DergiZan

Yazı ve Sanat Ülkesi

Dokuz Şiir / Osman Fermanoğlu

Görünür

Paşam, bu da bir ayrı iş,
Bütövlər para görünür.
Deyən, eyləyirik vərdiş,
Ağlar da qara görünür.

Qalsaq da qulağı səsdə,
Səssizlik durubdu qəsdə.
Əlini qoy qaşın üstə,–
Boylan, gör hara görünür?

Nədi ürəyinə daman?
Gədiklərə çökür duman.
Nə Arpaçay, nə Xançoban,
Nə itkin Sara görünür.

Gedənə bax, el köçündə,
Alacağı varmış Çin’də…
Çölü bər- bəzək içində,
Könlündə yara görünür.

Osman, vaxt öcünü alır,
Tək qara qul deyən qalır.
Nə ağla gəlməyən qalır,
Nə dərdə çara görünür.

13 dekabr 2018.

 

Havasıdı

Bu Şuşa deyilən içim boydadı,
Qulağımı dələn key havasıdı.
Yaşadığım ömür köçüm boydadı,
Yellənib sallanan döy havasıdı.

Qarnı doyanların gözləridi ac,
Çaqqal dişindədi sürüsüz arxac.
Dolaşıq düşübdü ərişlə arğac,
Piltəni çağıran iy havasıdı…

Kimdi nağara tək dizini döyən,
Canını yandıran sözünü döyən?
Şəhid anasının üzünə dəyən
Nəfəssiz çalınan ney havasıdı.

Dərddən havalanan bəxtəvərə bax,
Görənlər söylənər dərdi- səri yox…
Ayaq basacağı yerdə yeri yox,–
Ağlını uçuran göy havasıdı…

Osman, sinəmizdə çoxdan olub dağ,
Bu dağla kimsənin üzü olmaz ağ…
Sovxa paltar kimi qoca Qarabağ,
Güvələrə qalan bəy havasıdı…

18 dekabr 2018.

 

Nolar, Qıyma

 

Nolar, qıyma ağrılardan qor alım,

Dərdlər dərdi çəkən səfdə gözləyim.
Oxunmayan kitab kimi saralım,-
Toz içində itən rəfdə gözləyim.

Ayağının izi gəlir küçəylə,
Özün də gəl, inadına güc eylə…
Sən o yanda sarmaşıqsan gecəylə,
Mən donaraq bu tərəfdə gözləyim?

Gözlərində məhəbbətin ovsunu,
Ov gəzərkən ov eyləmə ovçunu.
Necə dedin, “yalayarsan ovcunu”,-
Dodaqlarım çəkən “kefdə” gözləyim.

Kirpiyindən çıxan oxlar bir para,
Hərəsindən könlüm alar yüz yara.
Gözlərində yollanaraq bi yara,
Razıyam ki, ömrü müftə gözləyim.

Osman sənə öz ömrünü verəli,
Dəlilər də çox oldular bir dəli…
Səndən ayrı bir başıdı, bir əli,
Di qoy səni quru “dəfdə” gözləyim.

19 dekabr 2018.

 

 

Tərsinə

Paşam, bu adamlar dəli olublar,
Yenə də sözləri gəlir tərsinə.
Özləri kiminsə əli olublar,
Bilmirlər işlərin düzü, tərsi nə.

Dərin fikirlərin yeri dərindi,
Özgə qapılardan yığıb dər indi.
Saman doldurulan sənin dərindi,
Başın buğ içində, tərdi, tər, sinə.

Osman, ölən kəsi bükərlər ağla,
Təsəlli verərlər qaraya ağla…
Sözün təzəsi də gəlməz hər ağla,
Tər sözün yeri də olar tər sinə.

21 dekabr 2018.

Yan – Yaxıl

Unumuz kündə tutmur,
Urvasızıq, yan-yaxıl.
Dilimiz sözə yatmır,
Duasızıq, yan-yaxıl.

Paslı araba şini,
Çəkmir dərd yerişini.
Hər yan xaraba kimi,
Obasızıq yan-yaxıl.

Əzib canda puçuru,
Dizimizi qucuruq…
Göyərçin uçururuq,
Davasızıq, yan-yaxıl.

Kimlə kəlmə kəsirik,
Titrəyirik, əsirik…
Evimizdə əsirik,
Yuvasızıq, yan-yaxıl.

Düzdə quruca adıq,
Varıb xoşbəxt olmadıq..
Osman, sınmış qanadıq,
Çabasızıq, yan-yaxıl.

22 dekabr 2018.

 

Sıxılanda

Paşam, gedəni yox, gələni yoxsa,
Düzü yedəkləyər yol sıxılanda.
Bir kərə üzünə güləni yoxsa,
Sözü didikləyər dil sıxılanda…

Balıq yem gəzəndə keçər tilova,
Suyun durusunda çevrilər ova…
Dözməz içindəki qara qaç-qova,
Közü ətəkləyər el sıxılanda…

Əllər yetişməsə tanış üzlərə,-
Qulağı şəklənər gələn səslərə.
Görsə, çabalayır havayı yerə,
Dizi kötəkləyər qol sıxılanda.

Alan çox, satan çox indi ölkədə,
Rahat yaşayarlar düşən kölgədə.
Nə vaxtsa hayına çatıb, bəlkə də,
Xızır da ləhləyər qul sıxılanda.

Osman, qında yanar çox arzuların,
Qalarlar içində boranın, qarın…
Səni aparmağa gələn yolların
Gözü küləkləyər çöl sıxılanda.

24 dekabr 2018.

 

Gələrsən

Paşam, günün gözlərindən boylanar,
Su durular, sən də vecə gələrsən…
Yavaş-yavaş içdən çölə haylanar,
Döngələr də olar küçə, gələrsən.

Ürəyinə şoxu düşər gündüzün,
Gözlərinlə göz oxşayar gül üzün.
Gəlişinlə gözə gülər günüzü,
Tanrı nuru düşən gecə gələrsən.

Osman, çəkər hər könülü bir işıq,
İşıq olar könlə gözə yaraşıq…
Saz üstündə vəcdə gələr bir aşıq,
Köç havası dinən köçə gələrsən.

28 dekabr 2018.

 

 

O Yanda Qaldı

Paşam, indən sonra ömrü çözələ;
Yarı “yat” da getdi, “oyanda” qaldı.
Beləcə çəkərək köçü mənzilə,
Uzun bildiklərim oy, anda qaldı.

Ələnən günlərin azı qalandı,
Sinəm körükləndi, oda qalandı.
Elə bil içiblər var-get, qal andı;
Uralanan canım, oy anda qaldı.

Hopdu ev-eşiyə yenə qış dadı,
Dərdin torbaları gələn qışdadı.
Don vuran ümidlər çöldə qışdadı,
Zərrə işartılar o yanda qaldı…

Osman, getdi bir il bir çimir təki,
Seçmədi qoşanı, seçmədi təki.
Gələn il uğurlu gələydi təki,
Ömrüm ürəyimi oyanda qaldı.

30 dekabr 2018

 

Gələn İlin Yağışlı Şeiri

Paşam, küçələrdə kif havası var,
Hər gələn fərmanın baratı olmaz…
Yanan ürəklərdə dərd yuvası var,
Sevincin bu qədər barıtı olmaz.

Bozarmış üzlərdən tökülər yuxu,
Gedəcəyi səmti itirər çoxu…
Əkin yerlərini bürüyər qorxu,-
Çöllərin bu qədər aratı olmaz.

Göylərdən ələnən yağış mı, su mu,
Taxılın torpaqda çürüyər tumu…
Adlamaq çətindi palçıqlı şumu,-
Hər keçən kişinin Qıratı olmaz.

Cin düyünü düyər iynəylə, sapla,
Çəkərlər sığala yüz hapla-gopla…
Donuzlar darıdan çıxmaz kitabla;
Zaburu, İncili, Tovratı olmaz…

Osman, Tanrı özü atıb bizləri,
İlgəkdi boyunda dilin sözləri…
Nə qədər üz görüb, görən, üzləri,
Padoşun bu qədər suratı olmaz.

31 dekabr 2018

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları