Şiirler / Ceyhunə Mehman

KEÇƏM KÜÇƏNİZDƏN…

Keçəm küçənizdən bir qış gecəsi,
ya adi dost kimi, ya tanış kimi.
O gecə yuvandan perik düşəsən,
yuvası dağılan qaranquş kimi.

Bir “ah” çəkəsən ki, göylər alışa,
fəryadın dünyanın ucuna düşə.
Keçəm küçənizdən bir payız günü,
ürəyin sürüşüb, ovcuna düşə.

Məni gözləməyi adət edəsən,
özünə sevimli bir “peşə” kimi.
Keçəm küçənizdən bir yaz səhəri,
boynunu bükəsən bənövşə kimi.

Bütün günahların yuyula o gün,
günahın olmaya, suçun olmaya.
Soruşam necəsən? – alışa qəlbin,
“sənsizəm..!” deməyə gücün olmaya…

***

Yenə soyuqluğun cəllada dönüb,
Hələ almadığın neçə can durur?!
Sənin buz ürəyin, qış nəfəsinmi,
Mənim ürəyimi belə dondurur?!

Ürəyim o qədər üşüyür hətta,
İsti göz yaşımı hiss edə bilmir.
Gözümdə bir soba dərt qalasam da,
Soyuq ürəyimi isidə bilmir.

Elə uzaqlaşır getdiyim qatar,
Arxamca ha səslən, ha yüyür indi.
Soyuyub arzum da, xəyallarım da,
Bütün xatirələr üşüyür indi…

 

BU GÜN AD GÜNÜDÜR SƏNSİZLİYİMİN

Bu gün taleyimde yollar dolaşıb,
Ayrılıq günüdü, həsrət günüdü.
Bəlkə də, təqvimlər yanılıb, çaşıb,
Bu gün sənsizliyin il dönümüdü.

Sənsizlik zülümdə, zillətdə olsa,
Göz yuma bilmədim bir səhvinə mən.
Süzdüm göz yaşımı boş badələrə,
İçdim sənsizliyin şərəfinə mən.

Silib gözlərimi, gülüm,oynayım,
Çoxda ki, ömrümü həsrət bürüyür.
Bu gün ad günüdür sənsizliyimin,
Bu gün sənsizliyim bir yaş böyüyür.

***

Adın düyünlənir dodaqlarımda,
Dilimdə , sözümdə hecalanırsan.
Gecə yuxularda tapıram səni,
Səhər xəyalımda parçalanırsan.

Elə vuruşuram özüm-özümlə,
Sinəmə çəkilən dağ oluram mən.
Hər gecə üz-üzə durub ölümlə,
Hər gün həsrətinlə doğuluram mən.

Bütün əzabların yükün çəkməyə,
Demə, ürək adlı tərəzi varmış.
Bu dünya qəsdimə dayanıb sanki,
Hamının mənimlə qərəzi varmiş.

Deyirsən, sənin də ağırdır yükün,
Bu ki, sənsizliyi daşımaq deyil.
Sən elə bilirsən yaşayıram mən?!
Nəfəs alıb -vermək yaşamaq deyil…

 

DEYİRLƏR Kİ…

Məsafələr yük olubmuş ürəyinə,
Deyirlər ki, gecə-gündüz içirsənmiş.
Dodağına düyünləyib siqareti,
mənsizliyi ciyərinə çəkirsənmiş.

Daş qəlbindən bir paça ət asılıbmış,
Dağ qürurun əriyirmiş qıram-qıram.
Deyirlər ki, bu dünyanın bir küncündə,
Mən səninlə eyni evdə yaşayıram.

Deyirlər ki, yaddaşına qırış düşüb,
Xatirələr üstü-başı toz içində.
Deyirlər ki, uzaqlaşıb dost-tanışdan,
Saatlarca danışırsan öz içində.

Deyirlər ki, üşüyəndə qəm qalayıb,
Ürəyini “od yeri” tək çatırmışsan.
Deyirlər, tavana şəklimi döyüb,
Gecələri gözü açıq yatırmışsan.

Deyirlər ki, doğulmayan körpəmizi,
Gözlərinin beşiyində uyudursan.
Deyirlər ki, itirirsən yaddaşını,
Deyirlər ki, məni belə unudursan.

 

***

Elə qəribsəyib sənsiz bu şəhər,
Elə darıxıb ki, bu küçə sənsiz.
Elə çarəsizdir sənsiz bu səhər,
Elə pərişandır bu gecə sənsiz

Ölüb səni gedəli neçə ümidim,
Yenə gözləmişəm bəlkə ümid var.
Elə kövrəlib ki, elə dolub ki,
Görsə, hönkürəcək səni buludlar.

Bilmirəm, bilmirəm, nədir bu qəhər
Hava “sən” qoxuyur,  gecə “sən” deyir.
Yuxusu gözündən tökülən şəhər,
Bu gecə qayıdıb, gəlmisən deyir.

Hardansa da ayaq səsini duyub,
Çinarlar çəkilib yenə bir küncə.
Əlini gözünün üstünə qoyub,
Sənin yollarına boylanır Gəncə.

 

***

Bu ayrılıq yük olurmu sənə də,
Əzablarım sol çiynini əyirmi?
Görən məni bitirən bu suallar,
Sənin bircə cavabına dəyirmi?!

Nə demədim, sənə, “unut”, “ayrılaq”,
Nə demədim, “dəli kimi sev məni”.
Görən yenə tövbə edib gecələr,
Gündüzləri pozursanmi tövbəni?!

Fikirlərin qarışırmı ara bir,
Xəyalların yenə duyuq düşürmü?!
Mənim burda itirdiyim yuxular,
Sənin orda yastığını deşirmi?!

Qaçmaq üçün gecələri kabusdan,
Verirsənmi yuxularda nəzir sən?!
Baxışların soyunurmu əksimi
Yoxsa yenə hamıda mən gəzirsən?!

 

***

Niyə qayıtmısan, bilmirəm niyə,
Yeni istəyin nə, yeni arzun nə?
Niyə qarğıyırsan bu yerə, göyə,
Söylə, bu dünyaya etirazın nə?

Xaraba qoyduğun könül evimə,
Bilmirəm, çıxmağa yiyəmi gəldin?!
Mənə etdiklərin başqa surətdə,
Qarşına çıxmışdı deyəmi gəldin?!

Daha bir addım da yaxına gəlmə,
Sənə milyon illik uzağam, yadam,
Mən Tanrı deyiləm, Allah deyiləm,
Səni bağışlaya bilmirəm, adam!..

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir