DergiZan

Yazı ve Sanat Ülkesi

Bir Demet Şiir / Osman Fermanoğlu

DAHA NƏ İT HÜRƏN VAR

Daha nə it hürən var, nə də ki işıq gələn,
Alan yox qara qoçdan ağ qoçun qisasını.
Qara-qara dərdlərdi boz daşlarda dikələn,
Əjdahaya çevirməz Musa da əsasını…

Günü gündən böyüyər gələn ağrı -acılar,
Göz yaşı selə dönən suya tutar ovcunu.
Bir ucdan çoxalarlar bağlı həyət-bacalar,
Qıfıllı qapıların kim daşıyar suçunu?…

Dərdli buludlar çökər obaların üstünə,
Yağışlar qalay çəkər hisli ocaq daşına.
Soyuq havalarda da ümid-ümid isinən,
Yel əsib qoz tökülən arzulara daşınar.

Dən gəzən quşlar kimi hamı dənə şığıyar,
Bilinməz axır kimin dəndiyində dən gedər.
Sonda durub üstündə bir əl gözü sığayar,
Bütün gedən adamlar əvvəlinə tən gedər.

13 aprel 2018.

**

GƏLDİM, GÖRDÜM,  GEDİRƏM

Paşam, ömürdü lələklik,
Göylərə sərdim, gedirəm.
Nəyim varsa bir ələklik,-
Borcumu verdim gedirəm.

Baş qarışdı hay-həşirə,
Kim becərə, kim döşürə?
Nə arı tək çəkdim şirə,
Nə gülü dərdim, gedirəm.

Buludlara oldum suçu,-
Su yuvası oldu ovcum.
Canımda illərin suçu,–
Könlümdə dərdim gedirəm.

Mənimdimi bu tikilən,-
Tozu içinə tökülən?…
Üstündə yox işıqgələn,-
Ağzını hördüm gedirəm.

Osman gözə ağ damır, ağ,
Nurunu udur, yığaraq…
İçimlə birdi Qarabağ,–
Bə, gəldim, gördüm, gedirəm.

27 aprel 2018

 

***

NƏ BƏNDƏ MƏNİ

Qulaqlar sağırdı gələn səslərə,
Nə özüm duyaram, nə bəndə məni.
Durar göz önündə bənövşə gözəl,-
Salar ilmə – ilmə nə bəndə məni…

Əsli bəni – Adəm, dini bən dini,
Ayaqdan başacan bağlar bəndini.
Qurar kəlmə- kəlmə ömrün bəndini,
Yar etməz nə beytə, nə bəndə məni.

Osman, sözə naxış salan kan ara,
Eşqin məkanından adla, kan ara…
Gözəl heç sayaraq atmaz kanara,
Daş bilib də hörməz nə bəndə məni.

30 aprel 2018.

***

APAR

Deyəsən, iş gəzirsən,
Könlümü alıb apar.
Damcı altda qoymuşdum,
Limhalim dolub apar.

Aldanaraq seçimdə,
Qalıb elin köçündən.
Pislikləri içindən
Alaqtək yolub apar.

Həsrətə dözə-dözə,
İstəyi gəlib gözə…
Onsuz da çoxdan sözə
Mehrini salıb apar…

Bilinmir nədi suçu,
Dərdlər əlindən uçur.
Getdikcə artır borcu,
Avara qalıb apar…

Üzə çıxmadı adı,
Payı qara daşdadı.
Osman Osman olmadı,
Bir yarpaq olub, apar.

***

BİR SƏHƏR BAX

İnciyərək gedib gendən baxanım,
Bir səhər bax, bir günorta, bir axşam.
Gün gəzəndə leysan-leysan yağanım,
Bir səhər yağ, bir günorta, bir axşam.

Sən gedəli məni yenir ocağım,
Tüstülənir, yanır-sönür ocağım.
Qalamırsan külə dönür ocağım,
Bir səhər yax, bir günorta, bir axşam.

Bu aləmdə baxan olmaz fağıra,
Sənsiz məni quyudan kim çıxara?..
İş düz gedər sən çıxanda uğura;-
Bir səhər çıx, bir günorta, bir axşam.

Sıxar məni uzaqlığın tilsimi,
Tale belə sınamasın heç kimi.
Bulaq olub, çalxalan da eşq kimi,
Bir səhər ax, bir günorta, bir axşam.

Osman, düşüb Tanrının xoş vaxtına,
Yazan yazıb gözəlliyi baxtına…
Yer sənindi könlümdəki taxtına
Bir səhər qalx, bir günorta, bir axşam.

1 may 2018

***

TƏCNİS

Hər məqamda qiymət almır hər çıxar,
Gücə düşən qolda olan qarıdı.
Könlümüzü zaman-zaman hey sıxar,
Qulaq deşən qarğanın qar-qarıdı.

Doyurmadın yolda qalan bir acı,
Başqasının halına da bir acı…
Damağında zəhər olar bir acı,-
Hər tərəfin küpəgirən qarıdı…

Çəkən kəsə dərd bir olar, dərd iki,
Dərd içində dərdlər özü dərdiki…
Zər atanlar qoşaladı dərdi ki;-
Qala-qala içimizdə qarıdı…

İki keçdi, indi növbə üçündü,
Üçümüz də haplı-goplu üç ündü.
Osman, daşı, şələ adam üçündü,
Səni sıxan dərdin buzu, qarıdı.

3 may 2018

***

GÖRÜNMƏZ

Paşam, səsi gələn kəsin
Gəzsək də, özü görünməz.
Ürək necə təntiməsin,–
Yoxuşun düzü görünməz.

Kölgəlikdə yeri sərin,
Basıb bağlar şirin-şirin.
Yepyekə gəzən şairin
Üç kəlmə sözü görünməz.

Dalğalar qumları yuyar,
Sonra dizində uyuyar…
Düşərik bağlı quyuya,
Astardan üzü görünməz.

Nə verdik qala geriyə,
Fikir verən yox əyriyə…
Elə sığallı yeriyər,
Əyri-üyrüsü görünməz.

Osman, bizə səbir qalar,
Səbir ahdan ocaq qalar.
Yüz döyülər bir bir qalar,-
O birin yüzü görünməz.

4 may 2018.

***

ATIRIQ

Paşam, bizim işimiz də mahaldı,
Ev tikmirik daşı quşa atırıq…
Söz dayanmır ağzımızda nə haldı,
Köpüklənir, daşa- daşa atırıq.

Peşə edir gəzib ara vurmağı,
İstəmirik düzgün yola varmağı.
Bir köynək yad gendə qalır qarmağı
Ya tanışa, ya qardaşa atırıq.

Dözümlüyük yaşasaq da pis gündə,
Nə vaxtacan küt gedəcək bu kündə.
İnsafa bax, seçib-seçib püşkün də
Yaxşısını ağlı çaşa atırıq…

Hissimizdə itir ağlın sorusu,
Çətin axa önümüzdən duru su…
Gözümüzün içindədi qurusu,
Yenə əli yanmaz- yaşa atırıq.

Osman, deyən,çox rahatdı yerimiz,
Bundan belə nə dərdimiz, sərimiz.
Ayağımız olur yatıb yeriməz,–
Biz çalışır suçu başa atırıq.

7 may 2018

 

***

DƏRDLİ TƏCNİS

Çəkib aparanın üzü ağ olsun;
Dərdin quluna bax, adı Ağadı…
Qaralanan günlər qoy uzaq olsun,
Aşığa ağlığı verdi Ağ adı…

Təsəlli gəzərsən dərdi var deyə,
Baxarsan əzizlər dərdi var deyə…
Sığınar dərdinə dər- divar deyə,-
Sanasan dərdinə xandı, ağadı.

Osman, dərdə sarıl, qara daşı yar,
İçi də çölü tək qara daşıyar…
Yaz günə, qış ömrü qara daşıyar,
Görərsən ömrün də meyli ağadı.

10 may 2018

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları