DergiZan

Yazı ve Sanat Ülkesi

Əsgər Kitabları və Göyçənin Qapısı / Şəfa Vəli


 Anamın bir göy üzlü dəftəri var…  Varını-yoxunu, doğulduğu evi, doğulduğum evi, Göyçə gölünü, Səməd ağanın dərəsini,  Qızlar bulağını, Rusqırılan dərəsini, adını bilmədiyim, amma anam danışdıqca təsəvvürümdə canlanan neçə düzü, dərəni, dağı, Dərədən Pəmbəyə gedən yolları, o yolların kənarı boyunca düzülən ardıc kollarını,  Bahar nənəmin  yaddaşında kök atan əfsanələrin yurdunu, nənəmin ömrünün sonunadək dilindən düşməyən Göyçə bayatılarının ünvanını arxada qoyub, təkcə məni-üç aylıq körpəsini alayaş bələyə büküb qucağına alıb “qaçdığı” o gecənin-1988-ci ilin 28 noyabr gecəsinin yanğılı xatirəsi var o dəftərdə… İndi  mənim şəxsiyyət vəsiqəmdə anadan olduğum yer  Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndi yox, Ermənistan SSR Vardenis rayonu yazılır.  Anamın o dəftərini oxuyandan sonra hər dəfə doğulduğum yerin adını görəndə nə hisslər keçirdiyimi anlada bilmirəm… Bacarmıram… Qoy buna söz əlində aciz qaldığım kimi yanaşsınlar, qoy məni o hisslərimi anlada bilmədiyimə görə istedadsız yazıçı kimi tanısınlar, bacarmıram…

Şükür etdiyim, sevindiyim, bəlkə də təsəlli kimi sığındığım təkcə odur ki, neçə qazaxlıya, neçə tovuzluya, gədəbəyliyə “Səməd ağanın dərəsindənəm” demişəmsə, hamısı tanıyıb. Unudulmayıb kəndimiz…

…Hərdən anam kəndimizdən danışanda əvvəlinə oxşama kimi bir söz də artırır: “Gül Dərə”-deyir… Anam öz yaylığının arasında Göyçədən üç gül gətirib-balaca, sarı ləçəkləri olan gülün adına “solmaz çiçəyi” deyir…  Heç vaxt o güllərin hekayətini soruşmamışam anamdan, soruşsam, özü də bilməz onu hansı fəsildə, hansı ayda yığıb yaylığının arasına qoyubmuş… Niyə yığıbmış… Axı, o, hardan bilirdi ki, soyuq bir noyabr gecəsində körpəsini sinəsinə sıxıb kəndini arxada qoyacaq, “Gül Dərə” deyə dilində əzizlədiyi kəndindən yadigar təkcə o üç çiçək qalacaq?

Çoxdandı anamgilə yolum düşmür, bu dəfə gedəndə o çiçəklərə bir də baxacağam…

Böyüdüyüm kənd Şəmkir rayonu Ələsgərli kəndidir.  Bacım 1993-cü ilin sentyabrında məktəbə getmişdi. Həmişə gəlib öz müəllimindən-İsmayıl müəllimdən danışardı. Bir gün də gəlib boş baxışlarla üzümə baxıb dedi:

-İsmayıl müəllim daha məktəbə gəlmir. Ayrı müəllimlər dərs keçir bizə. Kəmalə müəllim, Rüstəm müəllim, İbad müəllim…

Beş yaşım vardı, artıq iki əlifba ilə-latın və kiril əlifbası ilə yazıb-oxumağı bilirdim, eynimə də gəlmirdi ki, məktəbdə bacıma hansı müəllim dərs deyir. Məktəbin yolu bizim evin yanından keçirdi deyə, pəncərədən baxar, bütün müəllimləri hər gün öz ağlımca salamlayardım. Hamısı da mənə gülərdi. İsmayıl müəllimin o yoldan daha keçib getmədiyinin belə fərqində deyildim bəlkə də…

Bir gün bacım evə tez gəldi, anam niyə tez gəldiyini soruşdu. Bacım yenə boş baxışlarını mənə zilləyib dedi:

-İsmayıl müəllim şəhid olub. Dedilər, gedin evə, bu gün dərs olmayacaq.

Anam əllərini dizlərinə qoyub üst-üstə kərpicdən düzəltdiyimiz  sobanın böyrünə çökmüşdü:

-Yazıq onun uşaqlarına…-demişdi.

Onda anlamışdım ki, şəhid olmaq nəsə başqa şeydi,  az qala hər ay eşitdiyim “ölü yeri”ndən fərqlidi nəsə. Axı, kənddə həmişə “ölü yeri” olurdu, amma heç vaxt məktəbdən uşaqları evə yarımçıq buraxmırdılar. Anam da dizlərinin üstünə çöküb dolan gözlərini döşəməyə zilləmirdi; qara yaylığını yükün üstündən götürüb başına atır,  qonşudakı xalalara qoşulur, söhbət edə-edə “ölü yerinə” gedirdi… Yox, “şəhid olmaq” nəsə başqa şey idi, anamın dizini yerə gətirmişdi…

…Unutmuşam  neçənci sinifdə oxuyurdum, balacaydım, boyum partaya çatmadığına görə əmim partanın ayaqlarını kəsdirmişdi ki, alçaq olsun. Bir gün də məktəbimizin direktoru, ürəyində qaçqınlığın ən ağır yükünü daşıyan ahıska türkü  Halis Əhmədov sinfimizə gəldi, əlinə tabaşir alıb lövhədə yazmağa başladı: Nəsir Nəsirov adına Ələsgərli kənd orta məktəbi. Üzünü bizə çevirib dedi:

-Bu gündən dəftərlərinizin üstünə belə yazacaqsınız, ardınca da sinfinizin nömrəsini və ad-familiyanızı. Nəsir Nəsirov da şəhid oldu…

Bir hönkürtü əks-səda vermişdi sinfimizin boyası ovulmuş divarlarında… Hamı başını qapıya yönəltmişdi, bir kişi əllərini üzünə tutub ağlayırdı açıq qapının ağzında… Böyüdükcə tanımışdım o kişini-Vüqar Nəsirov idi, Nəsir Nəsirovun qardaşı…

Bir gün də Rizvan Pirnəzərovun iki körpə qızının qarşısında başını əydi kəndimiz… Bir gün də Dinar Mustafayevin şəhid olduğu xəbərinə saçını yoldu kəndimiz… Məktəbimizin ən böyük sinif otağının divarlarından asıldı əsgər şəkilləri yan-yana… Mən onların hamısını şəkillərdən tanıdım… O şəkillərin önündə dayananların bükülən dizlərində, ağlayan gözlərində, ağrılı ömürlərindəydi  Qarabağ…  

…Neçə gündü essem burdaca dayanıb… O ağrılı ömürləri, o bükülən dizləri anlatmağa da söz tapmıram hər gün eşitdiyim zəfər xəbərləri qarşısında… Və hər gün eşitdiyim şəhid xəbərlərinin qarşısında… Mən bilirdim ki, göz yaşı iki cür olur: biri sevincdən axır, biri kədərdən… Otuz iki yaşım var, hələ indi anlayıram ki, göz yaşının üçüncü növü də varmış-sevinclə kədərin vüsal anında insan acizliyinin məğrurluğunu anladırmış o göz yaşları.

Şəmkir rayonu Ələsgərli kəndindən danışırdım axı… Kəndimizdə bir ovuc qaçqın məskunlaşmışdı. Bu balaca kənddə Göyçə mahalının hər kəndindən adam vardı: Pəmbək, Aşağı Şorca, Yuxarı Şorca, Güneykənd, Babacan, Qayabaşı, Kəsəmən, Zod, Şişqaya, Bala Məzrə, Böyük Məzrə, Ağqoyunlu dərəsindən, Gölkənddən… Sonra Kəlbəcərdən qaçqınlar gəldi; on bir il məktəb həyatımda ən yaxın rəfiqəm oldu Kəlbəcərin Zəylik kəndində dünyaya gələn İlahə… O bir ovuc qaçqının hamısı SSRİ vaxtı “erməni kəndi” sayılan bir balaca yerdə-keçmiş Badakənddə bir-birinə həyan oldular, dillərində yurd yanğılı bayatı, ürəklərində  hardasa öləziməyə qoymadıqları bir ümid ömür sürməyə başladılar…  İndi düşünürəm,  Aşıq Ələsgərin şərəfinə adı “Ələsgərli” qoyulan o balaca kəndin qəbristanlığı yaman tez böyümüşdü; yurd həsrətinə dözməyənlər yuxularında getdikləri evlərindən dönmək istəməyəndə əcəlin qucağına sevərək atılırdılar…

Böyüdükcə kəndimizin ermənilərin kəndi yox, məhşur konyakları üçün uzunburun gavalı yetişdirdikləri plantasiya olduğunu anladıq hamımız; kəndimizin iki tərəfində vertolyotlar üçün eniş meydançası vardı, bizdən aşağıdakı Tatarlı kəndinin sakinləri söyləyirdilər ki, ermənilər qışda bu kənddə qalmırdılar, gavalı mövsümündəsə balaca evlərdən səs-küy, yeyib-içmək səsi əskik olmurdu. Gələnlər də həmin gavalı, alma bağlarında işləməyə-məhsulu yığmağa gəlirmiş… Beləydi o balaca kəndin “tarixçəsi”… Ta Ələsgərli olanadək…

…Neçənci sinifdə oxuyurdum onda, unutmuşam, anamın dayısı  Gəncədən bizə qonaq gəlmişdi, çantasında da bir kitab gətirmişdi. Məşədixanım Nemətovanın kitabıydı. Kitabın üz qabığına baxa-baxa dedim:

-Dayı, bu kitab erməni qəbirlərindən bəhs edir?

-Yox, elə bizim öz qəbirlərimizdən bəhs edir…-dedi və güldü.

Əlindən tutub çəkə-çəkə kəndimizin çıxacağındakı balaca təpəyə-“erməni qəbiristanlığı” dediyimiz yerə apardım. Girişdəki bir neçə təzə qəbirin üstündə erməni dilində yazılar vardı. Qəbiristanlığın içərilərinə doğru irəlilədikcə qarşımıza daha qədim, qoç şəkilli, at şəkilli baş daşıları çıxdı. Onları dayıma göstərdim, dayım dizlərini yerə qoyub əliylə o başdaşıların üstündəki yazıları sığalladı, ay-ulduz işarələrini diqqətlə süzdü  və dedi:

-Bunlar ki qədim türk qəbirləridi…Bunları araşdırmaq lazımdır…

Sonra kimsə bizi çağırdı, dayımı kimsə evinə qonaq apardı, bir neçə gündən sonra da dayım Gəncəyə qayıtdı. Bir gün də mən məktəbi bitirib instituta daxil oldum və o kənddən çıxdım… Sonra dayım dünyasını dəyişdi, mən həyatın arxasınca yüyürdükcə  də o baş daşıları məndən çox uzaqda-illərin o tayında qaldı… İndi mənə elə gəlir ki, kəndimizi unudulmağa mən məhkum etmişəm; bir daha ora dönməməyimlə… Bu nisgili ürəyimə salan Zaur oldu; balaca barmaqlarıyla qanqal yarpaqlarını didib qaz cücələrinə tökən o balaca Zaur… Bu il, sentyabrın 27-də başlayan “Vətən müharibəsi”nin ilk şəhidlərindən oldu Nəbiyev Zaur Ələddin oğlu. Məni ən çox göynədən isə onun adı yazılmış kiçik kağızı görənlərin sosial şəbəkədə verdiyi sual oldu:

-Haradı ki Ələsgərli?

O balaca kənddən çıxdığım vaxt Zaur da balacaydı. Onunla bağlı son xatirəmdə anamın bişirdiyi, bizim hamımıza çay stəkanında verdiyi dovğa da var.  Anasının gözündən oğurlanıb yenə bizə qaçmışdı sözləri cümlə eləməyə yenicə başlayan Zaur. Anam ona da pay çıxmışdı dovğadan, amma dolu çay stəkanını qaldırmağa onun gücü yetməmişdi. Dovğaya baxıb udquna-udquna demişdi:

-Ooo …Onun adı nədi?

-Kimin, ay Zaur?

-Doooğa verənin.

-Vəliyeva Güldərən.

Qaçaraq anamın yanına getmişdi, ətəyindən tutub çəkmişdi, ərklə demişdi:

-Ay Vəliyeva Güldərrrən, mənə balaca stəkanda doooğa verrr!

Hamımız gülmüşdük, anam onun dovğa payını balaca, şirəli, qulplu fincana tökmüşdü…

…İndi şəhidlik bulağından öz  payını hamıdan qabaq içənlərdən oldu Zaur. Öz qısa ömrünün sonuna bu adı nida kimi qoydu getdi…. Şairlərin “ən romantik yaş dövrü” dedikləri iyirmili yaşlardan kamını almadı, amma ilk fürsətdə Ələsgərliyə gedəcəyimə söz verdirdi mənə… Mən bunu ona-Ələsgərlinin ən kiçik şəhidinə borcluyam…

…O günü anamla yenə xatrladıq Zauru, anam məndən də ötəyə keçdi, Zaurun ata yurdu Pəmbəyi, ana yurdu Dərəni qarış-qarış gəzdi xatirələrində… Sonra Zaurun hələ balacaykən ağıllı uşaq olduğunu, anamın “qaçqın kitablar”ından birini belə cırmadığını, sakitcə götürüb oynadıb, sonra da döşəmədə qoyub anasının səsinə tərəf getdiyini söylədi. Sonra susdu anam… Bilirəm, ağlamadı, səsli ağlamaz anam, biz görərkən ağlamaz anam, gecələr öz otağında üzünü divara çevirib səssizcə ağlayar, ya da işə gedərkən Gəncə çayının üstündəki körpüdə dayanıb səssizcə kövrələr anam… Susması ağlamağından daha betərdi amma… O, susdu, mənsə yenə söz əlində naçar qaldım. Handan-hana sükutun  pəncərəsinə daş atan da anam oldu:

-O kitablarımın hamısını payladım ta… Hamıya payladım, hamıya. Otuz  iki ildi qoruduğum, saxladığım kitabları payladım getdi…

-Niyə?

-Bilmirəm, gördünmü, o günü bir video göstərirdilər, yaralanan, şəhid olan əsgərlərin çəkmələrini çəkmişdilər…

-Hə, gördüm…

-O çəkmələr də o əsgərlərin kitablarıdı, onlar yazdıqlarını uydurmurlar yazıçılar kimi, tarixçilər kimi… Onların şeiri də, romanı da o çəkmələr ayaqlarında elədikləri, yaşadıqlarıdı… Əgər o əsgər çəkmələri bu gün sahibsizdirsə… Daha mənimçün heç bir kitabın, jurnalın mənası qalmadı…

Sonra mən susdum… Yenə sükutun pəncərəsini anamın səsi döydü:

-İncimə ha…

-İncimirəm. Fikirləşirəm ki, görəsən, o çəkmələrin içində Zaurun da çəkməsi vardımı?

-Elə hamısı Zaurundu, o çəkməni geyinən hamısı Zaurdu elə…

-Və hər şəhid çıxan qapı da Ələsgərlidi, hə?

-Hə… O qapıların hamısı Göyçəyə açılan apılardı, nağıllardakı kimi, nə vaxtsa, sonuncu-qırxıncı qapı da açılacaq.

-Amin!

(oktyabr-dekabr  2020)

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 25 eseri bulunmaktadır.