İki Şiir / Atlaz Rzayi

İnsafsız
Yaman insafsızsan
Bir iynənin ucu qədər mənə ümid vermədin.
Sənə gələn o qaranlıq yollarıma şam olsun.
Qoymadın ki öz ömrümü yaşayım
Mənimçün də gündüz olsun, axşam olsun.
Əvvəllər hansı üzlə
İnsafına and içmişəm?
Səni kimim bilmişəm?
Hələ sənə “sevgim” deyə ad seçmişəm.
Yerdə yeriməyə ayağımı qırarkən
Mən kor olmuş
Səni uçmağa qanad seçmişəm.
Sevgi yelləncək kimi
Uşaqtək əyləncə kimi alıb göyə çırpdı yerə.
Sevən ürək qanadı.
Ürkək -ürkək qanadı.
Sənin könül pəncəndən qara pərdə asılıb
O pərdələr indi mənə dərd olub
Mənim gözəl arzularım
Həmin dərdə asılıb.
Gizlətdik Öz Acılarımızda
Biz bir şəhərə sığa bilmədik.
Bir şeirə sığdıq.
Dünya da bizə dar gəldi,
Əl də, ayaq da ,elə ağuş da
Bir ürəyə sığdıq.
Kamına çatmayan arzularımızı
Gizlətmək üçün göz yaşına yığdıq.
Gizləndik öz acılarımızda
Kimlərisə sevindirməmək üçün.
Özümüzü şad göstərdik.
Hamının yanında.
Özümüzü-özümüzə yad göstərdik.
Rəngimiz bir heyva misalı,
Asıldı payız vaxtı budaqdan.
Yaza çıxa bilmir
Əhvalımız o vaxtdan..
Bir dəmlik çay imiş bu sevgi
Hicranın odunda dəmləndi.
Buxarı qəmləndi.