DergiZan

Yazı ve Sanat Ülkesi

Ürək / Səidə Əliyeva *

Körpə quş kimi əsib, çırpınarsan,
Aram-aram döyünərsən ay ürək.
Bulud kimi dolarsan, boşalarsan,
Həzin-həzin kövrələrsən, ay ürək!

Ağrılar yaxalar hər addımbaşı,
Nəbzin tutar həkim, çatılar qaşı.
Güllərin şəbnəmi axan göz yaşın
Bülbülün fəğanı ah-nalən ürək.

Köhnə saat tək işlər, dayanarsan,
Həyəcanla təlaşlanar, sancarsan.
Dəyişkən payız havası, şıltaqsan,
Nədən narahatsan söylə, ay ürək?

Zərif xislətinə de dəydi kimlər?
Ömürdən gün alar ötdükcə günlər.
Çöhrəndən yığışdı hara gülüşlər,
Könlün həyatdanmı küsdü, ay ürək?

Xəyalın kədərə, qüssəyə dalıb,
Xoşbəxtlik dizinin dibində qalıb.
Bəxtin mürgüləyib harada yatıb?
Pərvərdigardan istə güc ay ürək.

Unut dərdi-qəmi, nisgil-kədəri,
Unutma ovqata mərhəmət, mehri.
Gəl qırma həyata bağlanan telləri
Arzu, səadətlə yaşa, ay ürək.

Hələ öndə neçə arzu, kamımız,
Qönçələnən ağ çiçək iqbalımız.
Gecələr sübhədək vurub aramsız,
Ah-fəryad qoparma ürək, ay ürək.

Dağıt qucağından möhnəti, qəmi,
Bağrına bas xoşbəxt, firavan aləmi.
Gəzib təbiəti, dolaş çəməni,
Gözəllik önündə susma ay ürək.

Dünya etibarsız, çəkmə qəhrini
Təbiət möcüzə seyr et sehrini.
Bir çəmən, çiçəyin duyub ətrini,
Huşunu itirmə, çaşma, ay ürək.

Yüksəl arzuların şah zirvəsinə,
Günəş kimi şəfəq saç ömür-günə.
Qübarlanıb dönmə yağış, çiskinə
Qəhərdən göynəyib üzülmə, ürək.

Keşməkeşli yollarmı yorub səni?
Üstünə ələnib dünyanın qəmi.
Qurut gözündəki dumanı, çəni
Təbəssüm yaraşır üzünə ürək.

Çox baş vurma ötüb keçən illərə,
Döz haqlı-haqsız olub keçənlərə.
Fikir vermə, əbəs deyilənlərə,
Ümid, təsəlli ver özünə ürək.

Fikir səni çəkir çox uzaqlara
Köks ötürüb qərq olma sükutlara.
Çən çöküb məna dolu baxışlara,
Duman-sis yığılıb gözünə ürək.

Kimi ömür sürər, yaşar, qocalar,
Kimi cavan köçər, sönər çıraqlar.
Ömrü ölümdən qoparmağı bacar,
Nə olar tələsmə yaşa, ay ürək.

Gəl ucaldaq ömür adlı sarayı,
Kərpici nəvaziş, gülüşdən olsun.
Könül bağçasında quşlar oxusun,
Sevinc dolu ömür yaşa, ay ürək.

Xəyalların qonar yolun qaşına,
Xatirələr boylanar yaddaşına,
Ümidlər doğrular, çıxar qarşına
Doya-doya yüz il yaşa, ay ürək,
Bir mənalı ömür yaşa, ay ürək.

  • Səidə ƏLİYEVA
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir