Döyüşçü Ailəsi / Gülnar Səma
(Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizin ailələrinə ithaf edirəm)
Ürəyindən
bir döyüşçü anasını
bağrına basmaq keçər.
Baxarsan ki,
bu elə sənin öz anandır.
Ürəyinən
bir döyüşçü atasına
qulaq asmaq keçər
Baxarsan ki,
bu elə sənin öz atandır.
Ürəyindən
döyüşçü balalarını qucaqlamaq keçər.
Baxarsan ki,
bu elə sənin öz qardaşının balalarıdır.
Ürəyindən
bir döyüşçü qadınına
sarılmaq keçər.
Baxarsan ki,
bu elə sənin qardaşının yoldaşıdır.
Ürəyindən
bir döyüşçü qardaşının
əlini sıxmaq keçər.
Baxarsan ki,
bu elə sənin doğmaca qardaşındır.
Ürəyindən
bir döyüşçü bacısının
gözünə baxmaq keçər
Baxarsan ki,
bu elə sənsən.
Və ürəyindən
bir döyüşçü keçər.
Baxarsan ki,
O, həmişə sənə
BACIM – deyən döyüşçüdür.