DergiZan

Yazı ve Sanat Ülkesi

Şiir Destesi / Osman Fermanoğlu

Qəhrini

Dağ sığına dumanların içinə,
İtik gəzən dərə çəkə qəhrini.
Çənə düşən dürnaların köçünə
Göz şehini dərə çəkə qəhrini.

Hərə sinib kölgəsinə bir adın,-
Barıtı da nəm çəkəndi, bir atım.
Nallarından pas ələnə bir atın,
Öləziyən nərə çəkə qəhrini…

Çoxdan ölüb zirvələrin loğmanı,
Seçə bilmir, nə yaxını, doğmanı.
Öz əliylə ağzındakı loxmanı
Özgəsinə verən çəkə qəhrini.

Gözümüzü girinc edər bu yuxu,
Ömrü didər ögeyliyin soyuğu,
Xırmanına şərik çıxa uyuğu,–
Ömrü günə sərən çəkə qəhrini.

Osman, qala piltə- piltə sökülən,
Əl- ətəyi quzulayıb tökülən…
Bayrağına gündə şəhid bükülən
Torpaqları, görən çəkə qəhrini.

23 avqust 2018

Ya Dara Sari

Ağlı korşalanlar bir kəz yol alıb,
Çəkəydi ağlını ovxara sarı…
Könüllər özünə dönər- qul olub,
Baxmasa gəlirə, çıxara sarı.

Dualar qılınar şərin şər çağı,
Göylərə açılar yerin şər çağı.
Araza oxşayar Kürün şər çağı,
Axıtmaz suyunu tağlara sarı.

Kasıb ayağını yığmaz altına,
Elə sığal çəkər yerin çatına…
Ürəyi buluda tərəf dartınar,-
Əl açar bir ovuc yağara sarı.

Ömrü ərənlərin ruhu qoruyar,
Pislərin qarnını sancı doğrayar.
Görərsən zaval yox daha döğruya,
Qurdların ulayar dağlara sarı.

Ay Osman, çox işlər yolunda gedər,
Küləyə verməzsən illəri hədər…
Gözəl söyləmişdi Pir Sultan Dədə,
Ya şaha gedərsən, ya dara sarı.

24 avqust 2017

Görmədi

Paşam, gözlərimin qarası göldü,
Ellər selə düşən tifil görmədi.
Məni duymayanlar ağıllı bildi,–
Duyanlar mənim tək qafil görmədi.

Arzular böyüdü hiylədə, alda,
Nəyin varlığına inandım falda?!
Sevinc gələn qapı qoşa qıfılda,
Dərd keçən qapılar qıfıl görmədi.

Kiminsə üzündən boylanır şadlıq,
Ədası üstümə ələyir yadlıq…
Önümdən bir anda ötdü azadlıq,
Gözlərim tutuldu qəfil, görmədi.

Daha duyan yoxdu könül verəni,
Ov yeri eyləyir tülkü dərəni…
Körpüdən keçəndə varlı görəni,-
Ağlı havadaydı, səfil görmədi.

Osman, keçmək olmur çilləkənləri,
Ayaqlarım çəkmir pilləkənləri…
Bir ömür boyunca mən çəkənləri
Nə dəvə daşıdı, nə fil görmədi.

27 avqust 2018

Bilmədən

Paşam, bir yoldu gedirik,
Gözləyən sonu bilmədən.
Ömrü söz-söz inlədirik
Sözdəki tonu bilmədən.

Bənzəmirik tək ağaca,
Kölgəlikdi neçə aca…
İndi kimdi qucaq açan;
Kim olduğunu bilmədən.

Üstümüzdə vaxtın kiri,
Dinənə deyirik: ” kiri.”
Tez-tez salavat çəkirik,
Qibləni, yonu bilmədən.

Hər yana qurub hasarı,
Boylanırıq yurda sarı..
Hamıya yüz arzularıq,
Doqquzu, onu bilmədən.

Osman, itirib qədəri,
Sayırıq gəldi– gedəri.
Dəyirmançılıq edərik
Üyünən unu bilmədən.

28 avqust 2018

Kəndin Kənarinda Köhnə Dəyirman

(Qırx ilin şeiri)

Zamanı fırlatdı qoca,
Qocanı fırlatdı dəyirman:
Üyütdü-
Buğdanı,
arpanı,
qocanı.
Buğda çörək oldu,
Arpa cad,
Qoca torpaq.
Torpaq buğda yetirəcək,
Torpaq arpa bitirəcək-
Kəndin kənarında köhnə dəyirman.

Kəndin kənarında təzə bir məzar,
Dirəklərini qurd,
Ürəyini dərd
Yeyən köhnə dəyirman.
Daşını daş yeyibsə,
Belini qəm əyibsə…
Heç kimə gərək deyilsə,
Dəyirman da məzardı, vallah…

 

Canim Üzülür

Paşam, payızdı yeriyən,
Ahında canım üzülür.
Uzaqları qar kürüyən,
Yaxında canım üzülür.

Gəlmir durnanın harayı,
Dərələr cırnadır çayı…
Saralan görür yarpağı
Şaxında… canım üzülür.

Gələni Tanrı qoruyur,
Gedənin bəllidi soyu…
Nağılda alma quruyur,
Qaxında canım üzülür.

Bilmirəm əvvəldi, axır,
Axanlar içimdən axır;
Solunda ağrı darıxır,–
Sağında canım üzülür.

Osman, korşalır qınında,
İstisi gələn danın da…
Yer tapmıram Aranında,
Dağında canım üzülür.

5 sentyabr 2018.

Məhəmməd Füzuliyə

Sənə də dil uzadırlar,
Nur kələfi olan, Dədəm.
Bütün tərəfləri aşıb,
Eşq tərəfi olan, Dədəm.

Dayanıb sehrin içində,
Yol alıb qəhrin içindən…
Min illik nəhrin içində-
Haqq tərifi alan, Dədəm.

Ələnərək ələklərdən,
Soruşular fələklərdən.
Toplayaraq lələklərdən
Söz arifi qalan, Dədəm.

Eşq toxuyub azanında,
Keçib yoldan azanın da.
Qaynadaraq qazanında
Səsdən kəfi alan, Dədəm.

Osman, ağıl koruxşayır,
Suç önündə düz axsayır.
Cahil səni cahil sayır,-
“Qəm hərifi” olan Dədəm.

8 sentyabr 2017

Keçir

Paşam, sular durulmur,
Lilli arxından keçir…
Daha şadlıq uzaqdan,
Ağrı yaxından keçir.

Payız baxır küçədən,
Say istəyir cücədən…
Qara- qara gecədən
Ölüşküyən dan keçir.

Yoxdu əkin -biçində,
Bəyə dönür seçəndə.
Dərəbəylik içində
Gədə–güdə xan keçir.

Hər tərəfi yel döyən,
Kimdi kül ətəkləyən?
Fikir, xəyal təkləyən
Gözlərində qan keçir.

Osmandı, bir də varaq,
Sovrulur yarpaq-yarpaq.
Anam ol, qara torpaq,-
Məni yaxandan keçir.

 

9 sentyabr 2018

İşiğinda

Paşam, yolu əyirə
Hərə öz işığında.
Yer qoymaya əyriyə,
Sərə düz işığında.

Könül aça şənliyə,
Səsi düşə şenliyə…
Bir obanı şenləyə;-
Girə söz işığında.

İl üstünə yaza il,
Səsi yetişə dil-dil.
Tapışa tayfa, nəsil,
Törə- iz işığında.

Ömrü döndərə pirə,
Gözləriylə nur dərə.
Düşmənini çökdürə
Yerə diz işığında.

Osman,yolunu gedə
Ağlı üstünə örtə…
Dua qıla hər vədə
Birə yüz işığında.

10 sentyabr 2018.

Kəm Gəlir

Ürəyin yurd olur fikir cənginə,
Üst-üstə çəkilən dağı kəm gəlir.
Bürünür əlbəəl kədər rənginə,
Qarası gurlaşır, ağı kəm gəlir.

Hər işdə özündən çox inandığın
Pambıqla baş kəsir,açıb sandığı.
Alaq içindədi bostan sandığın,
Tapdanıb itibdi tağı kəm gəlir.

Yamaqlar çoxalır yetim adına,
Yaşlar tüstülənir quru oduna…
Ağrılar yüklənir ömrün çatına,
Adlayıb keçməyə sağı kəm gəlir.

Hər Fərhad olanla qaya çapılmır,
Kündələr küt gedir, təndir yapılmır.
Varıb, asılmağa kəndir tapılmır,
Özündən keçməyə ağı kəm gəlir.

Hökmü yer titrədir yerdən qalxanın,
Özü bir şey deyil, bərkdi qalxanı…
Osman, hər ağızda nəhrə çalxanır,
Ayranı bolsa da, yağı kəm gəlir.

12 sentyabr 2017

İkicə Kişilik

Paşam, yoldu gedirik
Biz ikicə kişilik…
Könül eşq badəlidir,
Süz, ikicə kişilik…

Damardayıq qan kimi,
Gecə keçən dan kimi.
Birlikdəyik can kimi,-
Düz ikicə kişilik…

Nə var ki, olacaqda,
Elə o olacaq da…
Götürdük bir ocaqdan
Köz ikicə kişilik…

Keçdiyimiz dərə, düz,
Yarı qaşdı, yarı göz…
Olanımız sözdü, söz,
Söz–ikicə kişilik…

Əldə əlin sığalı;–
Əl də əldən güc alır.
Osman, arxada qalır
İz– ikicə kişilik.

14 sentyabr 2018

 

Qalacaq

 

Axar sular yol almasa səmtinə,
Köçənlərdən quru yurdlar qalacaq.
Zərrə işıq təsəllidi, təntimə,–
Qara yerdə küllü odlar qalacaq…

Adamların hey qarışar yuxusu,
Yalanında yol azanda doğrusu.
Quzuların çətin keçə qorxusu,
Yolu üstə qoca qurdlar qalacaq.

Pis əməli döndərməsən vərdişə,
Arxan ilə silinməyən iz düşər…
Hər bir meyvə vədəsində yetişər,
Boğazlarda kal armudlar qalacaq.

Barmağına duz bassan da keşikdə,
Axtardığın çıxan deyil yeşikdən…
Səslənməmiş boğacaqlar beşikdə,
Dodağında sirli adlar qalacaq.

Bir adada qovanların cələsi,
Düşən düşər, ağız açır tələsi.
Osman, yetməz harayına Lələsi,
Kərəmlərə boş umudlar qalacaq.

18 sentyabr 2017

Gedirəm

Əlacsız dərviş könlümü
Çöllərə sərib gedirəm.
Qiblə bilərək yönümü-
Haqq sözə verib gedirəm.

Çiçək taxıb yaxasına,
Bal bələnib yuxusuna…
Yol alıb gül qoxusuna,
Tikanı dərib gedirəm.

Növbədədi ağla, qara,
Çiynə yükdü,çəksən hara.
Yarımçıq qalan divara
Özümü hörüb gedirəm.

Zəmim çətin gələ dənə,
Qılçığından qəm ələnər.
Ruhum canıma dirənər;-
Elçi göndərib gedirəm.

Osman, yol əriş-arğacdı,
Ha daşıyır, yenə acdı…
Gələndə nəs qucaq açdı,
Gedəndə qərib gedirəm.

21 sentyabr 2017

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları