DergiZan

Yazı ve Sanat Ülkesi

Ölümün Pəncəsində Gülüşlər / Fidan Malik

      

Bu gün Ümumdünya Uşaq Hüququları günüdür. 1954-cü ildə BMT Baş Məclisinin bütün dünya uşaqlarının hüquqlarının qorumması, rifahının yaxşılaşdırılması, potensiallarını gerçəkləşdirə biləcəkləri həyat şəraitinin yaradılması uğruna görüləcək tədbirlər üçün, bütün dünya ölkələrinə qeyd etməyi məsləhət gördüyü bir gündür.
1959-cu il noyabrın 20-də Baş Məclisin Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin noyabrın 20-də isə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında Uşaq hüquqları haqqında Konvensiyasını qəbul etdiyi bir gündür.
Uşaq hüquqları haqqında Konvensiyanın mətninin bir hissəsində qeyd olunduğu kimi “Birləşmiş Millətlər Təşkilatı, irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər əqidələr, milli və ya sosial mənşə, əmlak vəziyyəti, doğum şəraiti və ya başqa hallar kimi əlamətlərə heç bir fərq qoyulmadan hər bir insanın həmin sənədlərdə göstərilən bütün hüquq və azadlıqlara malik olduğunu bəyan etmiş və bununla razılaşdığını təsdiq etmişdir”.
7 oktyabrdan bəri Yaxın Şərqdə yerləşən Fələstin dövlətinin Qəzza sektorunun bombardman edilməsi nəticəsində körpəsindən tutmuş böyüyünə qədər bütün uşaqların hüquqlarının «müdafiəsi» buna canlı bir nümunədir!…
Məsələn, bu gün bütün müasir dövlətlərin ən həyəcanlı və dəbli oyunlarından olan “Kvest” in canlı şəkli onlar üçün təşkil edilmişdir. Müasir valideynlərin uşaqlarının o adrenalini yaşaya bilməsi üçün pul ödədiyi bu oyunları, Fələstin uşaqları tam pulsuz şəkildə yaşadıqları hər gün oynayır. Bu oyunların həyəcan və gərginlik dolu sirlər və tapmacalar otaqlarını, Qəzza uşaqlarının «Kvest» ində ölüm qoxusu ilə mərmi qoxusunun tüğyan etdiyi xarabalıqların uçulmuş qalıqlarının daldalanları əvəz edir. Məntiq, çeviklik və koordinasiya tələb edən bu oyun üçün Qəzzanın küçələrində ayaqyalın, süni boyalar yerinə təbii qan ləkələri içərisində köşə-bucaq qaçan, süni qorxuluq maketləri yerinə əli silahlı əsgərlərdən, eləcə də uçan mərmilərdən qorxan, qorunan uşaqlar üçün bundan daha gözəl şərait yaradıla bilməzdi.
Hər gün, hər an bombaların yaratdığı atəşfəşanlığa isə dünyanın heç bir ölkəsinin festival və ya bayram tədbirlərində rast gəlmək olmaz.
Balacaların əlinə oyun aparatlarının idarəetmə pultları yerinə, özlərini müdafiə etmək üçün ən yaxşı halda tapa biləcəkləri silahların tətiyini yaraşdırmaq isə bir başqa dərin düşüncədir…
Amma heç biri, pəhrizin dəb halına gəldiyi bir dövrdə, onun ən mükəmməl şəkli olan aclıq sınağı qədər həyəcan vermir.
Yaşıdlarını öldürən bombaların açdığı dərin quyuları özləri üçün oyun atraksionlarına, sürüşkənlərinə çevirən, ölümün pəncəsində həyata tutunan uşaqların gülüşərək sürüşməsi isə bir başqa mənzərədir. Gözləri ağlasa da çöhrələri gülür. Demək ki, nəinki hüquqları, hətta həyatları belə əlindən alınan bu uşaqların təkcə gülüşləri əlindən alına bilməyib. Ya da özləri onu bərk-bərk qoruya biliblər. Çünki onlar da bilir ki, məhkum edildikləri bu vəhşətin içərisində həyatda qala bilmələri üçün tək tutunacaqları o məsum gülüşləridir.
Bu ədalətsizlik və zülmün içində gülməyə də macal tapan balalar, hüquqlarınızın tapdalandığı, məhv edildiyi Ümumdünya Uşaq Hüququları gününüz mübarək!
Bu zülmü törədən və bu zülmə biganə qalan hər birimizin isə bu hüquqsuzluğa heç bir bəhanəmiz ola bilməz!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.