DergiZan

Yazı ve Sanat Ülkesi

Hər Kəsin Yarası Özünə Görə Dərindir / Fidan Malik

Hər kəsin yarası özünə görə dərindir- ifadəsini ilk dəfə eşitdiyimdə, o an bəlkə mənim üçün böyük bir məna kəsb etməmişdi. Əslində hər eşitdiyimiz söz, gördüyümüz hadisə bir kitab, bir film kimidir. Bəzən həmin an, bəzən də onun təkrar oxunuşu, izləyişi zamanı bizə lazım ola biləcək məlumatı beynimizə, ürəyimizə həkk edir. İnsanlar təkcə uğurları ilə deyil, eyni zamanda çəkdikləri ağri-acıyla da yarışır. Bu yarışmaq hissi, həvəsi fərq edilmək istəyi, özünə güvənsizlik və s. səbəblərdən ola bilər. O qədəri artıq psixoloqlarin ixtiyarına qalsın. Nəticədə bu gün, bu sahə üzrə bu məsələləri daha yaxşı təhlil edə biləcək mütəxəssislər vardır. 

Bəs görəsən bir insanın yarası nə qədər dərin ola bilər?… Məsəl var ki, insanın canı ağrıdığı yerdədir. Yəni divin canı şüşədə olduğu kimi, bizim də naxoş olub, dişimizin, başımızın ağrıdığı zaman, canımızın məhz orada olduğunu hiss edirik. Eynilə yaralarımız kimi. Hansı yaramız daha dərindirsə biz həmin zaman aralığında ilişib qalır, oradan isə ya özümüzdə güc tapıb çıxır, ya da təslim olub, özümüzü o dərinliyin sonsuzluğuna məhkum edirik.

Eşitdiyim bir hadisədə üç qadın, öz aralarında bu həyatdan aldıqları zərbələri ilə bağlı söhbət edərkən, söhbət mübahisəyə çevrilir. Hərəsi qarşısındakını,- “mənim nə çəkdiyimi bilirsinizmi? Siz mənim yaşadıqlarımı yaşasaydınız çoxdan dəlixanalıq olmuşdunuz”, -deyə digərlərini susdurmağa çalışır. Mübahisə qızışır. Hər biri digərinin onun yaşadıqlarının ucuz bir şey olduğunu iddia etməyə çalışdıgını düşünür. Çünki insan acılarını da, yaşadığı xoş hadisələr, ugurları kimi hər zaman göz bəbəyi kimi qoruyur. Onu özü üçün əzizləşdirir. Zaman-zaman cıxarıb tozunu alır, yenidən yerinə ehtiyatla yerləşdirir. Naftalinlənmiş sandıq xatirəsi kimi. Naftalinin iyi burnuna xoş gəlməsə belə, əşyanın kənarlarını sandıq sarısı kəssə belə onu ata bilmir. Yenidən üstünü basdırır, sandığın qapagını örtür. Çünki o yaralarla ayaqda durduğunu, onlarla var olduğunu zənn edir. Onlarla gücləndiyini düşünür. Əslində bəzən həqiqətən də yaşadıqlarımız bizi biz edir, təəssüf ki, bəzən də bizi bizdən edir. Beləcə üç qadın söz-söhbətlə bir-birindən ayrılır. Bir müddət ara verdikdən sonra üçü də sakitləşir. Yenidən danışır, barışırlar. Çünki üçünün də eyni şeyi, sadəcə fərqli düşüncə ilə dediklərini anlayırlar. Deyildiyi kimi, görünür zaman həqiqətən hər şeyi yerbəyer edirmiş.

Bu gün həyat sanki bir göstəriş, bir yarış üzərində davam edir. Yaxşılığın göstərişi, gücün göstərişi, kimin daha çox xöşbəxt, kimin daha çox dərdli olma yarışı, bir-birinə nə isə sübut etmək hirsi, dinləmək yerinə kəsib, silib atmaq təlaşı, insanları bir-birindən uzaqlaşdıran hündür hasarlar, dəmir qapılar, səs keçirməyən plastik pəncərələr, hündür göydələnlər, hətta bayram adətilə qapıya atılan papaqları əvəz edən cığara torbalar. Qayəsindən, əqidəsindən, duyduğu mənəvi ehtiyacından asılı olmayaraq, hər biri bir insan taleyi, hər birinin bir yaşanmışlığı, hər birinin az ya çox yarası, acı və ya şirin xatirəsi vardır. Ən pis insan belə dinlənilmək istəyir. Onu görsünlər, eşitsinlər istəyir. Onların belə özlərinə görə dərin yaraları vardır. Bəlkə insanlar bir-birini mühakimə etmədən, özünü haqlı çıxarmağa çalışmadan dinləyə bilsəydi, “Babil Qülləsi” də yarımçıq qalmazdı. 

Aylardır zəlzələdə əzizlərini, evlərini, ümidlərini itirən insanlar. Hansının yarası görəsən daha ağırdır? Üç övladından birini itirdiyi üçün digər ikisinin sağ qalmasına sevinə bilməyən ananın, yoxsa anasının nə ölüsünü, nə dirisini tapmayan övladın, qızının buzlamış əlini buraxa bilməyən atanın, bir büllur qab kimi toxunmağa cürət etmədiyi nişanlısına qovuşmadan vidalaşan bir gəncin, illərdir ev həsrəti çəkib, ağzından, əynindən kəsib, nəhayət ev alıb yerləşən, lakin doya-doya oturmayan, xəyalları puç olan insanın? Deyəcəksiz, əlbəttə ki, əzizini itirən birinin. Amma yenə də heç kəs bilə bilməz, kimin yarası daha dərindir. “Xocalı soyqırım” na uğrayan insanlar və ya evsiz eşiksiz qalıb dünya boyunca sovrulan, min əziyyətə qatlaşan, hər yerdən hər yerə səpələnən qaçqın-köçkünlər, Afrika çöllərində bir damla suyu nemət bilib sevinən körpələr, evə məcburiyyətdən gec qayıdarkən avtobusda, yolda təcavüzə uğrayan gənc qızlar, bir igid olmaq varkən, cinsiyyətini müəyyənləşdirə bilməyən gənc oğlanlar, ya ehtiyacdan, ya yiyəsizlikdən satılan və ya özünü satan qadınlar, işləmək məcburiyyəti olduğu üçün içindəki bilik potensialını böğub ailəni dolandırmaq uğruna ümidləri boşa çıxmış insanlar, bir oyuncaq dükanının pəncərəsini çöl tərəfdən, aclıq qoxmuş nəfəsiylə qışın soyuğunda tərlədən küçədəki uşaq… Əcəba kimin yarası daha dərindir?

Deyəcəksiz bayram günü bu nə dərd yazısıdı?… Amma bu bayram belə birilərinin acı çəkməsi sayəsində qeyd edilmirmi? Ziyalımız Şıxəli Qurbanovun 1960 ci illərdə canı bahasına Sovetlər Birliyinə “Novruz Bayramı” nın dini bayram olmadığını (din qadağaları olduğu üçün) sübut etməyə çalışması, onun yenidən milli bayram kimi rəsmiləşdirilməsi çabaları sayəsində qeyd edilmirmi? Bu gün “44 günlük müharibə”nin, ondan öncəki döyüşlərin baş verdiyi torpaqlarımızda qalanan bayram tonqalları orada yaşanan acılar, ağrılar, tökülən qanlar sayəsində deyilmi? Bir övladın ayağa qalxıb yeriməsi, bir ananın süd verərkən sızlayan döşlərinin ağrısı, yuxusuz gecələri, bir ixtiranın ərsəyə gəlməsi günlərlə iş otaqlarında tədqiqat aparan alimin əziyyətləri, bəhbəhlə yediyimiz təamların mətbəxdə bir aşbaz və ya köməkçilərinin əlinin dəfələrlə sobada xəfif, ya ağır yanıqları, bıcaqla kəsilməsi, təmiz-təkin bir yerdə oturarkən, oranı yığışdıran bir insanın bəzən utanaraq, bəzən iyrənərək yığışdırması, yaşadığımız bir binanın konfortu fəhləsinin daşıdığı ağırlıqlar, belinin ağrısı, əlinin qabarları, bir həkimin etdiyi əməliyyatdan sonra, işinin illərdir peşəkarı olmasına rəgmən keçirdiyi həyəcandan dolayı əllərinin əsməsi, bir dövlət başçısının sakit, təmkinli duruşu arxasında hər şeyin öhdəsindən laiyiqincə gələ bilmək narahatlığı sayəsində deyilmi? Demək ki, hər birimizin əziyyətimiz, dərdimiz, qaygılarımız özümüzə görə çətin və dərin olduğu ilə bərabər, həm də qiymətlidir.

Yaşadıqlarınız yarasız, xatirələriniz şirin, bayramınız mübarək olsun!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 7 eseri bulunmaktadır.