Şeirler / Nəzrin Məmmədli

Hardasan?
Yandım sənin sevdan ilə, ey mahitabım, hardasan?
Bağrım olub qan-yaş yenə, ey afitabım, hardasan?
Hicran əli kəsdi yolu, yoxdur fəğanım dinləyən,
Söylə, nədən uzaq düşdün, ey bəxti-yarım, hardasan?
Hər gün dua etdim sənə, gəlməz nədən yarım mənim?
Ey qəlbimi yarım qoyan bi-etibarım, hardasan?
Gözlər yolun, qulaq səsdə, gəlmir xəbər cananımdan,
Zülmət gecəm bitmir nədən, ey növ-baharım, hardasan?
Sənsiz cahan dar gəldi mənə, sığmır fəğanım aləmə,
Ruhum quşu pərvaz edir, ey gülizarım, hardasan?
Fələk vurdu ağır zərbə, ayırdı bülbülü güldən,
Lal olubdur indi dilim, ey xoş kəlamım, hardasan?
Bir zamanlar sən idin hər dərdimin tək çarəsi,
İndi dərdinlə tək qaldım, ey tək pənahım, hardasan?
Sanma səndən vaz keçərəm, can çıxınca bədəndən,
Əhdimə mən sadiq qaldım, ey vəfadarım, hardasan?
Hər nəfəsdə adın zikrim, hər baxışda xəyalın var,
Gözlərimin nuri getdi, ey intizarım, hardasan?
Döz, ey Nəzrin, sənə Tanrı vüsaldan bir pay ayırar,
Səbri-eyyubim tükəndi, ey qəm-qusarım, hardasan?
Altı Yaşım Olanda
Altı yaşım olanda,
Atam nağıl deyərdi.
Hər dediyi nağıla,
Mənim üzüm gülərdi.
Dizinin üstə çöküb,
Dinlərdim hər sözünü.
Sanki nağılla birgə,
Görərdim göy üzünü.
O sehrli dünyada,
Qanadlanıb, uçardım.
Hər axşam mən atamın,
Qucağına qaçardım.
İndi boyum böyüyüb,
Yollarım uzaqlaşıb.
O günün sevincləri,
Xəyallara qarışıb.
O nağıllar içində,
Qaldı məsum uşaqlıq.
İndi mənə yoldaşdır,
Səssiz-səssiz uzaqlıq.
Kaş ki, zaman dayansın,
Dönüm yenə o yaşa.
Atam nağıl söyləsin,
Mən də çatım murada.
Nə bir sehrli xalça,
Nə bir Simurq quşu var.
İndi soyuq divarlar,
Mənə nağıl danışar.
Kaş yuxuya gedəndə,
O zamana oyanam.
Yenə altı yaşımda,
Atam üçün dolanam.
Böyümək ağır imiş,
Çiyinlərim bükülür.
Xatirələr vərəqtək,
Gözümdən yaş tökülür.
Yalançı qəhrəmanlar,
Daha güldürmür məni.
Həyatın gərdişləri,
Yaman yorub bəndəni.
Sanki bir gecə vaxtı,
Oyanmışam yuxudan.
Gözlərimdə o illər,
Ürəyimdə min tufan.
Kaş atamın səsində,
Dünyam yenə gizlənə.
Həmin o altı yaşım,
Bir günlük geri dönə.
Mən böyüdüm, nə oldu?
Dərd topladım, qəm yedim.
Həyat gerçək acıdır
Mən nağıl istəmişdim…
Mənliyimin Həsrəti
Mən özümü istəyirəm,
Darıxmışam özümçün.
Xoşbəxtlikdən sevinib
Parıldayan gözümçün.
Göz yaşımı silən yox,
Dərdə ortaq olan yox.
Məni məndən soruşan,
Məni məndə tapan yox.
Yorulmuşam, ay ömür,
Yalançı bəhanədən.
İndi bir nişanə yox
O parlayan çöhrədən.
Geri qaytar ömrümün
O sevincli çağını.
Yenə yandırım, ya Rəbb,
Ümidlərin şamını.
Hardadır o saf ürək,
Kədər nədir bilməyən?
Öz gücüylə dikəlib,
Heç bir zaman çökməyən?
Zaman aldı əlimdən
Nə varsa mənə məxsus.
İndi dörd bir tərəfim
Sükutdur, laldır, əfsus.
O qədər uzaqdayam
Öz doğma mənliyimdən;
Bir möcüzə gözləyir
Ruhum bu gəncliyimdən.
Məndən Bu Qədər
Bu rəngli ruhumun günün gün deyil,
Rəngli çalarlardan əsər qalmayır.
Qaranlıq dünəndən çöküb içimə,
İçim yaman dönüb, sözə baxmayır.
Əvvəlki “mən”imin özü deyil bu,
Astadan yaşlılıq yerini alır.
Məsələ bədəndən qocalmaq deyil,
Bədənim cavandır, ruhum qocalır.
O xoşbəxt qızcığaz hardadır görən?
Arzumdur, qismətdə görmək olaydı.
Böyümək nə yamaz dərd imiş, Allah,
Kaş elə körpəlik qonaq qalaydı.
Böyüyən mən olsam, vecimə olmaz,
Dərdlərim özümdən qabaq böyüyür.
Deyirsən, ey həyat, çarəsi nədir?
Həyat cavablamır, gözlərin döyür.
İndidən ağ düşüb, qara saçıma,
Nə mən əvvəlkiyəm, nə də ümidlər.
Ey həyat, yazıram, deyim biləsən,
Ruhumdan bu qədər, məndən bu qədər.
Ədalət Dünyanın Harasındadır?
Bir tərəfdə yemək dolu qazanlar
Düzülür uzun bir süfrə boyunca
Bir tərəfdə boynu bükük adamlar
Yemək də tapmır ki yesin doyunca
Mən deyiləm sənsən indi yaz görüm
Ədalət dünyanın harasındadır?
Bir tərəfdə məktəb seçən uşaqlar
Rahatca vururlar məktəbi başa
Bir tərəfdə körpə-körpə xanımlar
Məcburi verilir yadlara, haşa.
Mən deyiləm sənsən indi yaz görüm
Ədalət dünyanın harasındadır?
Bir tərəfdə day-day pulu hesabı
Altında ev-eşik, imisti yataq
Bir tərəfdə əllər qubar bağlayır
Balaca daxmalar, bir göz də otaq
Mən deyiləm sənsən indi yaz görüm
Ədalət dünyanın harasındadır?
Bir tərəfdə bər-bəzəkli qızıllar
Şan-şöhrət içində üzüb, yatanlar
Bir tərəfdə xoşbəxt nişan üzüyün
Ev eşik etməyə məcbur satanlar
Mən deyiləm sənsən indi yaz görüm
Ədalət dünyanın harasındadır?
Bir tərəfdə iş saatı dərdi yox
Hazıra nazirlər, yeyib-içənlər
Bir tərəfdə səkkiz saat işləyib
Səhərdən axşama danlaq yeyənlər
Mən deyiləm sənsən indi yaz görüm
Ədalət dünyanın harasındadır?
Bir tərəfim oğul deyib qoruyur
Gözündən uzağa qoymur getməyə
Bir tərəf də həsrət çəkib ağlayır
Onun ki seçimi yoxdur seçməyə
Mən deyiləm sənsən indi yaz görüm
Ədalət dünyanın harasındadır?
Nə bilim bəlkə də günün sonunda
Hamının getdiyi o torpaqdadır?
Ordaki hamının yatdığı qutu
Eyni rənglənibdi, eyni boydadır.
Bəlkə də ədalət ən böyük AH’da
Bəlkə də kiminsə duasındadır.
Şıltaq Qızın Xatirəsi
Axı belə deyildim,
Şıltaq qız uşağıydım.
Hər şeyə gülüb keçən,
Xoşbəxt ruhun qızıydım.
İndi baxışlarımda,
Yad kədərin izi var.
Gülüşümün ardında,
Səssiz fəryad, sızı var.
Zamanmı yıxdı məni?
Yoxsa ağır xatirə?
O şıltaq, dəcəl qızdan,
Qalmayıbdır bir zərrə.
Güzgüdəki bu qadın,
Tanış gəlmir heç mənə.
Qaytarın o uşağı,
Ehtiyacım var yenə.”
Gülüşüm də yadlaşıb,
Dodağımda yük kimi.
O qız hara tələsdi?
Böyüdü böyük kimi…
Baxışlar buz bağlayıb,
Ürəyimdə min kədər.
Güzgüdəki bu yadla,
Ömür keçməz bu qədər.
Mən nə vaxt belə oldum?
Nə vaxt duman bürüdü?
İçimdəki qızcığaz
Yadlara əsir düşdü .
O qızcığaz görəsən,
Niyə çıxdı yolundan?
Deyəsən çox yorulub,
Tutun onun qolundan.
Daha gülmür gözlərim,
O şıltaqlıq yox olub.
Güzgüdəki bu qadın,
Dərd əlindən yorulub.

