DergiZan

Yazı ve Sanat Ülkesi

Kərpic / Gülnarə İsrafil

Məhləmizin arasına tor çəkilməmiş, iki məhlədən ayrılan cığırla gedib gəlirdik. O vaxtlar səmimi, mehribanıydıq hamımız, deyə-gülə hər gün baş çəkirdik bir-birimizə. O yurd oğul-uşağın, nəvə-nəticənin toplaşacağı, dərdini danışacağı atamın baba yurduydu. Dağdan otların kökündən süzülərək çəkib gətirdikləri su, qapıya tökülür, ordan da arxla dərəyə axıb, çay suyuna qarışırdı. Qaçıb günün istisində ağzımızı nova tutur, nəfəsimiz qaralana qədər içirdik. Bizi qorxutmaq üçün, qarnınıza çömçə quyruq gedəcək, orda qurbağa əmələ gəlib balalayacaq, – deyirdilər, öhd olunmurduq, yenə eyni qaydada davam edirdk…

Bir gün, yolu azıb qapıya gələn maşın, novu əzdi, bizi də öldürəcəkdi qaçıb canımızı qurtarmasaydıq, cəld tərpənib hərəmiz bir yana hoppandıq. Maşın getdikdən sonra bulağın başında baş-başa yığışıb əzilmiş novun dərdini çəkdik, ölüm nədir başa düşmürdük. Qəribə uşaqlığımız varıydı. Yolotu ovxalayanda duz əvəzi bir-birimizə əzdiyimiz yolotudan balatı verirdik, güya balatı olmasa, yolotu əzilməyəcəkdi, bəzən əlimizin kiri də ota qarışırdı. Xatırlayanda adamı gülmək tutur. Harda olursansa ol, ata-baba yurdu bambaşqa olur.

Atamın babası, yurdda digər oğlunun yetim oğlunu böyüdüb boya başa çatdırmışdı. Anası atıb getmişdi uşaqlarını, başqası ilə evlənib övlad da dünyaya gətirmişdi. Nə isə ki, onların piçənəyi nərgiz gülüylə dolu olurdu. Yaz açılanda elə bil bu çiçəklər istəyimə qəsd edib yalnız onların piçənəyində açılırdı. Oğrunca nərgizləri komlayarkən, Elşad gözyaşımı tökər, çiçəkləri əlimdəcə dartışdırıb qırıq-qırıq edərdi:

– “Bizim piçənəkdən yığmısan gülləri ver” – deyə, üstümə çımxırıb

qıpqırmızı qızarardı. Anası Zərifə xala eşidər-eşitməz qışqırardı:

– Ayə-ayə, a ciyərin yanmasın dəymə qıza, yekələnsin onu sənə alacam… Utanardım!

Bir ili Elşadla ikimiz də, göy öskürək tutmuşduq. Atam, Toğanaya sağlıqçı Ramazanın yanına aparmışdı, sağlıqçı, at südü buyurmuşdu bizə. Ramazan uzun illər xəstəxanada işləmiş, sonra işlərini öz evinə köçürmüşdü.

Dünyamalı əmi gecəynən qonşu kənd Gər-gərdən daylaqlı at tapıb gətirmişdi, iki məmədən biri daylağın, digər məmə də bizim payımıza düşürdü. Səhərlər sağıb bizə çiy-çiy öz əlləri ilə içirib, məktəbə yola salırdı. Süd içməyə başaldığımız ilk gündən diqqətimi bir şey çəkmişdi, nədənsə Elşadın “kuruşka”sı mənim “stəkan”ımdan yekəydi. Bir gün soruşdum əmi; niyə Elşada çox, mənə az verirsən südü? Mənim stəkanım balacadı, əmim gülümsünüb üzümə baxdı.

– Qadan alım, Elşad səndən yekədi axı… Ağlıma batmışdı. Elşad iki yaş məndən böyük idi.

Süddən sonra özümüzü at balası sayardıq daha çox gücləndiyimizi, at güclü olduğumuzu düşünür, iki ayaq üstündə atılıb düşür, arada bir at kişnərtisi də çıxarardıq qaçarkən, dostlaşmışdıq Elşadla.

Atam evin üstündən artıq qalan qırmızı bişmiş kərpici evin sol tərəfində kürsünün dalına bir küncə yığmışdı. Bərk külək əsəndə evin üstündəki kərpicləri yerindən oynadar, bir neçəsini salıb çiçlikləyərdi. Evin yanındakı kərpiclə əvəzləyərdik. Əlimə fürsət düşmüşdü. Yeddüşə düzəltmək üçün ən azı üç kərpic sındırırdım. Nə olursa olsun, Elşadla aramız pozulmamalıydı. Yenidən yaz gələcək, çiçəklər açılacaq, o çiçəkləri dərəcək, ətrini doya-doya qoxlayacaqdım.

Mən üçüncü sinifdə oxuyanda, Zərifə xala dünyasını dəyişdi. Təsirlənib xəbərsiz qərənfillərdən ikisini götürüb, qəbir üstünə getdim, iki gün qabaq qərənfilləri Şəmkirdən atamın dostu Akif əminin bağından yığıb gətirmişdik. Məzarlığa çatıb diz üstə çökdüm, doyunca başımı torpağa qoyub söhbət eləməyə, ağlamağa başladım, “Sən bizi niyə belə tez tərk elədin, mən səni çox istəyirdim, sənsiz o qədər çox darıxmışam ki, eşidirsən məni ay Zərifə xala? ” bu dəfə bərk hönkürdüm. Üzümü torpaqdan götürəndə günün saraltısı qalmışdı. Qərənfillərın gec solmasını fikirləşib torpağa sancdım. Elə bilirdim Zərifə xala gedişimi bilir, söhbətimi eşidir.

Bu gedişimdən hardan necə bilmirəm, təkcə Dünyamalı əmi xəbər tutmuşdu, öz məhlələrindən səsini aşağı endirib yavaşca dedi:

– Qadan alım, sən getdiyini bilirəm, xəbərsiz getmişdin eləmi, bu dəfə gedəndə tək getmə qorxu-zad olar sənə.

Zərifə xalanın bizi tərk etməsindən üç gün keçirdi. Elə ilk şeirim ordan dönüşdə misralandı…

“Gəlinlik adım qalmasın
Yurduma quşlar qonmasın
Mən getdim ki bu dünyadan
Namərd dünya da qalmasın!”

Kərpiclər bitmiş, bizsə xeyli böyümüş, məhləmizin arasına dəmirdən tor çəkilmişdi. Atam bilirdi ki, nəyisə çəkinmədən yalnız mən edərəm, qabaqca məndən şübhələnib sonra əlini alnına dayayaraq dərin fikrə getdi. Yox, bunun əllisini sən qırdın, əllisini külək qırdı, əvəzlədik, bəs qalan yüzü necə oldu? “Gecə qara, cücə qaqa” kim kimi görür, gecə gəlib oğurlayıblar yəqin. Bu sözləri elə əminliklə dedi ki, az qala inanacaqdım,

kərpiclərin axırına özüm çıxmışdım. Səsimi çıxarmağa üzüm yoxuydu, atamla üz-üzə gələndə əzab çəkirdim, doğru ilə yalan arasında qalmışdım, uzun çağ çaşbaş qaldım, desəm, deməsəm?!

Günlər ötüb keçir, fəsillər dəyişir biz yuxarı siniflərə addımlayırdıq. Bir səhər yuxudan oyananda, özümü tanımadım. Adım yadımdan çıxmışdı. Evimizin həyətindəki dağ, daş yadlaşmış, qoca ruh daşıyıcısına çevrilmişdim. Həmin gecə yuxumda altmışdan yuxarı yaşlı qoca kişinin ruhu bədənimə köçmüş, canımı ağırlaşdırmış, qocaltmışdı uşaqlıq sulietimi. Altı, yeddi saniyəlik unutqanlığım, illəri, bəlkə də əsrləri əhatələmişdi, hər şey sürətlə baş verirdi. Həyətdəki yeddüşəni elə bil ki, başqaları düzəltmişdi, başqaları oynamışdı. İlk olaraq dağı, sonra adımı, sonra həyətimizi yaddaşımda canlandırdım. Mən burada yaşamışam, hə bu bizim evin qabağıdır, dərədən su axır, mən də nəfəs alıram, yaddaşım öz halına qayıtdı.

Hər şey keçmişdə qalmışdı, gələcəyə daşıyacaq heç nə qalmamışdı. Bir daha oyun oynayıb, nərgiz toplayammadım, elə bil onları ömürlük əlimdən almışdılar. Dağın dalından çıxan günəş soluxmuş, kərpic kimi bir gecədə çiliklənmişdim…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir