DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirlerden Selam / Azerbaycanlı Şairler


Kamran Murquzov 

Azerbaycan Toprağına Düşüp Güzarın, Yunusum!  / Kamran Murquzov

Hocam Yunus Emre’nin kutsal ruhuna sevgi ve sayqıyla!

Multu olmak ne güzelmiş, bu dünyada karip-karip
Azerbaycan toprağına düşüp güzarın, Yunusum!
Hakkı buldun, çok sevindim Senin arzun gerçekleşdi,
Kader gibi unutulsun azar-bezarın, Yunusum!

Hasret çektim güller gibi Sene kovuşmakçün ben,
Oldum bu karip dünyada Seninn yazarın, Yunusum!
Dergahına geldim Senin kulun bugün Seni ister
Nerde kaldı söyle görüm, Senin mezarın, Yunusum?!

19 Kasım 2016 yıl. Bakü, Azerbaycan

Yoxdu Ehtiyacın Sənin, Ay Allah! / Kamran Murquxov

Tarixlər boyunca, əsrlər boyu,
Yoxdu ehtiyacın sənin, ay Allah!
Gördük fəlsəfəin öyrəndik bu gün,
Arpanın, buğdanın, dənin, ay Allah!

Fərhada göstərdin, Şirinə göstər,
Müsəlman olanın birinə göstər.
Səmtini göstərdin, yerini göstər,
Dumanın, çiskinin, çənin, ay Allah!

Dağıt həsrətləri ovsunlu gözdən,
Bal kimi süzülüb, tökülən gözdən.
Qəmzəli baxışdan, aylı bir üzdən,
Yox eylə kədərin, qəmin, ay Allah!

Sevək sevənlərin əziz xətrini,
Həlqəyə düzməyək şerin sətrini.
Gərək ki, bu gündən bilək qədrini,
Bütövün, yarımın, tənin, ay Allah!

Bir nurlu baxışdan var eyləmisən,
Dağların başını qar eyləmisən.
İki sevən qəlbi yar eyləmisən,
Ucadı məqamın sənin, ay Allah!

Kamran MURQUZOV
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

* * * * *


Rafiq Oday

Sən Yer Adami Deyilsən / Rafiq Oday

Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat səni düşürməsin,
Heç zaman gözündən, gözəl.

Bu necə bir gözəllikdi? –
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.

Baxırsan həyat dolusu,
Qadınsan – adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.

Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı deyirsən?!

Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni görən zindan sanır,
Düzü, dünyanı özünə.

Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.

Düşür Qarmağa  / Rafiq Oday

Ölümün gözləri gülür, –
Cavanlar düşür qarmağa.
Yağlılar eyş-işrətində,
Yavanlar düşür qarmağa…

Önümüzə hər tip çıxır,
Xeyir çıxır, şər tip çıxır.
Bicəngələr çərtib çıxır,
“Avam”lar düşür qarmağa.

Bir gün ağı, bir gün layla,
Üzümüz gülməyir ayla,
Kim desə ki, bu dünyayla
Davam var, düşür qarmağa.

* * * * *


Qafqaz Əvəzoğlu

Şuşam! / Qafqaz Əvəzoğlu

8 may 1992 – Şuşanın işğal günüdür

Nadan gözlərində qiymətsiz oldun,
Dönüb oyuncağa satılan Şuşam!
Alışdın bir anda, yandın bir anda,
Ocaqtək qalanıb çatılan Şuşam,
Dönüb oyuncağa satılan Şuşam!

Şuşa alınarsa bir paslı güllə,
Vurmayıb başına söz verən hələ…
Dönüb ümidlərim tamam müşkülə,
Düşən yuvasından pərən bir quşam,
Dönüb oyuncağa satılan Şuşam!

Tər güllü qucağın, çiçəkli çölün,
Qanına bələndi neçə oğulun –
Didəmdə yurd salıb sovrulan külün,
Qəlbindən gözünə süzülən yaşam,
Dönüb oyuncağa satılan Şuşam!

Hələ bir kimsəyə çatmayır ünün,
Hələ bir zülmətdi hər gələn günün.
Sinəsi gülləli neçə büstünün,
Ümid qığılcımı sönür hər axşam,
Dönüb oyuncağa satılan Şuşam!

Olmasa bu qədər qeyrət çəkənin,
Qoynuna qayıtmaq gümandı sənin!
İnanıb vədinə yadın, özgənin,
Hələ xəyallarla qucaqlaşmışam,
Dönüb oyuncağa satılan Şuşam!

1995.

Qubadlimin / Qafqaz Əvəzoğlu

=1988-ci ildə Qubadlıda bir dəfə də olmayan
dostum Avasət məktubunda yazmışdı:
“Qubadlıya gəlmək istəyirəm, Qubadlı gözəlmi?..”

Qubadlı gözəlmi?! – soruşan dostum,
Bir başqa büsatı var Qubadlımın!
Qışı da gözəldi, yazı da gözəl,
Özün gəl, hüsnünü gör Qubadlımın!

Buludlar “Hərtiz”i, “Səngər”i öpür,
Həkəri, Bərgüşad çağlayıb ötür.
Tələs, əziz dostum, tez ayaq götür,
Özünü çölünə vur Qubadlımın!

Dağlardan seyr eylə gen dərələri,
Laləli, nərgizli biçənəkləri,
Qalxıb bələnləri, aş gədikləri,
Düzündə köhlənin yor Qubadlımın!

Bərabər baş çəkək biz oymaqlara,
Dönək meşələrə, buz bulaqlara…
Qulluq eyləmişik çox qonaqlara,
Olmarıq gözündə xar Qubadlımın!

Mərdi-mərdanədir oğulu-qızı,
İtirməz kəsdiyi çörəyi-duzu,
Bizə qonaq gələn getməz narazı,
Bal dadar qoynunda şor Qubadlımın!

Nəbisi, Həcəri dillər əzbəri,
Bizlərin himnidir illərdən bəri.
Dünyaya verdiyi şəxsiyyətləri,
Ediblər adını car Qubadlımın!..

Gəl ki Əvəzoğlu sevinsin-gülsün,
Sənin qulluğunda okivar dursun…
Amma bir sözüm var, gözündən olsun,
Kim baxsa hüsnünə xor Qubadlımın!!

1988

Körpəm / Qafqaz Əvəzoğlu


Oturub önümdə 
muncuq gözlərində həyat işığı
Çiçəklərdən daha gözəl bir körpə.
Baxır minbir sualla,
Kədər çökmüş üzümə.
Gizlətməyə çalışsam, alınarmı?!
Bilmirəm…

Baxıb üzündəki məsum suala,
Çalışıram az da olsa gülməyə,
İnanmadın bilirəm,
inanma, körpəm…
Ağrılar asanca yox olub getmir,
Böyüyüncə sən də öyrənəcəksən…

Gizlədə bilmirəm indi gözümü,
Mənim kədərimə şahid olursan…
Dilim susa bilər…
ruhum kirimir.
Tələsmə böyüməyə
Uşaq qal, körpəm,
Böyümək həmişə sevinc gətirmir…

Tanrıdan bir dilək haqqım olsaydı əgər,
Yəqin bu dünyadan qəmi alardım…
Yığıb xoş anları, xoşbəxt günləri,
Körpə əllərinə bağışlayardım…

İndi ağrıları sıxıb dişimə, 
Üzünə dodaqla gülümsəyirəm.
Gözlərim gülmədi bunu bilirsən, 
Bilirsən və qarşılıq vermirsən körpəm…
Gül körpəm, qəhqəhələrin dünyaya dönsün,
gül ki, gülüşlərin dərman kimidi…
gül ki, mənim yorulmuş ruhum,
bəlkə gözlərinə baxıb kiridi…

11.05.2018

***

Çoxmu maraqlıdır səndən sonra nəyim var?!
Qarışıq yuxularım var,
çılğın səksəkələrim.
Yollarda ilişib qalan yorğun
baxışlarım var,
yerli-yersiz uşaqca ümidlərim.

Çoxmu maraqlıdır səndən sonra necədi həyat?!
Dumanlı səhərlər var, yağışlı günlər
Şəhərin üstünü almış qara buludlar.
Fikirli başlayan mənasız günlər,
Birdə səni xəyal edən üzgün axşamlar.

2015

* * * * *


Şəfa Eyva

Çıxıb Getmək Var / Şəfa Eyvaz

* * *

Çıxıb getmək var… bacarsan
Çıxıb getmək var bir də
Ətrin hopmuş bu şəhərdən.
Həsrətli baxışları
yığıb küncdən, bucaqdan
kimsəsiz döngələrdən.
Sıxmaq var susqunluğu
Dişlərində qəhərdən.
Çıxıb getmək var bir də
bu şəhərdən,
Gedə bilsən…
Çıxıb getmək var
səndən,
Sənə bağlı xatirələrdən.
Ömür dediyin uzun deyil,
Düşüncənin bir yerində
bütün  bağlar qırılır…
Yenidən sevmək üçün
gücü yetmir ürəyin
qopub səndən, özündən
yeni liman axtarsın…
Çıxıb getmək var,
amma
getməyin də növü var.
Unudulmaq itkidir,
Unutmaqsa intihar!
Çıxıb getmək var,
Çıxıb getmək… bacarsan.

2015-2018

Tənhalar /Şəfa Eyvaz

Kimsəsiz bir adadır,
Bu dünyada tənhalar.
Sağı-solu sevgidi.
Sevgiyə addım atmaq,

Tənhalığa ölümdü.
Mübarizə istəyir,
Yeni ömrə başlamaq.
Kimsəsiz bir adadır,

Bu dünyada tənhalar.
Sağı-solu sevgidi.
Sevgi bəzən qazancdır,
Sevgi bəzən itkidir…

Bu dünyada sevginin
Çoxluğu da qorxudu.
İnsan bəzən lap elə
Sevgidən də boğulur…

04.05.2018

Sən Yağış Deyilsən Ki?! /Şəfa Eyvaz

Sən yağış deyilsən ki?!
Yenə yağış yağır,
Sən düşürsən yadıma.
“Necəsən, əzizim?

Bayırda deyilsən ki?!”
Yenə yağış yağır,
Bürünüb plaşıma,
Səni düşünürəm…

Görəsən, sənə soyuq deyil ki?
Yenə yağış yağır,
Yadıma, yaddaşıma.
Yağışdan qoxun gəlir,
Sən yağış deyilsən ki?!

06.06.2016

* * * * *


Şəfa Vəliyeva

Salam  / Şəfa Vəliyeva

***
salam, cənab dirijor!
saxla əlini bir az…
daha oxumasın xor,
eşqsiz oxumaq olmaz!

adam eşqdən oxuyar,
adam dərdi söyləyər…
gün gələr, dən qoxuyar
daraqtanımaz tellər…

ver, qırıb atacağam
“sehrsiz çubuğunu”…
sənə anladacağam
eşqin nə olduğunu…

dayan, cənab dirijor!
dinlə..
bu səs eşqindi…
ruhumuzda bəyazlar,
məsum həvəs eşqindi…

dəyişək yerimizi…
mən sevilim, sən də sev…
bizə yetər sevgimiz,
bir kitab, bir taxta ev…

gülüşümlə yu, axıt
üzündəki qrimi…
sən heyrət etdiyim büt,
mən-eşqin din xadimi!

Poçtalyona Məktub / Şəfa Vəliyeva

Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon…
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon…

Dəyişik sal o ünvanı,
Başqa qapını silkələ…
O ağlayaraq oxuyar,
Başqaları gülə-gülə…

Qaytar geri günahımı,
Savabın da qoy bu olsun…
Girmə mənim günahıma,
Qıyma ki, gözləri dolsun…

Qaytar geri məktubumu…
Gəldiyi ünvana göndər…
Vallah, ağladacaq onu,
Titrəyəcək açan əllər…

Hirsini sənə tökəcək…
Ayrılıqdan yaman qorxar…
Ümid evini sökəcək,
Çətin bir də təzdən qurar…

Qaytar, poçtalyon, qaytar,
Vallah, mən də ağlayacam…
Ona doğru gedən yollar
Bu məktubla bağlanacaq…

Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon…
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon…

Şəfa VƏLİYEVA,

Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

* * * * *


Kənan Aydınoğlu

Azərbaycanın / Kənan Aydınoğlu

Müstəqil müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası münasibətilə!

Ruhuma dopdoğma duyğular kimi,
Sevinir Xəzəri Azərbaycanın.
İslam dünyasında sülh tərəfdarı,
Tanınır səfəri Azərbaycanın.

Günü başlayasan Haqqın sözündən,
Aləm yaradasan, dünya, özündən.
Şükürlər olsun ki, yenə gözündən,
Dağılır kədəri Azərbaycanın.

Yenə dilə gəldi könlümün simi,
Dar günə düşəndə çağırım kimi?!
Gözümün önündə qapılar kimi,
Açılır səhəri Azərbaycanın.

Danışma sən mənə o Şah Qacardan,
Könlümü oxşayan bu ilk bahardan.
Bu doğma torpaqdan, doğma diyardan,
Duyulur zəfəri Azərbaycanın.

Bax, sevinc sevincə qarışır bu gün,
Küsülü qalanlar barışır bu gün,
Körpətək dil açıb danışır bu gün,
Kəndi və şəhəri Azərbaycanın.

Qan tökmək Vətənçün-ömrə yazılıb,
Dünya xəritəsi çoxdan cızılıb.
Unutma, dünyada dərin qazılıb,
Cəbhəsi, səngəri Azərbaycanın.

Haqqın ünvanıdı-könlü ahadı,
Xitabı, nidası vəzir, şahadı.
Hər sözü gövhərdən, ləldən bahadı,
Yoxdu ki, zəhəri Azərbaycanın.

Köksünü ötürdü həftələrlə il,
Qərib bir diyara olmaz ki, meyil,
Dünya dağılsa da, soyuyan deyil,
Qəlbinin təpəri Azərbaycanın.

Gerçəyə çevrilən diləyim kimi,
Səcdəyə qapanan mələyim kimi,
Köksümdə döyünür ürəyim kimi,
Obası, elləri Azərbaycanın.

Göz yaşım süzülüb qarışır selə,
Bu qara yellər də əsməsin belə,
Qoşqartək vüqarlı boylanır elə,
Dənizi, gölləri Azərbaycanın.

Mayası yoğrulmaz qəmdən, kədərdən,
Razıdı yazılan ömür, qədərdən,
Şükür ki, ötməyib bu gün hədərdən,
Ayları, illəri Azərbaycanın.

Mən hələ Gəncədən söhbət açmıram,
Sözümü ortada qoyub, qaçmıram.
Süleyman mülkündən hələ köçmürəm,
Gözəldi gülləri Azərbaycanın.

Dünyanın yolunu Haqqa döndərin,
Sevgidən bir pay da mənə göndərin.
Çiçəklər ölkəsi-ULU ÖNDƏRİN,-
Möhtəşəm əsəri-Azərbaycanın.

Haqqın vergisinə Haqq kimi baxan,
Dağılmış evlərdə min büsat quran.
Elə arxalanan, elə inanan,
Yaşasın RƏHBƏRİ Azərbaycanın.

Kənan AYDINOĞLU,        

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 100 eseri bulunmaktadır.