DergiZan

Yazı ve Sanat Ülkesi

Şəhid Xanımların Ağrısı / Ulkər Nicatlı

Çiçək-çiçək balalarını
basıb bağrına,
Söykənib qərib-qərib
Qəlbinin ağrılarına.
Nakam sevgisinin adını
Sıxıb dodaqlarına
Bir gəlin ağlayır.

Ürəyinin ağrısı
məlul-məlul
boylanır baxışından
Dünyanın
qırçın-qırçın dərdi,kədəri
göyərir göz yaşından.
Alın yazısı utanır,
utanır alnının qırışından.
Bir gəlin ağlayır-
ömrümün xəzan olmuş baharına.
Bəxtinin güneyində
güllələnmiş arzularına
bir gəlin ağlayır…

Qəfil şaxta düşüb
qəlbindəki nakam
sevgi çiçəyinə.
Dərdin,kədərinə
göylərindən
əlçim-əlçim qar yağır
telinə,birçəyinə…

Bir gəlin ağlayır,
ahını göz yaşlarına
büküb,
səpir üzünə yolların.
Kirpikləriylə fələk rəsmini çəkir
gözlərində avar çəkən ağrıların.

Bir gəlin ağlayır,
üzünü söykəyib
adından vətən ətri gələn
bir igidin başdaşına.
Bu şehid məzarından
hünər nəğməsinin
əksi düşür
onun göz yaşına…

Bu gəlinin
göz yaşlarını silməyə,
bir əlçim ümid ver,
Vətən,
qoy bu mezarın əlləri
uşuməsin…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 10 eseri bulunmaktadır.