DergiZan

Yazı ve Sanat Ülkesi

Dört Şiir/ Sevil Gül Nur

Son Nəfəs

Bu ayrılıq qoymaz qala ruhumda güc,
Yenilərəm həsrətinə ya tez, ya gec,
Darıxmaq da ürəyimə ovuc-ovuc
Ağrı səpər…

Qalaqlanar dərd içimdə düzüm-düzüm,
Nə ürəyim baş çıxarar, nə də özüm…
Tükənər son anda ümid, canda dözüm,
Dizdə təpər…

Ayrılığa tab etməkmi? Sən de, necə?
Nəfəs gedir, bəlkə bitər sən dönüncə.
Tez gəl, yoxsa bu gözləri səndən öncə
Ölüm öpər…

  1. 2024.

Ruh əkizi

Bir ruh göylərdə azmışdı,
Ruhumun izinə gəldi.
Yol göstərdim misra-misra,
Şeirimin sözünə gəldi.

Harayladım uzaqlardan,
Çıxdı o sərt sazaqlardan.
Keçərək qarlı dağlardan
Könlümün düzünə gəldi.

Bilirəm, dərdi çox oldu,
Həm büdrədi, həm yıxıldı,
Başqa kəslərdə sıxıldı,
Ruh öz əkizinə gəldi.

Gəldi sahibi yuxumun,
Getdi ağrısı qorxumun.
Mənim də bu kor duyğumun
Gur işıq gözünə gəldi.

Keçdi qəlbin boş yerinə,
Daldı hisslərin seyrinə,
Qonaq elədi şeirinə,
Ac ruhum özünə gəldi.

  1. 2024.

Daşını Atmışam Darıxmaqların

Bilirdim, qaranlıq keçib-gedəndir,
Bilirdim, gecələr ömürlük deyil.
Bax sabah açıldı, bitdi həsrətim,
Daha sənsizliyim mənə yük deyil.

Daha qorxularım əriyib-gedib,
Onlar əvvəlkitək məni üşütmür.
Bütün acılara kar olub ruhum,
Haray salsalar da, indi eşitmir.

Mənə doğmalaşıb sadiq təkliyim,
Dadı damağımda çox şirinləşib.
O qədər ayrılıq yaşamışam ki,
Səbrimin kasası lap dərinləşib.

Bölüb ayrılıqlar öz arasında –
Qəmimdən üç buna, beş ona düşüb.
Daşını atmışam darıxmaqların,
Gedib ağrıların başına düşüb.

  1. 2024

Məlhəm

Ayrılıqdır da, ömrüm,
Ya az, ya da çox olsun.
Başağrısı deyil ki,
Sinirimə toxunsun.

Həsrət cəmi üçcə gün
Boğazımı yandırar.
Ruhumdan axan qanı
Zamanlar dayandırar.

Yarama məlhəm çəkər
Vaxtın şəfalı əli.
İtirər qulağımdan
Səsini sabah yeli.

Bakının sərt küləyi
Elə tufan qoparar,
Əlimdən əl izini
Birdəfəlik aparar.

Ağrılar üsyan edər
Göydə ay batanacan.
Uzağı, bir şeiri
Bətnimdən atanacan.

Elə ki həmin gecə
O xoş şeir doğulur,
İnan ki, ondan sonra
Ağrılar da yox olur.

Bilirsən, hicrandan çox
Daşın üzü soyuqdur.
Ayrılıqlar dərd deyil,
Ölümə çarə yoxdur.

  1. 2024.
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 9 eseri bulunmaktadır.