İki Şiir / Bənövşə Mahmudqızı
Kişi qadınsız,
Qadın kişisiz
Yarımçıq…
Yarıdan da yarı çıx.
Heçə yaxın,
Heç deyil.
Gecə yaxın,
Gec deyil.
Təkliyə əlac deyil,
Nə ana, nə ata,
Nə qardaş, nə bacı.
Acıdan acı,
Ən böyük dərd də deyil,
Çəkiləsi də deyil,
Çəkinəsi də deyil,
Sevdasız, eşqsiz
Yaşanası da deyil.
Yarıdan yarı çıx,
Kişi qadınsız,
Qadın kişisiz
Sadəcə yarımçıq…
Şlyapalı Qadın
Şlyapanı gözlərinə çəkmisən.
Dodaqların görünür…
Çəhrayı və incə.
Ağlıma gəldi indicə.
Yaşayarkən güclə,
Necə ola bilirsən güclü?
Sözlərin ülgüclü,
Fikirlərin cəsarətli.
Yadplanetli kimisən,
Axı onlar əsarətli…
Şlyapanı gözlərinə çəkmisən.
Göz yaşını silirsən,
Dodaqlara çatmamış.
Əzabı da sevirsən,
Zibil kimi atmamış.
Gözlər qəlbin aynası,
Yox onu anlayası.
Ona görə də,
Şlyapanı gözlərinə çəkmisən…