DergiZan

Yazı ve Sanat Ülkesi

Qış Şiirleri / Sevil Gül Nur

Qış Nağılı

Uzaqlarda üşüyənim,
Dərd eləmə qarlı qışı.
Başın üstə haray salan
Bu küləyi, bu yağışı
Susduraram gəlişimlə…

Həzin şeir pıçıldayar,
İzləyərəm dodağını.
Yenə işıq saçsın deyə
Rəngi solmuş yanağını
Bəzəyərəm əl işimlə…

Hər gecə qış nağılını
Danışaram aram-aram.
Görsəm, gözlərin üşüyür,
Bir təbəssüm yandıraram,
İsinərsən gülüşümlə…

24. 01. 24

***

Şah Beyt

Bu soyuq qış gecəsi yaza dönə bir anda,
Həsrətindən öldüyün gəlib dura qapında.
Ömrünə hakim olan qasırğalar səngiyə,
Könlündə güllər aça, qəlbin əlvan don geyə.

Gəlişi qanı qaçmış duyğulara qan verə,
Baxışı o sönükən gözlərinə can verə.
Dikilə nəzərləri tir-tir əsən çiyninə,
Çıxarıb pencəyini geyindirə əyninə.

Quruyan dodaqların bir söz deyə bilməyə,
Qaldıra əllərini göz yaşını silməyə.
Əriyə yanaqların, itə ovuclarında,
Hicranın vahiməsi bitə ovuclarında.

Darıxan saçlarını barmaqları ovuda,
Ətrindən məst olasan, ruhun özün unuda.
Unudasan keçmişin acı xatirəsini,
Çəkəsən ciyərinə alovlu nəfəsini.

Alışan iztirabın sönə dodaqlarında,
Hissin dəli tufana dönə dodaqlarında.
İçini parçalayan qaranlıqlar dağıla,
Bugecəki görüşdən bir şeir də doğula.

Oxşayıb şeirlərin gah misra, gah beytini,
Ona pıçıldayasan hər şeirin şah beytini.
Yenidən eşq alovun sancasan yaxasına,
Gedəsən milyonillik məhəbbət yuxusuna…

26. 12. 2023

***

Ruhun Bayramı

Sənsiz şaxta kəsir yetim ruhumu,
Günəşin üzünü qəlbimə döndər.
Topla göy üzündən ulduzları da,
Qaranlıq ömrümə hədiyyə göndər.

Dindir dalğaları, mahnı bəstələ,
Titrəyən dilində söz ləpələnsin.
Bir şeir pıçılda üzü göylərə,
Buluddan üstümə eşq səpələnsin.

Yağsın səmaların nuru üstümə,
Saçlarım yağışın sehrinə düşsün.
Yolla nəfəsini əsən küləklə,
Ruhumun havası bir az dəyişsin.

Yox, ya da özün gəl, özün bu gecə,
Susan ümidlərim səninlə dinsin.
Gəlişin can versin daş otaqlara,
İsti baxışınla bu ev isinsin.

Qayıt, bu həsrətin nəfəsini kəs,
Sevgi ayrılığı qoy ram eləsin.
Saatı vüsala qurmuşam, ömrüm,
Gəl, ruhum səninlə bayram eləsin.

05. 01. 2024

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.

Yazarın diğer yazıları