DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Sevil Gül Nur

Yeni üfüqlər
 
Əlimdə bir tikə ümid qalmışdı,
Atdım gözlərinə gələn sabahın.
Dualar uzatdım göyün üzünə,
Gedib ətəyinə çatdı Allahın.
 
Bahar günəşinin rəngli telləri
Bənizi soluxmuş ruhuma çıxdı.
Köhnə limanları geridə qoydum,
Yeni üfüqlərə ruhum açıqdır.
 
Atdım ürəyimdən həsrət yükünü,
Çıxdım xoşbəxtliyin uca dağına.
“Sənsiz yeni həyat” başlığı yazdım
Bu yeni təqvimin ilk yarpağına.
 
Daha məni əzməz ayrılıq yükü,
Qəlbimi bağladım kədərə, aha.
Unutdum yaşanan acı günləri,
Səndən bir nişanə qalmadı daha.
 
Üzünü, səsini xatırlamağa
Nə qədər can atdım, baxdım, olmadı.
Bağışla, o qədər xoşbəxt oldum ki,
Səni düşünməyə vaxtım olmadı.
 

Dönmərəm
 
Gəlişilə gerçəkləşmiş yalan yuxum,
Cana gəlmiş can vermədə olan duyğum,
Nəfəsilə isinmədə bütün ruhum,
Donmaram ki…
 
Buraxmaz ki, çulğadısa bu eşq kimi,
Ruhlandıran bir hiss varmı saf eşq kimi?
Bütün dünya qarşı çıxa, öz eşqimi
Danmaram ki…
 
Dağ səbrimi döndərərəm aya, ilə,
Həsrətindən külə dönmək olsa belə,
Ağrıları gətirmərəm əsla dilə,
Dinmərəm ki…
 
Yüz min tikə qoparalar bu tənimdən,
Ya dərimi sıyıralar bədənimdən,
Xeyri yoxdur, “Eşq” adlanan bu dinimdən
Dönmərəm ki…


Son gediş
 
Gözün aydın, yol adamı,
İstədiyin oldu axır.
O son gedişindən sonra
Salmamışam çığır-bağır.
 
Hər gün ağlaya – ağlaya
Yazmamışam: “Darıxmışam”.
Nə yollarını kəsmişəm,
Nə də qarşına çıxmışam.
 
Gedişindən öyrənmişəm
Yoxluğunla yaşamağı.
Həsrətin ağır olsa da,
Bacarıram daşımağı.
 
Unutmuşam deyinməyi,
Nə dava var, nə də dalaş.
Elə səni sevməyi də
Unuduram yavaş-yavaş.
 
Sən idin hər ayrılıqda
İlk söz deyən, son söz deyən.
Dönüb pozma düzənimi,
Alışmışam sənsizliyə…
 
 
Morfin
 
Sevgi oyununda bir tərəf itirəndə
qazanan yalnız zaman olurmuş,
İki məğlubun nikahından
dağ boyda ayrılıq doğulurmuş…
Sən demə,
inadımız eşqimizdən müqəddəs imiş,
Tapındıq ona.
Nə sən sözündən döndün, nə mən qürurumdan.
Hər kəlmən dibi görünməyən
qaranlıq uçurum,
Sonuncu ümidlərim də yıxıldı bu uçurumdan…
Gücünə heyranam –
Sevdirməyi bacardığın kimi
unutdurmağı da bacardın.
Bu gücünlə də gözümdə ucaldın.
Olduğun ucalıqda da qal,
Geri dönüb
sönmüş qəlbimi yandırmağa çalışma,
Mən öyrəşdim tənhalığın soyuqluğuna.
Daha sızlamır ruhum,
Verdiyin ağrılar morfin oldu yoxluğuna.
Hisslərimə yeritdiyin zəhər
damla-damla işlədi qanıma,
Bu acını çəkdikcə çəkdim canıma.
Miqdarı o qədər çox oldu ki,
Keyitdi sənsizliyi…
Susqun ruhumun yarıaçıq gözləri
səmaya dikilib indi,
Göylərdə – qırx bir ayın şərəfinə açılmış
sonsuz boşluq,
Yerlərdə – qulaqbatıran ölü bir sükunət…
Sevdim bu səssizliyi…
 
 

Bu yazıyı paylaş:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir