Üç Şiir / Osman Fermanoğlu
SÖZ OLMUR
Teyfur Çələbiyə
Sözüm söz gətirmir atam, qardaşım,
Söz sözdən qopanda uca söz olmur.
Atılan daşlarla tən gəlmir daşım,–
Hər yan- yana gələn heca söz olmur.
Ha yana baxıram günah çağırır,
Hər günah içində yüz ah çağırır…
Dilim hər dinəndə sabah çağırır,–
Sözlərim kal qalır, qoca söz olmur.
İçimdən boylanır gen bildiklərim,
Qurd çağıran olur çən bildiklərim.
Cücərib böyümür dən bildiklərim,
Qovrularaq düşür saca,söz olmur.
Sözümün arxası, həm önü bağlı,
Bu günü didərgin, dünəni bağlı…
Gedəcəyim yerin hər yönü bağlı,
Qapısız canımda baca söz olmur.
Osman, öz dilindən düşsə də oda,
Sözün köntöyündən tapsa da xata.
Çaşaraq heç kimi çağırmır dada,–
Neyləyim, ağlımda haça söz olmur.
VARSA
Nə yuxu gətirən gündü,
Yatmağa yatağın varsa…
Hər tərəfdə toy-düyündü,
Oynarsan, ortağın varsa.
Üzündəki sehir, ovsun,
Göyərmədə yosun-yosun.
Qoy gözünə, qoy tox olsun,
Bir ovuc torpağın varsa.
Gücün yoxsa, dirənməyə,
Haydı, başla sürünməyə…
Xoş halına, bürünməyə
Quruca yarpağın varsa…
Baxma, yaşına-yaşına,
Çıxmısan ocaq daşına.
Özgə gəzmə, yax başına,
Əllərində yağın varsa.
Osman, itmə, getsən hara,
Dərdlər taparaq çıxarar…
Get, bir də at qapılara,–
Başında papağın varsa.
21 mart 2019.
YERİN VARMI ÜRƏYİMİZDƏ
Səni yuxu-yuxu sevdik,
dərd- dərd ovutduq,
sən əlimizdən sürüşdükcə,
biz də ovulduq…
Bu gedən qışdan bizə qalan
küləyin apara bilmədiyi qovutdu,
Elim, obam,yurdum…
Səni qoyun otaran çoban
sürünü əzizləyən kimi əzizləyirik…
Piyada qalmış adamlarıq,
özgənin əlimiz çatmayan
ulağını bizləyirik…
Düzün- düzündə
yuxu tökülür gözlərimizdən,
Tənbəlin evdən eyvana çıxanda dediyi
“Şah sözləriyik”..
gözümüzü yumub canavarın sürüyə
təpiləcəyi günü gözəyirik,
ağrım, əzabım, umudum…
“Xoşbəxtiyə” qafiyə axtarırıq,
kimi kabab yeyə- yeyə,
kimi kabab yeyənə baxıb
başını yelləyə- yelləyə,
Kİmi kətil üstünə çıxıb
boğazını uzadır
əli çatmayan ilgəyə…
Yerin varmı ürəyimizdə, Vətən,
Niyə ulamır, QURDUN?!
20 mart 2017