Könül Nəğmələrim Qoy Sənin Olsun / Səidə Əliyeva

Qayalardan sızan bir bulaq kimi,
Qüdrətdən alışan nur çıraq kimi.
Sabahlara inam xoş soraq kimi,
Könül nəğmələrim qoy sənin olsun.
Sübh şəfəqi bürüməmiş aləmi,
Tökülməmiş çiçəklərin şəbnəmi.
Hələ oyanmamış quşların səsi,
Nəğmələrim qoy şirin laylan olsun.
Xəyallar quş tək qanadlanar da,
Boynubükük xatirələr oyanar da.
Arzular ümidlərə calananda
Nəğmələrim qoy nağıl dünyan olsun.
Hərdən boylanıb arxaya baxarsan,
Ötüb keçən çağları xatırlayarsan.
Kövrək buludtək dolar, boşalarsan,
Nəğmələrim ümid, təsəllin olsun.
Hər ötən il bir xatirə, yadigar,
Qəlbinə yol tapar pərişan anlar.
Bahar könlündə payız yuva salar,
Nəğmələrim onda səni qorusun.
Nəğmələrim ürək sözüm, məktubum,
Sətirləri ülvi sevgiylə dolu.
Hər nəğməm gülüşün tək zərif, məsum,
Müjdələr gətirən səhərin olsun.
Nəğmələrim bir dünya sevinc, həyat,
Üzündə təbəssüm, gülüş oxunsun.
Nəğmələrim bir ömürlük səadət,
Nəğmələrim əbədi sənin olsun.
Nəğmələrim xoşbəxtlik nişanəsi,
Qəlb çırpıntısı, könül təranəsi.
Sevgisi bir dəniz gənclik dünyası,
Əsrarəngiz gözəllik əfsanəsi.
Nəğmələrim ilk bahar, yaz nəfəsi,
Bir çəmən çiçək ətri, təravəti.
Qərib durna sədası, bülbül səsi,
Bir ömür hekayəsi, rəvayəti.
Nəğmələrim həzin könül rübabım,
Puçur-puçur açan arzu, muradım.
Tər bənövşə qoxulu duyğularım
Sətir-sətir yazılan misralarım.
Səidə ƏLİYEVA
Azərbaycan Yazıçılar Birliyinin üzvü

