DergiZan

Yazı ve Sanat Ülkesi

Xatirələr / Arzu Əyyarqızı

Xatirələr yenə də canlanır gözlərimdə,
Ruhum pərvaz eləyir keçmişin izlərində.

Köhnə darvaza önü, tum satır şallı nənə,
Qəzetdən qab düzəldir, tum töküb verir mənə.

Gözlərində sevgisi, dilində şirin dua,
Çalmasının düyünün sıxaraq edir həya.

Atır kəlağayısın, çəkir gözləri üstə,
Səslənir ki , ay bala, gəl nənədən tum istə.

Evinizdə qəzet var? Anandan alıb gətir,
Satdığım şirinquşu əvəzinə pay götür.

Atasız bir qızcığaz sevincək budur qaçır,
Qucağında qəzetlər, üzündən gülüş saçır.

Aldığı şirinquşu bacısıyla soracaq,
Sevincləri məhləni bürüyəcək, saracaq.

Hələ Məsmə xala da ərişdə kəsir yenə,
Deyir, çağır ananı qoy kömək etsin mənə.

Yığışır qonşu- baca, samavara köz salır,
Kimi ocaq başında, kimi də tütək çalır.

İnsanların səs- küyü düşüb kəndə- kəsəyə,
Axşam düşür. Tumsatan tumu yığır kisəyə.

Tələsir o da gəlir qoşulur adamlara,
Qara nöyüt lapmalar işıq saçır damlara.

Hami xoşbəxt, gülərüz, hamı hamıdan razı,
Gözu nəfsi toxdurlar, qalsalar da tamarzı.

İstəyirəm, İlahi, elə beləcə qalım,
Gercək acıdır, acı, şirin xəyala dalım.

Qoy getməsin ömür də, qalım keçmiş izində,
Yaşamağa beləcə təpər tapım özümdə.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir