DergiZan

Yazı ve Sanat Ülkesi

Qarabağı Ürəyimdə Gətirmişəm / Terane Arifqızı

Zaman çatıb!- deyən kimi,
Sərkərdəmin -Qalx!-səsinə
oyanmışam, səs vermişəm.
Yetər artıq, ay qəsbkar,
ay zülmkar, bəs demişəm!
Qaniçənin yaddaşına yazılacaq,
Məzarını qazdıracaq dərs vermişəm.
Xudafərin nəfəsini Xan Arazın küləyində
Gətirmişəm, Vətən sənə!

Nifrətimi top ağzında yağdırmışam yağış kimi,
sıldırımlar üzərində,
meşəlikdə, cəngəllikdə,
əlbəyaxa döyüşlərdə
susdurmuşam namərdləri bir daş kimi.
Bütün dünya şahid olub,
haqq uğrunda savaş kimin?
Mən haqqımı Allahımla, mələyimlə
gətirmişəm, Vətən sənə!

Hər addımda bir kəndimi,
hər nəfəsdə bir daşımı,
bir zirvəmi, bir bəndimi,
hər atəşdə əl qoyduğum
Quranımı, pir andımı,
hər ocağa bərəkəti çörəyimdə
gətirmişəm, Vətən sənə!

Otuz ilin ağrısını, acısını,
həsrətini, sancısını
qırx dörd gündə bitirmişəm.
Qırx dörd günün hər anında
gözlərimi, ayağımı,
əllərimi, qollarımı,bədənimi itirmişəm.
Əvəzində…əvəzində
bütövləşıb böyümüşəm.
Yenilməyən ordu adı, qazi adı,
əbədiyyət yollarını fəth eyləyən şəhid adı,
qalib adı qazanmışam.
Anaların, bacıların üzağlığı
namusumu, vicdanımı,
son borcumu qeyrətimdə
gətirmişəm, Vətən sənə!

Bir çiynimdə odlu silah,
bir çiynimdə dost yaralı…
Bir gözümdə düşmən adı,
bir gözümdə vaxt daralır,
Sal daşları əllərimlə didə-didə,
hər anımda ölüm qoxan o yolları gedə-gedə,
Şəhidimi qucaqlayıb kürəyimdə
gətirmişəm, Vətən sənə!

Düşmənin talan etdiyi
uçuq-sökük divar olub səngərimiz…
Yıxıb düşmən xəyalını yerişimiz, ləngərimiz,
içimizdə Vətən eşqi, nə olacaq əngəlimiz?
Hər oğulun qisasını
yumruq kimi biləyimdə
gətirmişəm, Vətən sənə!

Məzar-məzar, şəhid-şəhid
çoxaltmışam, qaytarmışam,
yağı düşməndən almışam
mən bu Vətən torpağını.
İti qovan tək qovmuşam
doğma yurddan şər, yağını.
Birdəfəlik bu zillətə, xəyanətə
son qoymuşam.
Kəsmişəm ağ yollarımdan
onun qara ayağını.
Tarıx deyə yazılacaq bu dastanı
söhbətimdə gətirmişəm, Vətən sənə!

Bayrağımı qaya üstə, dağ başında
zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,
türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
qürur dolu avazımla
azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
gətirmişəm, Vətən sənə!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.