Bu O’dur / Gülay Tahirli
İlahi, telefon çağırır,
İlahi, odur, görən?
İlahi, o deyilmiş…
Bilmirəm, pəncərədən yapışım qalım,
Yoxsa qarış-qarış gəzib yolları,
Tapıb oxuyummu bütün atılmış,
Əzilmiş məktubları?
Bəlkə, bir iz…
Bəlkə, bir işartı…
İlahi, o yoldan keçən adam,
Baxışına günəş biçən adam…
İlahi, bu…
Bu odur?
İlahi, o deyilmiş…
Bəlkə də, dönəcək bir gün,
Yuvası uçmuş leyləklər sevinəcək,
Bütün qaralar maviyə bürünəcək bir gün…
İllərdir yaş olan köynəyimi də
O gəlib qurudacaq.
İlahi, o gələcək bir gün?!
İlahi, qapı döyülür!
İlahi, odur gələn!!!
İlahi, o deyilmiş…
Ah, yenə əzrail…
Əlində qapqara kəfənlə
bir qucaq həsrət gətirib,
Bugünlük ölüm payı…
Deyir, öl!
Hələ bir az da öl!
Bir az daha…