Ananın Ağısı / Fidan Malik
“I Qarabağ döyüşləri”ndə Şəhid olmuş Rasim Cəbrayılov’un simasında bütün şəhidlərin əziz xatirəsinə və onların nur üzlü analarına ithaf edilir!
Soyuq, ayazlı bir qış günündə
Bir cüt sürmə gözlü bala həsrətilə
Lay-lay avazıyla
Sac üstə bişirdiyi yağlı fətirin
Balama qalsın, deyibən ana,
Körpə quzusunu əzizləyən tək
Bəsləyə-bəsləyə örtdü üstünü
Günlərlə yol çəkdi gözü ananın
Hər qapı zəngi, hər ayaq səsi
İçinə qor saldı, tükətdi səbrin
Nə biləydi içindəki bu fırtınanın
Bir ucu da orda, sovurur, kəsir
Körpə balasının əlin-ayağın
Meşənin ortası, hər yer qaranlıq
Günlərlə yağan qar çatıbdır dizə
Orda bir əsgər, düşmənlə göz-gözə
Əldə nə sursat var, nə də azuqə
Haqlayıb iki ayaqlı çaqqallar, qurdun oğlunu
Qanına susayıblar Türkün oğlunun
Bir atəş, bir mərmi…
Sükut pozuldu.
Bir çinar bədəni yerlə bir oldu
Hə, bir də səpildi ətrafa it cəmdəkləri
Axır ki, qapının zəngi çalındı.
Əl qatdı sevincdən özünə ana
Qoynu balasız boş qaldı o gün
Xınası əlindən silindi o gün
Sərvi boylu, sürmə gözlü bala yerinə
Kəsilmiş çinarla ovundu o gün