DergiZan

Yazı ve Sanat Ülkesi

Söz Haqqında Söz / Osman Fermanoğlu

Söz təkcə insanları bir -birinə yaxınlaşdımır, həm də bir -birindən uzaqlaşdırır. “Ho var dağa qaldırır, ho var dağdan endirir.” Beləcə düşmüşük “ho” ların arxasınca… gedirik. “Biri vardı, biri yoxdu”, söz vardı.

Gənclik illərindən bir neçə sözə toxunmaq istəməmişəm. Bəzisinin sınmağından çəkinmişəm, bəzisinin tapdaq altına düşməsindən… bəzisini də “yad” bilmişəm. Sözün işığını sözə tutmasan, söz öləziyər, yaşarılığını itirər… Sözü əzizlərsən söz olar, əzizləməzsən köz olar.

xxx

“Dünya” sözünü o qədər işlədiblər, o qədər rəndələyiblər, o qədər döyüblər ki, işlətməkdən çəkinmişəm, qalsın, dincəlsin, demişəm. Dünya dincəlməyində olsun, mənə görə, düzənini elə pozublar ki, yüz haqq tərəzisi ilə də düzəlməz. Amma “gəlimli—gedimli, son ucu ölümlü dünya” kimi tutumlu sözün qarşısında bütün “Dünyalar” aciz qalır.

xxx

“Allah” sözünü şeirlərimdə bir dəfə də işlətməmişəm… Qərb zonasında zarafatlarda çox meydangirlik eləyib bu söz. Adamın olanından. Gecə tək-tənha çaydan keçən adamın “bismillah”ı da mənə yad olmayıb. Onunla çıxarmağa çalışmışam təklik qorxusunu. Bu qorxu hamıda olur, yəqin ki…

xxx

Tanrı sözü məni daha çox çəkib, ruhuma daha yaxın olub, ətəyinə sığınmışam. Türkün doğuluşunun başlanğıcı bilmişəm. Biz Göytürklərin törəməsiyik, Göytük ola bilməsək də…

Bir də “Orxon–Yenisey abidələri”nin ilk açar sözü olduğuna görə təəssübkeşi olmuşam. Açar söz demişkən, Danimarkalı alim Vilhelm Tomsonun (1893-cü ildə) abidədə ilk oxuduğu “Tenqri” sözüylə Türk runik əlifbası elinə, obasına qaytarılıb. Türk’ün özü kimi dilinin də böyüklüyü, əzəməti, gözəlliyi “Türk tarixi yaradır, amma yazmır” deyənlərə meydan oxuyub. Bu anda qulağıma ulu Fuad Köprülü’nün “dünya ədəbiyyatı”nı tərəzinin bir gözünə, “Kitabi- Dədəm Qorqud”u o biri gözünə qoysalar, “Kitabi-Dədəm Qorqud” ağır gələr,– deyə qürurlandığı sözlər gəldi. Boy-boy boylandı, soy-soy soylandı.

xxx

İşlətməyə çəkindiyim sözlərdən biri “YURD” sözü olub. Bu sözü ucalığından endirəcəyimdən qorxmuşam. 1981- ci ildə bir dostum yurda aid şeir oxuyanda sözü taxtından endirməyək demişdim. Əmin- amanlıq vaxtıydı. Sonra elə işlər baş verdi ki, olmayan kimi. Yurdu da yurd olmağa qoymadılar.

“Yurd” sözünü qorumağa başım qarışdı, bir də baxdım ki, ey dadi- bidad, Yurdu yağılar yağmalyıb. Bir də baxdım ki, “Lələ köçüb Yurdu qalıb.” Bir də baxdım ki, Yurdumuza su calanıb…

–Yerin yurd olsun, –

yurddu,
Ulamır daha qurdu…
Canım quru uyuqdu
Xoca kürkü içində.

 

Deyir, “Yurd” sözünün bir mənası da “xaraba” deməkmiş, indi “Yurdu” yadlara verib xarabada ötən bayquş kimi sazda “Yurd yeri” dinləyirəm, yurd şeirləri yazıram, dostlarımın yurd həsrətli gümültülərinə kövrəlirəm:

Alnımız qarışqa izi,
Yeyəcək qarışqa bizi.
Yağış yuyur izimizi,–
Köçümüzdə,ah, yurd gəlir.

xxx

Uca dağlarımız yağı əlində, dağ bitib könlün dilində, axırıq dərdin selində, qurağa çıxa bilmirik.

Nə qədər “Dağlar” şeirlərimiz var. Qələmli də yazıb, qələmsiz də… Şeirdən “dağ” qalaqlanıb… M. Araz demiş, gördüm o qədər dağlara yazılmış şeir var … “Yavaşca götürdüm “Dağlar” şeirimi.”

İndi qeyrətini çəkəsi olduğumuz sözləri də qeyrətsiz eləməklə məşğuluq. Çölümüzü düşmənlər, içimizi özümüz talayırıq.

xxx

Deyirlər, “İqor polku haqqında dastan”ı Puşşin “itirib” təzədən quranadək bu dastan Qıpcaq Türk dastanı imiş, çün məğlubun qəhrəmanlıq dastanı olmur, bəlkə, buna görədir ki, bizdə də “Qarabağ” dastanı yazılmır. Dastan üçün də QƏLƏBƏ lazımdır. Kino-teatr yox a, əsil QƏLƏBƏ. Önündə gözü kölgəli olduğumuz, işlədə bilmədiyimiz söz…

Yerini, yurdunu qorumayan kəsin “özü gedər, sözü qalar”… O da qalsa…

 

Dekabr, 2019.

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları