Üç Şiir / Sefa Veliyeva

Hər Mövsüm Eşq

mən bütün fəsilləri
eşq kimi yaşayıram…
Tanrı sevmir küsənləri
eşqə xatir barışıram…

yuxumdakı məzar daşı
deyir :”Ömrün uzun olsun!”
bu da nənəmin alqışı:
“özün kimi qızın olsun!”

ürək istər söyləməyə
-özüm də özümə yadam…
mən bu apreldə ölməyə
könül verməyən qadınam…

hər mövsüm ayrılığın
bəzəndiyi yeni dəbdi…
öz dərdimə oxşamağım
Tanrı üçün ibadətdi…

***

Beter Dünya

dadı-duzu qalmadı
boyatladı ayrılıq..
mart çıxmağa qoymadı
“oynaqladı” ayrılıq…

gülüşümə ağladı,
göz yaşımda cücərdi…
gülü qışa saxladı
saxsı qabda becərdi…

ah dünya…
betər dünya…
bir yaz nədi bu ömrə?
çəpik çalıram oyna…
mənim dərdimdən ölmə…

 

***

Ayrılıq Musiqisi

İkilikdə sevinməyin
Təklikdə ağlamağı var…
Adın yazılmış dünənin
Axşam xatirə vaxtı var…

Damcı-damcı unudulur
Leysan misalı sevdalar…
Hər axşam yasa tutulur
Hər səhər günəş olanlar…

Ayrılıq da musiqidir…
Çalınır rekviem kimi..
Gedişlər…
Bu rekviemin
Sonuncu akkordu kimi…

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir