DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Sevil Gül Nur

Ayrılıq oyunu

Belə olmur, birdənəm, qaydası var oyunun,
Dilin qabar etməzlər bu oyunda sayanın.
“Üçə qədər say” dedin, bu neçənci “üç” oldu?
Yer tapıb gizlənməyin niyə belə gec oldu?
Gözlərimi açınca ay ötdü, ilə döndü,
Nə dərin gizlənmisən, tapmaq müşkülə döndü.
Hisslərimin ən təmiz qatında gəzdim səni,
Qanayan dodağımın çatında gəzdim səni.
Həm bu günümə baxdım, həm dünənə boylandım,
Barmaqlarım ucunda qalxıb yenə boylandım.
Ümid gələn yerləri birbəbir soraqladım,
İçimdə pıçıldayıb: “Ya səbir” soraqladım.
Daha harda axtarım, xəyal dənizindəmi?
Solan xatirələrin hər itən izindəmi?
Adını səsləməkdən yara bağladı dilim,
Yoruldu sənə tərəf uzanıb qalan əlim.
Çıx daha, gözləməkdən taqətdən düşdü gözüm,
Bu ayrılıq oyunu bitmədimi, əzizim?

Özünə sarıl

Gəl, özü öz içindən
Yıxılıb çökən qadın.
Gecələr göz yaşını
Yastığa tökən qadın.

Gəl oturaq səninlə
Dərdi baş- başa çəkək.
Ovcumu yaxın tutum,
Göz yaşını süz, içək.

Aç qəlbini qəlbimə,
Nə var, nuş edim bir-bir.
Dərdləri parçalayıb
Çeynəyim, didim bir-bir.

Alım qəmin əlindən,
Xilas ol bu ağrıdan.
Günah olmaz, halaldır
Bir oğruya oğrudan.

Tanrı unudub səni,
Atıbdır gözlərindən.
Gəl mən yaradım səni
Ruhumun sözlərindən.

At dünyanın kədərin,
Çıxar sevincin dadın.
Al məni ürəyinə,
Özünə sarıl, qadın.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.

Yazarın diğer yazıları