DergiZan

Yazı ve Sanat Ülkesi

Adamlar / Arzu Əyyarqızı

Külək dalğaları sovurur göyə,
Günahı dənizdən görür adamlar.
Qayığı yolundan saxlamaq üçün,
Zənciri özləri hörür adamlar.

Oynayır rolunu hərə bir cürə,
Pərdə arxasını kimdir ki, görən?
Nəfsinin eşqinə, vallah boş yerə,
“Atını daşlığa sürür ” adamlar.

Vecinə almadan doğrunu, düzü,
Əlləşir, vuruşur, doymayır gözü,
Yorulur, yıxılır, qanayır dizi,
Ölümlə nəfəsin dərir adamlar.

Yaşamaq çəmi yox dolanır naşı,
Qoymaq heç istəmir daş üstə daşı,
Başqa həyatlara qarışır başı,
Ömrünü hədərə verir adamlar.

Nədənsə özünü ölümsüz bilir,
Bilmir ki, dünyaya ölməkçün gəlir,
Ölməkçün yaşayır, ölməkçün ölür,
Ölüsün torpağa sərir adamlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir