Şiir Destesi / Arzu Əyyarqızı

ÖZÜNDƏN YIXILANDA
Büdrəmək ayıb deyil, ömürdür də, olur belə,
Yıxılırsan, durursan, bundan betər var hələ.
Dizlərin qanadıqca, göz yaşların qınanır,
Dözürsən, səbr edirsən, səbrin yenə sınanır.
“Həyatdır də ” deyirsən, qəbul edib çox şeyi,
Sən qalxmaq istədikcə çəkilir dizin heyi.
Yenə də yıxılırsan, bu dəfə də özündən,
Gözlərində tutduğun özün düşür gözündən.
Yıxılanda tutduğun əllər də ələ gəlmir,
Özündən yıxılanda Tanrı da tuta bilmir.
İNTİHAR İPİ
Məni düşünmək,
Sənin duyğularının intihar ipidir.
Asırsan bir ümidin kölgəsindən.
Boğulur duyğuların…
Qatil olur düşüncələrin.
Qanına bələnən ümidin
Günahkarcasına ölür.
Ölən ümidinə yas saxlayır
Kəpənək xəyalların.
Uçur fikirdən fikirə.
Duyduqca çiçək misalı
Fikirlərin qarışıq ətrini
Bihuş olur qəlbin.
İçir gözlərin
Yuxusuz gecələrin qaranlığını.
Səbrin köməyə çatır,
Çıxarır səni aydın gündüzə…
Və yenə də can atırsan geriyə.
Atdığın canında, can kimi
Daşıyırsan çarəsiz,
İmkansız sevdanı.
Yenə, yenə dönürsən başa.
Edirsən sonu
Baş qəhrəmanın ölümü ilə bitən
Filmə tamaşa.
DARIХ BİRCƏ DƏFƏ
Darıx bircə dəfə
Baxıb göy üzünə xatırla məni,
Darıx bircə dəfə, darıx, mənimçün.
Həsrətim dörd yandan səsləsin səni,
Darıx bircə dəfə, darıx, mənimçün.
Yağan yağışlarda islat özünü,
Yusun gözlərindən vida sözünü,
İslan, islandıqca yumub gözünü –
Darıx bircə dəfə, darıx mənimçün.
Çaxsın ildırım da, yağsın yağış da,
Günəş üfüqləri sınsın yağışda,
Aypara rənglərə bizi bağışla,
Darıx bircə dəfə, darıx mənimçün.
Gecə pəncərəndən görünəndə Ay,
Darıx, darıxmaqdan ulduzları say,
Fikrə dal, soyusun əlindəki çay,
Darıx bircə dəfə, darıx mənimçün.
EDAM ADAMI
Yenə payız havası, yenə biraz darıxmaq,
Yenə qismətim olub fikirlərdə qarışmaq.
Payızın sükutundan az qala qulaq batır,
Yarpaqlar da özünü bir-bir ağacdan atır.
Payız da yarpaqların kütləvi edamıdır,
Bütün darıxan kəslər bir edam adamıdır.
Pəncərəmin önündə buğlandırıb şüşəni,
Tək barmaqla yazıram yaddaşıma düşəni.
Gözlərim də yol çəkir, diksinirəm, çaşıram,
Tezcə silib şüşəni özümə yadlaşıram.
Yenə qaçıb özümdən, gizlədirəm özümü,
Yuyuram göz suyumla itirirəm izimi.
Üşüyən kədərimin gülüş sərib üstünə,
Yandırıram özümü, boğuluram tüstümə.
ATAM ALAN HƏR GEYİM
Atam alan hər geyim,
Yaraşırdı əynimə.
Bəlkə qabar əlinin,
Soyulan dərisiydi
Biçilmişdi çiynimə……
ELƏ DARIХIRAM Kİ
Elə darıxıram ki…
Gözümün saralan kökündən, burnumun göynəyən ucunacan…
Elə darıxıram ki… burnumun ucundan ta anamın dua üçün açılmış ovucunacan
Elə darıxıram ki…
Anamın ovucundan atamın sevgiylə açılmış qollarınacan.
Elə darıxıram ki…
Atamın məzarda boş qalan qucağından,
Həyatın məni yetim qoyan suçunacan
Elə darıxıram ki…
Dırnağımdan, vaxtsız ağarmış saçımacan
Elə darıxıram ki… Saçımın ağından tutmuş, olan qardaşımdan, olmayan bacımacan.
Elə darıxıram ki…
Olumdan laaap ölüməcən
Elə darıxıram ki…
ATAMA MƏKTUB
Salam, ata. Heç soruşma necəyəm.
Nigaran da qalma məndən, rahat ol.
Yetimlər tez böyüyərmiş, sən demə,
Böyümüşəm, yaşamağa çoxdur yol.
Sən gedəni imtahanım çoxalıb,
Yoxluğunu sınaq bilib dözürəm.
Gündüz gülüb-danışıram, el gözü,
Gecə olur göz yaşımı süzürəm.
Yüngüllükdür, heç nigaran olma, yox,
Ağlayıram, darıxmağım azalsın.
Saçımdakı boz boyanı soruşma,
İstəmirsən qızın gözəl qız olsun?
Deyirdim e bu qara rəng yaraşmır,
Dəliyəm də, qəfil ağa boyadım.
Xoşlamırdın saçıma rəng qoymağı,
Boyadım ki, hirsləndirim, oyadım.
Bir ümiddir, nə bilim e, nə bilim…
Dedim bəlkə hirslənəsən, coşasan.
Oyanasan o yatdığın məzardan,
Yaşayasan lap yüz əlli yaşacan…
Saçlarımı dərd qanına boyayan,
Canım Atam, sənsizlikdir, biləsən.
Səni Tanrı bilirdim mən özümə,
Tanrı ölməz, inanmazdım öləsən.
BİLİRSƏN
Deyirəm nə yaxşı xəyallanmaq var,
Aranı yaylağa çəkə bilirsən.
Ən hündür dağlardan birinə çıxıb,
Hayqırıb dərdini tökə bilirsən.
Bütün arzuları gerçək edirsən,
Baş alıb dünyadan hətta gedirsən,
Ölürsən, ölməkdən ümid güdürsən,
Əynini kəfənə bükə bilirsən.
Gah aşiq olursan, gah da ki, dəli,
Söhbətin sözün də olur quş dili,
Sağaltmır dərdini min həkim əli,
Tanrı qarşısında çökə bilirsən.
Tapırsan qədrini bilənləri də,
Səni yaddaşından silənləri də,
Dirildə bilirsən ölənləri də,
Ölümsüz bir dünya tikə bilirsən.
Xəyallar şirindir, ədalətlidir,
Xəyalda hər nə var səxavətlidir,
Hər insan orada cəsarətlidir,
Bütün çəpərləri sökə bilirsən.
Qəlblərə mərhəmət əkə bilirsən.
KAŞ Kİ
Kaş ki, adamlarda adamlıq ola,
Kimsənin yolunda quyu qazmaya.
Hər kəs həyatını özü yaşaya,
Özgə qərar verib tərsə yozmaya.
Yaşaya hər insan öz muradını,
Dada öz ömrünün şirin dadını,
Hər kəs bir ürəyə yaza adını,
Ayrılıb divara, daşa yazmaya.
Hər ömür bir təzə çiçəyə dönə,
Mələklər göylərdən yerlərə enə,
Daşlanan şeytan da lap çıxa günə,
Heç bəşər övladı yolun azmaya.
Tərəzi düz çəkə, mizan düz gələ,
Nahaq da, yalan da gəlməyə dilə,
Hər kəs yaşmaqdan doyanda ölə,
Yorulub həyatdan kimsə bezməyə.
Allahdan qorxmaya Allahın qulu,
Sevərək tapına, qət edə yolu,
Yaşaya şərəflə ürəyi dolu,
Vicdanı itirib səfil gəzməyə.
CAN ATDIQ
Heç məmnun olmadıq öz yerimizdən,
Kökləndik səbəbsiz giley-güzara.
Günahkar axtardıq günah etdikcə,
Satdıq ömrümüzü qara bazara.
Unutduq candakı o mənimizi,
Bir nəzər salmadıq öz-özümüzə.
Bizi dilə tutan şirin yalanlar,
Bilmədik dəyməz heç bir düzümüzə.
Ana bətnindəki həyatdan bezib,
Can atdıq dünyaya, öldü canımız.
Özümüz özümüzün qatili olduq,
Dünyanın üstündə qaldı qanımız.
SƏN DEMƏ
Sən demə dünyanın nağıl üzündə,
Hər kəsin bir qorxunc nağılı varmış.
Ağıllı adamın ağıl küpündə,
Bir dəli şeytanın ağılı varmış.
Hələ görünənin görünməyəni,
Görünməz olanın görəni varmış.
Qurumuş ağacın budaqlarından,
Min ümid meyvəsi dərəni varmış.
İntihar ipində yaşamaq cəhdi,
Yaşamın özündə intihar varmış.
İntihar edən heç, etdirəndəsə,
Allahda olmayan ixtiyar varmış.
Sən demə yox da nə desən varmış….

