DergiZan

Yazı ve Sanat Ülkesi

Hədiyyə / Fidan Malik

Xəfif cırıltı səsilə ehtiyatla açılan qapının arasından içəri balaca bir kölgə daxil oldu. Daha doğrusu kölgə kimi daxil oldu. Salamlaşıb keçib, sakitcə həmişəki yerində, balaca taxta stulunda əyləşdi.  Darıxdığından altındakı döşəkçəni götürüb  yanındakı plasmas ayaqqabı rəfinə qoydu. Əlindəki çantanı da oturduğu stulun ayağına söykədi. Otaqdan həmişəki kimi aseton, yapışqan, rezin, dəri, ayaqqabı boyası, geyinilmiş ayaqqabıların özünəməxsus qoxusu gəlirdi. Başqa cür ola da bilməzdi. Çünki bura bir çəkməçinin balaca dünyası, budkası idi. Otaq dedikdə iki adamın güclə sığacağı, tavanı adam boyunda bir budka idi. Budkanın gün işığının girə biləcəyi qədər düzbucaqlı pəncərəsi mailli açıq olub, azacıq da olsa bu balaca yeri kəskin iylərdən havalandırırdı. Budkanın tən ortasında isə ən az özü qədər yaşı olan çilingər masasının arxasında, gördüyü işindən dolayı təbii rəngi bir az da tündləşmiş brezent önlüklü yaşlı adam əyləşmişdi. O, əlindəki işini dayandırmadan eynəyinin altından baxaraq təbəssümlə balaca qonağını salamladı. Balaca qonağa həmişə elə gəlirdi ki, yaşlı çəkməçi sanki bu budkanın içində doğulmuş, orada yurd salmışdı. Onu sübh açılandan hava qaralanadək hər kəs burada görürdü. Əslində qismən də olsa elə idi. Atası, ağlı kəsəndən bəri onu bu sənəti öyrənməsi üçün aparıb  ustaya həvalə etmiş ki, əlində sənəti, daima çörəyi olsun. Beləcə də ömrü bu sənətə bağlanmış, xəyallarını isə xəyal olaraq ürəyinin bir küncünə gizlətmişdir. Onun haqqında çoxu bir şey bilməsə də o, oradakı demək olar ki, hər kəsi yaxşı tanıyırdı. Bəlkə də peşəsindən irəli gəlirdi. Hər yeni gələn üçün ilk gəldiyində usta, usta əmi, kişi və s. idisə, beş dəqiqə ayaq saxladıqdan sonra və ya ilk əl işindən sonra hər kəsin sevimli Sultan əmisi, ustası, Sultan babası olurdu. Çünki böyüklə böyük, kiçiklə kiçik, söhbətcil, ən əsası da işinin həqiqətən ustası idi. Söhbətləri bir dərya qədər zəngin olurdu. Həkimlə həkim, ədəbiyyatçı ilə ədəbiyyatçı, mühəndislə mühəndis idi. Son illər Çinin bir mövsümlük istehsal etdiyi ayaqqabıların axını onun da işini axsatsa da, əsl sənətkar olduğundan özü də dediyi kimi şox şükür dolanırdı.

Bu balaca  da anası ilə gəlib ayaqqabını təmirə qoymuş, götürməyə qayıtdığında isə Sultan babanın söhbətlərilə ovsunlanmış, beləcə bir-birilərinə mehrini salıb dostlaşmışlar.

Elə o gündən balaca dost, təmir lazım oldu olmadı tez-tez ustasına baş çəkər, sonradan isə hər dərsdən sonra onunla məktəb sərgüzəştlərini bölüşməmiş, masanın üstünü səliqəyə salmamış, onunla armudu stəkanda dovşan qanı rəngdə, ətirli noğulnan çay içməmiş evə getməzdi. Elə ustası da ona çox alışmışdı. O dərsdən gələnə yaxın ərinməyib hər gün eyni vaxtda qalxıb balaca dostuna təzə çay dəmləyər, qənd qabını təmiz, rəngbərəng noğullarla doldurardı.

İkisi də bir neçə dəqiqə susduqdan sonra:

-Hə, dostum, dur ikimizə də bir pürrəngi çay süz, içək, təzə çay dəmləmişəm. Çaysız dərd-hal etmək olmur,- deyə sükutu pozdu. Balaca cəld ikisinə də armudu stəkanda çay süzüb qarşılarına qoydu və əyləşdi.

-De gəlsin,- deyib əlindəki işini saxlayıb çayından bir qurtum aldı. Ustasının sözündən gözlərini alma kimi böyüdən balaca, elə bunu gözləyirmiş kimi, amma haradan və necə başlayacağını bilmədiyi və utandığı üçün, -Sultan baba, baba, ba,-deyə kəkələməyə başladı. Halını başa düşən dünya görmüş adam gülümsəyərək:

-Barı gözəldirmi, -deyə soruşduğunda qulaqlarına qədər qızaran balaca, özündən biixtiyar -hə, -dedi və üzünü utandığından az qaldı lap döşəməyə yapışdırsın.

Balaca dostunun bu halına sevgiylə gülən Sultan usta, illər ərzində təmir alətlərilə, yapışqanla işlədiyindən dərisi yanmış, əyilmiş, düyünlənmiş barmağlarılyla onun çənəsindən ehmallı tutub başını qaldırdı, üzünə gülümsəyərək baxdı və:- sevmək gözəl hissdir, ondan utanmazlar, oğul bala. Utanılacaq başqa şeylərdir. Ustasının gözlərindəki o sevgini görən balaca himə bəndmiş kimi bir nəfəsə bülbül kimi aylardır sinifdəki kiçik “pəri qızı”na qəlbində böyütdüyü sevdasından, heyranlığından, yaxın günlərdə isə doğum gününə nə hədiyyə edəcəyinə qərar verə bilmədiyindən ustasına danışdı. O danışdıqca isə ustasının necə gülümsəyərək özünə ikinci stəkan çayı tökdüyünün fərqinə belə varmadı.

-Pəri qızı, eləmi, o qədər gözəldir demək?

-Hə, baba, sənin danışdığın nağıllardakı pəri qızları kimi gözəldir,- dedi və tut yemiş bülbül kimi bir anda duruxdu. Gözləri ustasının gözlərində donub qaldı, İkisi də bir anda şaqqanaq çəkib güldü. Usta, qarşısındakı bu balaca Məcnunun şirin halına gülürdü. Onun varlığı, söhbəti, sevdası bu yaşlı adamın xəzəl kimi saralmış ömrünə bahar istisi gətirmişdi. Balaca dost isə, ustası ilə bölüşərək, aylardır dolub boşalan balaca ürəyinin yükünü yerə qoyub rahatlamışdı. Balacanın artıq bütün sıxıntısı, narahatlığı bir anda yox olmuşdu.

-Hə, onda iş ciddidir, -deyə bığlarını sığallaya-sığallaya dostunun qəlbini qırmamaq üçün yenidən gülməkdən özünü güclə saxlayaraq, -nələri sevir bu pəri qızı, nələrdən xoşu gəlir, de bir görək,- deyə əlindəki ayaqqabının təmirinə davam etdi.

Sultan usta,  çiyinlərini çəkən balacaya, -yaxşı, de görüm, gözəl olduğu qədər də ağıllıdırmı?

-Çox, cox ağıllıdı, -dedi və ustasından xilasedici cavab gözlərcəsinə gözlərini onun üzünə zilləyib dayandı. 

Usta ciddi bir şəkil alaraq:

-Bəlkə ona kitab bağışlayasan?-

-Kitab?-balaca təccübləndi.

-Ağıllı bir qız üçün məncə gözəl hədiyyədi. Mövzusunu da artıq sən seç, -usta əlindəki ayaqqabı tayını yanındakı taxta tumbanın üstünə qoyub, digərini götürdü.

-Düz deyirsən, Balaca Şəhzadə,- deyib birdən yerindən altında yay vamış kimi hoppandı. Onun bu halları ustaya bu gün xüsusi ovqat bəxş etmişdi.

-Balaca Şəhzadə?-usta da guya çaşqınlıqla təkrarladı.

-Hə, Sultan baba, Antuan de Sent-Ekzüperinin Balaca Şahzadəsi. Əminəm onun da çox xoşuna gələcək. Bilirsən nə maraqlı kitabdır, -balaca dost artıq dil boğaza qoymurdu

-“Sənin sevdiyin yeganə çiçək milyonlarla ulduzun heç birində yoxdur. Bu kifayət edər ki, göyə baxıb xoşbəxt olasan”,- usta, üz ifadəsini dəyişmədən cümləsini bitirdikdə, balaca dostu ağzı açıq onu dinləyirdi.

-Sultan baba, sən onu da oxumusan?-heyrətini gizlədə bilməyən balaca dost, ustasına xüsusi bir rəğbət və məmnunluqla baxdı. Bu yaşlı adam hər keçən gün onu təəcübləndirməkdən yorulmur, ona olan ülvi sevgisini artırdıqca artırırdı.

-Bir zamanlar vərəqləmişəm, – gülümsəyərək cavab verdi.

-Səncə xoşuna gələr, -həyəcanını cilovlaya bilməyən qonağı bapbalaca yerdə vurnuxa qalmışdı.

-Məncə çox gözəl seçimdi.

-Çox sağ ol, Sultan baba, hava qaralmamış gedim alım, yoxsa anam deyinəcək,- sözünü bitirməmiş ustasının eynəyin altından bir anda ciddiləşən baxışıyla rastlaşıb,-bilirəm, baba, Cənnət anaların ayaqları altındadır.

-Düzdür! İndi isə get, yolda ehtiyatlı ol, Allaha əmanət olasan!

-Sağ ol, Sultan baba, sabah sənə hər şeyi danışacam,-dedi və cavab belə gözləmədən qapıdan güllə kimi çıxdı. Ustası isə arxasıyca mehribancasına başını bulayaraq, qalxıb pəncərədən boylandı. O həmişə belə edirdi. Yol böyük olmasa da, onun qarşı tərəfə keçdiyindən tam əmin olmaq üçün onu nəzərlərilə yola salırdı. Bu dəfə də baxdı, amma nədənsə  qəhərləndi…

Balaca bir nəfəsə evə çatıb, zəngi durmadan çaldı. Qapını anası tədirgin halda açıb üstünə çəmkirdi,-nə olub, nə haraydı.

-Ana, salam, tələsirəm.

-Hara gedirsən, ay bala?

-Mağazaya, ana, kitab mağazasına, beş dəqiqəyə gedib gələcəm.

-Nə kitab, otaq doludu kitabnan, keç içəri, atan bir azdan gələcək.

-Ana, xahiş edirəm, beş dəqiqəyə gələcəm, söz verirəm. Atam gələnəcən gəlib çatacam.

-Mənim boş şeylərə artıq pulum yoxdu, -deyə otağa hirslə keçdi.

-Ana, səndən istəmirəm, öz daxılımdan çıxaracam, xahiş edirəm, icazə ver,- deyə anasının arxasınca otağa girib, o tərəf bu tərəfinə döyükməyə başladı.

-Özün bil, şkaf dolu kitabdı. Nə isə, elə elə ki, atan gələnə evdə olasan ,-deyib, cavab belə gözləmədən tozsoranı qoşub, yarım qalan işinə davam etdi.

Bu anda bu kitabın onun üçün dəyərini anasına izah etməyə nə halı, nə də vaxtı vardı. Nə də qarşısında onu dinləmək istəyən biri…

Daxılındakı hər ehtimala manatlı, qəpikli bütün pullarını götürüb, yolu uçaraq özünü yaxındakı kitab mağazasına çatdırdı. İçəri qaranəfəs daxil olub, satıcıdan,-Sizdə “Balaca Şəhzadə” var, -deyə tövşüməyə başladı. Satıcı bir az düşünərək,-Hə, burda bir yerdə olmalıdı,-deyə rəfdən nazik, lakin üzü gözəl cildlənmiş, qızılı, mavili kitabı balacaya uzatdı.

-Neçəyədi? -balaca soruşdu.

-Beş manat əlli doqquz qəpik,- eşitmişdi ki, sevincindən cibindəki pullarını çıxarıb saymağa başladı. Satıcı, -kassaya yaxınlaş,-dedi və işinə davam etdi.

Bir neçə manatını da onu maraqlı bir hədiyyə kağızına bükdürməyə xərclədi və mağazadan məmnun halda evə iri addımlarla addımladı. Sanki həyatının ən vacib işini həll etmiş şəkildə zəfər ruhuyla evə qayıdırdı.

Səhəri diri açdı. Sözün əsl mənasında yatmadı. Gün çaxar-çıxmaz, əl-üzünü yuyub, əynini dəyişib, koridorda saçını çox nadir hallarda olduğu kumi, daraqla daradı, sonra yenə əlilə həmişəki qaydasına salaraq çantasını götürüb, -ana mən getdim,-deyə  səhər yeməyini belə yemədən tələsik evdən çıxdı. O həyəcanla çətin ki, boğazından bir tikə keçərdi. Tək istəyi məktəbə tez çatıb, ona bu həyəcanı yaşadan “Pəri qızı”na bu hədiyyəni vermək idi. Sinifə girəndə artıq “Pəri qızı” nın başına xeyli uşaq yığılmışdı. Qabaq partanın üzərində çox gözəl və ləziz görünən tort,  yanında da şirələr, birdəfəlik qaşıqlar, boşqab və stəkanlar var idi. Otaqda ağız deyəni qulaq eşitmir, uşaqlar qarışqa kimi qaynayır, müəllim hamını yerində otuzdurmağa çalışırdı. Özünü güclə toplayıb, “Pəri qızı” na yaxınlaşdı. Hədiyyəsini uzadıb,-təbrik edirəm,-deyə uşaqların həyəcanını hiss edəcəklərindən ehtiyatlanıb bir addım geri çəkildi.

Tort kəsildi, paylandı, təbriklər söyləndi, hədiyyələr qismən açıldı. Onun isə gözləri elə hey onda idi. Həm gözünə bu gün xüsusi gözəl göründüyündən, həm də hədiyyəsini hələ açmadığı həyəcanından özünə yer tapmırdı. Nəhayət tənəffüsdə onun da hədiyyəsinə sıra çatdı. “Pəri qızı” hədiyyəni açıb o üz bu üzünə baxdı, yenidən hədiyyə paketinin içinə boylandı, etinasız şəkildə kitabı paketin içinə atıb digər hədiyyələrin yanına qoydu.

 Dərsin bitməsindən bir neçə dəqiqə keçmiş, hər kəs dağılışmış, otağın ortasında isə əlində hədiyyə kağızlarının içindən götürdüyü “Balaca Şəhzadə” sinə pərt vəziyyətdə baxan balaca qalmışdı. O, hələ də “Pəri qızı” nın  hədiyyənin çoxluğundan və  tələsdiyindən kitabı unutduğunu düşünərək, daha doğrusu özünü buna inandıraraq onu çantasına qoyub çıxdı. O günü təəsüratlarını ustasıyla bölüşəcəkdi. Amma nədənsə içindəki təəssüf hissi ilə ayaqları  onu bir başa evə apardı.

 Bütün gecəni vurnuxaraq, səhər “Pəri qızı” nın gəlib hədiyyəsini axtaracağı və onu tapıb saxladığı üçün ona təşəkkür edəcəyi həyəcanı ilə nəhayət yuxuya getdi.

Zəng artıq vurulmuş, hər kəs yerində əyləşmişdi. O, ehtiyatla qapını açıb salamlaşdı. Yatıb qaldığından dərsə gecikmişdi. Kandarda tər-suyun içində, yanaqları pörtmüş halda dayanıb müəllimin razılığını gözləyirdi. Nizam-intizamlı olduğu üçün müəllim salamını alıb ona izin verdi. Partaların arasından keçib öz yerinə əyləşdi. Dərslər bir-birinin ardınca keçir, nə “Pəri qızı” kitabı soruşur, nə də axtarırdı. Beləcə altıncı dərsin sonunda bütün cürətini toplayıb ona  kitabı vermək istəyirdi ki, bir anda fikrindən daşınıb sinif yoldaşından xahiş etdi. O da məsələni tam anlamasa  da etiraz etmədi. Kitabı götürüb «Pəri qızı»na yaxınlaşdı.

-Leyla, kitabı dünən burda unutmusan, -deyib ona uzatdı. “Pəri qız” dəniz mavisi gözlərini döyərək,-Kitab? Nə, kitab. Hə, bu. Məndə ondan var. İstəyirsən özünə götür, -deyə-gülə rəfiqələrilə otaqdan çıxdı. Sinif yoldaşı əlində kitabla onu koridorda sütunların arxasında gözləyən balacaya yaxınlaşdı. O, təəccübünü saxlaya bilməyib:

-Niyə vermədin, -deyə yoldaşına çəmkirdi. Sinif yoldaşı da: -Mənə niyə çığırırsan, verdim, -məndə bundan var, istəyirsən özünə götür, -deyib qaytardı. -Al kitabı, mən tələsirəm, məşqə gecikirəm,- təəccüblə ona baxan balacadan gözlərini qaçırararq, kitabı əlinə tutuzdurub cəld oradan uzaqlaşdı. Balacanı bir anda elə bil bala quş kimi ağacdakı yuvasından götürüb yerə çırpdılar. Qulaqları guyuldadı. Boğazı qəhərləndi.

Eləcə əlində hədiyyəsi ilə koridorun ortasında bir neçə saniyə donub qaldı. İkinci növbənin zəngi çalanda özündən biixtiyar mexaniki halda pilləkənləri düşüb məktəbdən çıxdı. 

Məktəb ilə ev arasında təxminən yarım saatlıq yol, düz Sultan babanın çəkməçi budkasının yanından keçirdi. Onun bəlkə də valideynlərindən çox qəlbini isitdiyi Sultan baba. Ona ikinci sinifdən bəri hər gün həmdəm olan, dərd-hal etdiyi, hər sözünü danışdığı, məsləhətlər aldığı, onu yorulmadan, sevgiylə dinləyən Sultan baba. Bu gün isə bu üç il ərzində o, ikinci dəfə idi ki, ustasının yerinə nəinki baş çəkmək, hətta o tərəfə baxmaq belə istəmədi. Çünki bütün günahı ondan bilirdi. Bu hədiyyəni o məsləhət görmüşdü. Bəlkə qızlara xas başqa bir şey alsaydı digərləri kimi, onun da hədiyyəsini qəbul edərdi, fikrilə özünü ovundururdu. “Pəri qızı” isə nəinki hədiyyəni bəyənməmiş, hətta onu lazımsız bir əşya kimi zibil kağızlarlıyla bərabər qoyub getmişdi. Bu düşüncələrlə evə bir nəfəsə çatdı. Qapını anası açan kimi salam verib səssizcə otağına keçdi. Arxasıyca səslənən anasını, – futbol oynayırdıq, bir az yorulmuşam,-yalanıyla inandırmağa nail olmuşdu. Geyinəkli halda özünü yatağına atdı və əllərilə üzünü tutdu…

O gecə səhərə qədər nə evdəkilər yatdı, nə də balaca. O, qızdırmadan sayıqladı, ata-anası isə növbələşərək başının üstündə qarovul çəkib, hər neçə dəqiqədən bir qızdırmasını yoxlayır, alnına yaş dəsmalı qoyub götürürdülər. Bir də pəncərədən boylanan, bu gün elə bil daha çox işıq saçan ay. Bəlkə o da evdəkilərlə bərabər darıxır, təlaş keçirirdi. Səhərə yaxın qızdırması normal dərəcəsinə düşmüş, Ay isə çoxdan xudahafizləşib günəşin arxasında öz yerini almışdı.

Gözünü açdığında başının üstündə iki cüt göz sevgilə ona baxırdı. Hərəsi bir tərəfədən başını tumarlaya, yanaqlarını oxşaya halını sordu. O isə sadəcə gülümsündü. Həmin gün valideynlərinin israrı ilə evdə qaldı. Özündən asılı olmayaraq günortadan sonra gözü də, qulağı da telefonunda idi. Amma nə zəng edən oldu, nə də yazan.

Zəngin çalınmasına beş dəqiqə qalmış özünü sinifə çatdırdı. Əvvəlki gün boyu heç qızdırmasının olmadığı üçün evdəkilər dərsə getməsinə etiraz etməmişdilər. At azarı deyib məktəbə yola salmışdılar. Daha nə bilərdilər ki, o azar, ilk uşaqlıq sevgisinin açdığı yaranın hərarəti idi. Sinifə girdiyində sanki nə dünən, nə əvvəlki gün heç nə yaşanmamış kimi hər kəsin öz işiylə məşğul olduğunu görüb, təmkinlə öz yerinə keçib əyləşdi. Neçə aydan bəri ilk dəfə idi ki, ikinci parta tərəfə heç boylanmadı.

Xəfif cırıltı səsilə ehtiyatla açılan qapının arasından içəri balaca bir kölgə daxil oldu. Daha doğrusu kölgə kimi daxil oldu. Salamlaşıb keçib sakitcə həmişəki yerində, taxtadan düzəldilmiş balaca stulunda oturdu. Əlini atıb qucağındakı çantasından “Balaca Şəhzadə” ni çıxarıb masanın üstünə qoydu.

-Sultan baba,-dalısını gətirə bilməyib qəhərləndi.

-Hə, dostum, dur ikimizə də bir pürrəngi çay süz, içək, təzə çay dəmləmişəm. Çaysız bu kitabı oxumaq olmaz,- deyə eynəyini çıxarıb, ya yaşlılıqdan, ya da qəhərləndiyindən nəmlənən gözlərilə ona  gülümsündü. Balaca bir anda yerindən qalxıb ustasının boynuna bərk-bərk sarılıb hönkürdü. O gün üç dəmlik çay, bir nəfəsə oxunan “Balaca Şəhzadə” və Sultan baba, balaca bir ürəyin ilk sevgi yarasına məlhəm oldu.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.