DergiZan

Yazı ve Sanat Ülkesi

Sevgi Dolu Dünyamız / Səidə Əliyeva

Tut əlimi sevgi dolu dünyamız,
Bir ömür səadət, sevinc payımız
Şah arzular çələngi xəyalımız,
Möcüzələr yaratsın saf eşqimiz
Məhəbbət naminə, sevgi xətrinə.

Bir dəniz təlatüm, tufan qəlbimiz,
Xəyanət sarsıtmaz, gələr özünə.
Təbəssüm yağışı pünhan sevgimiz,
Nur şəfəqi çilənsin yer üzünə
Məhəbbət naminə, sevgi xətrinə.

Gəl səninlə bağlayaq əhdi-peyman,
Həyat gözəl, dünya nağıllar kimi.
Nə ömür bitə, nə tələsə zaman,
Tut əlimi qoşa gəzək aləmi
Məhəbbət naminə, sevgi xatrinə.

Munis eşq hekayəsi, ülvi sevgi
Sabaha boylanan xoş ümidlərin.
İlahi qüdrətin avaz, ahəngi
İlk təməli əbədi xoşbəxtliyin
Məhəbbət naminə, sevgi xətrinə.

Gəl ucaldaq könül adlı sarayı,
Kərpici nəvaziş, gülüşdən olsun.
Xoşbəxtlik timsalı bu sevgi payı
Qərq etsin işığına, nurla dolsun
Məhəbbət naminə, sevgi xətrinə.

Gəl birlikdə gəzək geniş dünyanı
Uca tutaraq biz saf eşqimizi.
Vüsal qanadlansın, qovsun hicranı,
Ümidlərlə yaşadaq sevgimizi
Məhəbbət naminə, sevgi xətrinə.

Zaman dara çəksin həsrəti, qəmi
Bir ömür səadət sehir, hikməti.
Qüdrəti tilsimlər külli aləmi,
Xarüqələr yaratsın qoy əbədi
Məhəbbət naminə, sevgi xətrinə.

Sevən insanların sevgi dünyası
Keçək sınağından, tutaq nəbzini.
Nəvaziş naxışı, sevgi mayası
Həyatın hər anı, bilək qədrini
Məhəbbət naminə, sevgi xətrinə.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir