Şiirler / Arzu Əyyarqızı
1
Dərd
Hər şey üzdən soyular,
Məni içdən soydu dərd.
Agac içdən oyular,
Məni saçdan oydu dərd.
Kədər damdı göl oldu,
Arzu muraz kül oldu,
Ömrüm qəmə yol oldu,
Məni səki qoydu dərd.
Gecəm gündüz gətirdi,
Ayım ili ötürdü.
Yedi yedi bitirdi,
Görən məndən doydu dərd?
2
Dizim cəllad kötüyü
Kirpiyim dar ağacı,
Asmışam göz yaşımı.
Dizim cəllad kötüyü,
Qoymuşam, kəs başımı.
Möhkəm möhkəm qucmuşam,
“Kötük ” tərpənə bilməz.
Vur boynumu, çəkinmə,
Əzrayıl üzə gülməz.
…Ölüm, durma, di tez ol,
Qurtar dərddən, azardan.
Al canımı, götür get,
Dünya adlı bazardan.
3
Baxışın od alıb baxışlarımdan,
Bilirsən, sən məni necə sevmişdin?
Çıxaraq məhəbbət yoxuşlarından,
Gündüzü qət edib gecə sevmişdin.
Məcnunu, Kərəmi yalan eylədin,
“Mən sənsiz ölərəm, ay qız” söylədin,
Özün də bilmədin axı neylədin,
Sığınıb ilahi gücə, sevmişdin.
Eşqinin qibləsi mən idim axı,
Baxırdı, “bəxtəvər” deyirdi çoxu,
Mənsiz gözlərinə getməzdi yuxu,
İndi deyirsən ki, heçə sevmişdin.
4
Yenə gözlərim çəkir, darıxmağın rəsmini,
Ruhum divardan asır çərçivədə cismini.
Saat zaman sayğacı, ürək ömür sayğacı,
Hər ikisi işləyir, sürətə yox əlacı.
Xəyallarım boğulur, çilçıraq dar ağacı,
Arzular gözü yaşlı, solaraq çəkir acı.
Fikirlərim rəngbərəng uçur kəpənək kimi,
Qonur xatirələrə, titrədir sarı simi.
Darıxmağın rəngini gecə rəngi edirsən,
Kirpiklər fırça olur, rəsmin çəkib gedirsən.
Gedirsən yuxu boyu, qarşına çıxır yenə,
Yenə darıxmaq olur yuxuda yuxu sənə.
5
Mən onsuz ölürəm, nəfəsim çatmır,
Mənim darıxdığım darıxmır mənsiz.
Fikri xəyalından gözlərim yatmır,
Mənim darıxdığım darıxmır mənsiz.
Yenə dörd divardır, tənha qalmışam,
“Görəsən necədir “? Fikrə dalmışam,
Səsini duymaqçün əsir olmuşam,
Mənim darıxdığım darıxmır mənsiz.
Öyrətdi özünə, sevdirdi özün,
Eşitdi dilimdən ” sevirəm” sözün,
“Sağ olsun ” ömrümdə buraxdı izin,
Mənim darıxdığım darıxmır mənsiz.