Mən Bilirdim Bu Sevdanın Sonu Yox / Xatire Xatun

Elə getdin, donub qaldım o yerdə,
Yay günündə qar ələndi üstümə.
Kirpiyimlə şeh çilədim dalınca,
Cəllad olub qürur, durdu qəsdimə…
Cəllad olub qürur, durdu qəsdimə,
Qara döndü, buza döndü sözlərim
Ha istədim nəsə deyəm, olmadı,
Anlamadın, çox şey dedi gözlərim.
Anlamadın, çox şey dedi gözlərim,
O gözlər ki gülüşü az, qəmi çox.
Yaxamdaydı ayrılığın əlləri,amma
Mən bilirdim bu sevdanın sonu yox.
Mən bilirdim bu sevdanın sonu yox,
Bilə-bilə oda atdım özümü.
Haçan oldu, necə oldu- bilmədim,
Elə sevdim lap unutdum özümü.
Elə sevdim, lap unutdum özümü,
Bir də gördüm dolaşmışam, çaşmışam.
Bir tablodu sənlə kecən o çağlar,
Ürəyimin divarından asmışam.
Ürəyimin divarından asmışam,
Sənlə bağlı o anları…
və bir də
Xatirələr bilsən necə üşüyür-
Elə getdin, donub qaldım o yerdə…

