Üç Şiir / Sevil Gül Nur
Sol Ağrı
Geyinmişəm əynimə
Ayrılığın biçdiyi
Dərdlərin ən yekəsin.
Yolların bağrın yaran
Səfil kimi gəzirəm
Bu milyonlar ölkəsin.
İndi mənim ruhumu
Oxşamır o şeirlər,
Oxşamır o nəğmələr.
İndi mənə dağ çəkir
Ruhuma göndərdiyin
Eşq ətirli kəlmələr.
O xoş günlər vardı ha,
Hamısı bircə-bircə
Silinib yaddaşımdan.
İndi də qucaq-qucaq
Kədər yağır içimdən,
Qəm tökülür başımdan.
Bu yarımcan ürəyə
Ağırlıq eyləyirsən,
Birdəfəlik yığış, get.
Sol tərəfim yıxılıb,
Sol yanım viran qalıb,
O yandadır çıxış, get.
Gedəndə elə get ki,
Gedişini görməyim,
Addımın səs salmasın.
Ağlını da götür, get,
Apar onu özünlə,
Ağlın məndə qalmasın.
Amneziya
Gəlişin bir ağrı gətirmişdi ömrümə,
Addım səslərindən
artmışdı cismimim sol ağrısı,
təzələnmişdi ruhumun köhnəlmiş yaddaşı.
Başlamışdı gecələrlə gündüzlərin,
“olar”larla “olmaz”ların
qanlı savaşı.
Səsin qulaqlarımda doğulan yanğı idi,
Baxışın gözlərimi deşən sancı.
Əziyyət çəkirdim güclü yaddaş ağrısından.
Gözlərim sənsizliyə açılanda
odlu baxışların düşdü
gözümün yaddaşından damcı-damcı.
Bir şeir pıçıldamışdın saçlarıma,
bir xatirə buraxmışdın ovuclarıma.
Ayrılıq küləyi itirdi saçlarımın
yaddaşını,
səpələndi misralar lal gecələrə.
Ovuclarım qışın nəfəsində
üşüyəndə
korşaldı əllərimin yaddaşı,
xatirən süzülüb dağıldı
küçələrə.
Əllərim yaddan çıxartdı
nəfəsinin odunu,
Qəlbim də unutdu
darıxmağın dadını.
Bir ruhumun yaddaşı qalmışdı məndə,
Onu da soyuq fevral gecəsi
aldı əllərimdən,
Onun da doymadım dadından –
Bir qış gecəsi şaxta şəhəri
ağuşuna alanda
ruhum itirdi yaddaşını,
eşq qucaq-qucaq çıxdı
ruhumun yadından…
Daş İnad
Səpdin göy üzünə ayrılıqları,
İndi buludlardan vüsal süzülmür.
Mənim ürəyimdir, dözür hələ də,
Yer – göy də götürməz bu boyda zülmü.
Susub dodaqların yol ayrıcında,
Gələn sabahıma xeyir söyləmir.
Gözlərin unudub pıçıldamağı,
Daha baxışların şeir söyləmir.
Düşüb tərsliyinin məngənəsinə,
Ərköyün hikkənin əlində qaldım.
Yazıq saçlarımın günahı nəydi?
Yenə də heyfimi onlardan aldım.
O daş inadını tulla dənizə,
Odur yolumuza hər an daş qoyan.
Onsuz nə sən məndən çıxıb gedənsən,
Nə də ki, mən səndən ayrı yaşayan.
Günlərdir, qapıya ilişib gözüm,
Sən də darıxırsan mənsiz, bilirəm.
Əvvəlcə bu yersiz qürurunu yıx,
Sonra da mesaj yaz: Gözlə, gəlirəm…