DergiZan

Yazı ve Sanat Ülkesi

Cənnət Qoxan Bayrağım / Gülsade İbrahimli

Bayrağıma bürünüb Naxçıvanın göyləri,
Bura daşın daş üstə daşa hopan yeridir.
Bura canım Bayrağın rüzgar qanadlarıyla
Qanad çırpan yeridir!
Durmuşam Əlincədə,
Üzüm Turana sarı.
Təbrizimə, Dərbəndə,
Şuşama, Qarabağa,
Zəngəzura, Göyçəyə…
Üzüm Cahana sarı!
Gözlərimi qapayıb, dinləyirəm səsini,
Ər meydanı sulayan igidlər nərəsini.
Çaxnaşanda qılınclar göydə şimşəklər kimi,
Kim dura bilmiş axı oğulların önündə?!
Şaxə qalxan atların kişnərtisin duyuram.
Mənim şanlı tarixim qələmlə yazılmayıb,
Bu torpağın köksünə dəmirlə döyülübdür.
Səma qoxan,
Bulud qoxan,
Göy qoxan qız ismətli bayrağım,
Vətən oğullarının çiynində böyüyübdür.
Kölgə salır üstümə dəli köhlən bayrağım,
Nazlanır kölgəsində cənnət qoxan torpağım.
Naxçıvan, mənim ən dəli nidam,
Yazılmamış qafiyəm,
Deyilməmiş sözümsən!
Kürümsən,
Arazımsan
Mənim sərbəst şeirimsən.
Zirvə qartalı kimi qanad çalır köksündə
Mənim şanlı bayrağım,
Nazlanır kölgəsində cənnət qoxan torpağım!
Öpürəm torpağımdan,
Öpürəm bayrağımdan!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 12 eseri bulunmaktadır.