Dan Ağlar, Ağlar / Osman Fermanoğlu
Paşam, gecələrin zəhmi ağırdı,
Qönçə bələyində dan ağlar, ağlar.
Yükləyən yükləyir ürək fağırdı,-
Nəfəsi təngiyən can ağlar, ağlar.
Başı qoltuqdadı qayğı çəkənin,
Sözündə güc qalmaz töycü tökənin.
Gedən eyninə də gəlməz nökərin,-
Ölkəsi talanan xan ağlar, ağlar…
Kərəm yetə biməz Əsli köçünə,
Həsrəti boynuna taxıb keçinər…
Yollara baxmaqdan gözün içinə
Sağılar qırmızı qan ağlar, ağlar.
Pozular yollarda ömrün salğarı,
Verdiyi vədini danar çoxları.
Alınar əlindən qoca dağları,–
İllərin halına an ağlar, ağlar.
Osman, eyni donda haqsız, haqlılar,
Çəksin öz başına əli yağlılar…
Bu günün sabaha yolu bağlanar,
Dünənində şöhrət, şan ağlar, ağlar.
28 dekabr 2017