İki Şiir / Sevil Gül Nur

Nikah
Məsafələr şəhərlərdən
Ölkələrəcən uzandı.
Yollar əjdahatək uddu
Min-min vədi, yüz-yüz andı.
Sən Allah, bəhanə gəzmə
Bir də geri qayıtmağa.
Mən milyon səbəb tapmışam
Səni qəlbimdən atmağa.
Gedişinə arxalandım,
Ruhlandırdı bu güc məni.
Bir də, yoxluğun sağ olsun,
Darıxdırmadı heç məni.
Onca günə unutdurdu,
Zamanın qanı soyuqdur.
“Səni itirmək” adlanan
Daha o qorxular yoxdur.
Daha kəsmir nəfəsimi
Həsrət dolu bu dörd divar.
Allah haqqı, tək deyiləm,
Yanımda sakitlik də var.
Vurduğun o sərt zərbələr
Vaxtın əliylə sağaldı.
Ürəyim yeddi canlıymış,
Yenə ölmədi, sağ qaldı.
Ayrılıq aldı ruhumu,
Oxşadı min bir qılıqla.
O səndən vəfalı çıxdı,
Nikahlandım ayrılıqla…
2024
Savaş
Dekabrın soyuğunda
kitablardan boylanan şeirlərin misralarında
görüşdük,
Yarım qalmış hissləri,
böyüməmiş duyğuları səssiz-səssiz bölüşdük…
Eyni misraların ahənginində susduq,
Fərqli sətirlərin ritmində danışdıq,
Boylandıq uzaq keçmişə,
Keçmişdən gələn səsləri boğmağa çalışdıq…
Bir savaş başlatdıq qürurla sevgi arasında,
Ürəyin səngərində oturub gözlədik.
Anbaan bu soyuq savaşı izlədik.
Atalar üçdən deyib,
“Üçü atlatsaq, zəfər bizimdir”, dedik.
Üç yaz, üç yay, üç payız yaşadıq,
Üçüncü qışa çatmadıq.
Oktyabr günəşi yeddinci dəfə
buludların arxasına çəkiləndə
Mən səndən çəkildim,
sən bu ölkədən…
Canımızı qurtara bilmədik
başımıza daş yağdıran bu qəddar
hikkədən…
Ayrılıq günəşi yolumuza işıq saldı.
Bizi səadətə səsləyən
vüsal limanı dağıldı…
Napaleon kimi qüdrətli sevgimiz
Dərbənd qapıları arxasında əsir qaldı…
- 2024