Alın Yazım / Aynur Agabaleyeva
İllər öncəki xəyalım,
İllər sonra da arzumsan.
Yetişmədiyim vüsalım,
Həsrətim, eşq avazımsan.
Qəlbimdəki tək istəyim,
İnləyən könül sazımsan.
Səninlə vurur ürəyim,
Yaşamağıma lazımsan.
Hərdən çiçəkli baharım,
Hərdən qışım, ayazımsan.
Ürək param, tənim, yarım
Bəlkə də, mənim özümsən.
Olsam da səndən uzaqda
Röyyalarımda mənimsən.
Şerimsən bəyaz varaqda
Taledə alın yazımsan.