DergiZan

Yazı ve Sanat Ülkesi

Torpağın Gözü Acdı / Təranə Arifqızı

Məkan…Canım Türkiyəm…
Sakit, dəhşətli gecə…
İl iki min iyirmi üç…
Hər kəs yatır sakitcə.

Fevralın altısıdır…
Dörd on yeddidi zaman…
Ayrılır yer yerindən
Ölüm- qaranlıq duman.

Dərdlərin yuxusu yox,
qaçırdığı yuxudu.
Daş altından boylanan
Çarəsizlik, qorxudu.

Evlər üyüdülmüş dən,
Yersə, yer boyda sacdı.
Tanrının əli açıq,
Torpağın gözü acdı.

Pərdələr pəncərəsiz,
Otaqlar divarsızdı.
Hərdən dillənir həyat,
Ölüm necə arsızdı.

Donmuş üzlər danışır,
Həyat- ölüm qol- boyun.
Qaranlıqdan işığa
Yatan da var yol boyu.

Yumşaq yataqlarından
insanları qopardın.
Daş altında yuxuya,
Tanrı, özün apardın.

Nələr olur?- soruşan
körpə, nələr olmadı??
Həyatın alt- üst olub,
daş-daş üstə qalmadı.

Harda anam?- Sualın
çox insana sözü var.
Axtarıb tapmaq üçün
yer altı, göy üzü var.

Məsumların önündə
günahkardı böyüklər.
Bağışla məni, körpəm,
sənə ağır bu yüklər…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.