsiz keçdi,
Düşmən xalqımızın qanını içdi,
Dəhşətə büründü, sındı Xocalı.

Günahsız canlara zülm etdilər,
Kimsəsiz can görmüş quduz itdilər,
Ötüşsə üstündən yenə də illər,
O günü yenidən andı xocalı.

Xocalıda Ölənlər

Qismətilə barışmayaq biz gərək
Savaş yolu, sülh yolu birin seçək
Nəhayət ki, bir olaq qərar verək
Torpağları yağılardan biz alaq.

Unudulmur keşməkeşli dünənlər
Unudulmur Xocalıda ölənlər
Bu vətəni paramparça edənlər
Günahının cəzasını alacaq!
Torpağımız bir gün azad olacaq!

Şəhid verən qan ağlayır, qan qusur
Vəhşiliyə bu dünya hələ susur
Neçə ailə olubdu əsir, yesir
Gözlər yaşlı, ürək nisgil, yara, dağ
Yağılardan azad olsun Qarabağ.

Oğlum deyir, qızım deyir ağlayır
Cavan balam şəklin sevir ağlayır
Köksündəcə ürəyini dağlayır
Qayıdarmı qızı, oğlu evə sağ?
Alışarmı közü olmayan ocaq?

Yadlar aldı evimizin istisin
Külək vurdu o yan- bu yan tüstüsün
Od bürüdü elimizi büsbütün
Yatan yandı, güllələndi hər oyaq
Günahkarlar cəzasızmı qalacaq?!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 20 eseri bulunmaktadır.