DergiZan

Yazı ve Sanat Ülkesi

Getmisən / Seymur Sönməz Paşayev

Elə bil qollarım burxulub-sınıb,
Dərd-qəmin kölgəsi üstümə “qonub”.
Əhdini unudub, andını danıb,
De, kimə qoşulub çıxıb getmisən?

Küləkmi söndürdü görən közünü,
Ya məndən üstünmü bildin özünü?
Elə bil zülmətə tutub üzünü,
Bulanıq su kimi axıb getmisən!

Mənim ümidlərim tapdanmış zəmi,
Nə yaman ağırmış ayrılıq dəmi…
Qəfildən kükrəyən qara yel kimi,
Könül sarayımı yıxıb getmisən!

Qış urvatsız olar şaxtasız-qarsız,
Ağac kimə lazım, meyvəsiz-barsız?
Səndən gözləməzdim, ay etibarsız,
Qəlbimi odlara yaxıb getmisən!

Sən acgöz-tamahkar, mən gözləri tox,
Demirəm təzədən şimşək kimi çax…
Eşqin zirvəsindən təkcə məni yox,
Elə özünü də yıxıb getmisən!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.