Etdin Məni Rüsva / Xatirə Xatun

(zarafatyana)
Etdin məni rüsva o gün əğyar yaninda,
Mən də o səbəb durmadim, ey yar, yanında.
Bir söz dedin, ey zatıqırıq, könlümə dəydin,
Heç söyləmədin yaxşı-yaman var yanında?
Peşmançılığın faidəsi yoxdu, uzatma,
Gül açmaz axı incisə gər xar yanında!
“Əfv et” deyə yalvarmağının indi nə xeyri,
Bundan sora kimdi dura təkrar yanında?
Min dəfə demişdim belə rəftaruvu tərgit,
Segah oxumuşdum demə heç kar yanında.
Eşq adlı bu bazaridə xamsan, gönüqalın,
Çək get yükünü, durma bu bazar yanında!
Boş ver beləsin, yaz qəzəlin, fəxr elə, Xatun,
Var hörmətin, əlbəttə, xiridar yanında!


Mükəmməl bir qəzəl Xatirə Xatunumuzdan.
Eşq olsun, Lənkəranın Xatunu!!!