DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Osman Fermanoğlu

BU QARA GECƏ


Zənci saçı kimi bu qara gecə,
Nə qədər çəkirəm sığala gəlmir.
Küləyin darağı itibdi , məncə,-
Dönüb tərsə düşən cığala, gəlmir.

Dağlar səksəkədə, bürküdü Aran,
Dayanıb pusquda bu Karvanqıran.
Yoxdu saçlarından üç tel ayıran,-
Daha istəklər də nağıla gəlmir.

Bu necə obadı iti hürməyə?–
Yolunu çaşanı sevindirməyə…
Gecəni səhərə buta verməyə,
Qoca aşıqlar da mahala gəlmir.

Osman, üstümüzə ağırlıq tökən
Bu qara gecənin nəfsidi, bəlkə…
Ayaqlar nə qədər yükünü çəkə,
Baş qara bağlayır, ağıla gəlmir.
6 dekabr 2018.


DOST DEYƏNDƏ

Bir dost adı çilikləndi dodaqlarımda,
Daş üstünə düşüb sınan şüşə qab təki.
Gecə- gündüz ürəyimin varaqlarında
Çiliklənmə səsi məni çarmıxa çəkir…

Könlüm hələ başa düşmür günahı nədi,
Başa düşsə, adlayardı söz keçidindən.
Dil döndüyü yerə tərəf, söz bəhanədi,-
Sənan olub kilsə gəzir öz məscidindən.

Özgələrdə suç axtarır özü yıxılan,
Çırağının, ətəyinə düşmür işığı…
Anasından ayrı düşüb yanıb yaxılan,
Ürəyinə həyan bilir boz sarmaşığı.

Düşən payız qırovunun naxışına bax,
Gün dəydikcə yavaş- yavaş əriyər gedər.
Gözlərimin tərsə yağan yağışına bax,
Sözlərimi boğa- boğa didər- təntidər.

Seçə- seçə arıtladım ələdim, guya,
Duyğulara çəpər etdim ən uzaq adı.
İndən sonra könül onu çətin qoruya,
Bir aləmlik adam oldu, dostum olmadı.
4 dekabr 2016.

XALXALA

(divani-təcnis)
Paşam, könül havalandı
Xalxalidən Xalxala,
Sözü saldı istəyimi
Ağzı bağlı xalxala.
Ay özü də xal içində
Bədirlənib dolandı,
Yanağında düzüm-düzüm
söykənibdi xal xala…

İstəyə bax, dildə nəğmə
bağlanaraq yayına,
Zalım ovçu ayaqlanar,
oxu qoyub yayına…
Duyuq düşə adam özü
bədnəzərdən yayına,
Bir əlac de, itkin düşsün
Ürəyimdən xal, xala.

Osman, dərdlər qoşun çəkər
özünü baş sayana,
Saydığını sayan sayar,
nə hacət sən sayana.
Buta verdin, özün də yığ
sevənləri sayana,–
Layiq deyil Məcnun qala,
Leylisini xalx ala.

5 dekabr 2017.


Ustad Asig Cahangir Quliyevlə söhbət edirdik, dedi ki, Cənubi Azərbaycandan Araz qırağı yerlərə baxdım, hər yan bomboz idi…
Yadıma 1978-ci ildə Cəbrayılın Böyük Mərcanlı kəndindən həsrətlə Cənuba baxmağım düşdü.Onda da o tərəf bomboz görünürdü, hələ payız gəlməsə də…Deməli, torpaq daha həssasdı, insanlara baxanda. Söhbət yadıma düşdü və bu yazını yazdım…


HƏSRƏT____
Tanrı dərd əkirmiş Araz boyunca,
Limhalim göllənib Araza həsrət.
Ürəyi yananlar tapar doyunca-
Tək bircə udumluq arasa, həsrət.

Bu üzdən baxanda o üzü bomboz,
O yandan baxanda bu üzü bomboz.
Hər yana yel əsib tökülürdü qoz,-
Üstündə dolanar yarasa həsrət…

Bozluğun gözünə qara su gələr,
Bozarar gözünün qarası, gələr
Qarala- qarala açılan gülə,-
Külək çən gətirər, qarasa, həsrət.

Dərdlər çəkilmədi gün işığına,
Qaşıqlasan çıxar hər qaşığına.
Çevrilə bilmədik haqq aşığına,
Bütövdən böyükdü parasa, həsrət.

Osman, bu dünyanın işi qılıqdı,
Biz əlac tapmadıq, iş Tanrılıqdı.
Gələn ayrılıqlar çox anrılıqdı,-
Əl çəkib gedəydi harasa həsrət,
Zorla geydirilib Araza həsrət.

6 dekabr 2016.

ADƏMDƏN SONRA

Paşam, kim gəlirdi Adəmdən qabaq,
Gələnlər çox oldu Adəmdən sonra.
Qalan izlərə bax, hey qalaq –qalaq,
İzlər çəpər oldu adamdan sonra…

Gördüyüm kəslərin bir azı yetim,
Kürü başı daşlı, Arazı yetim…
Sənin dediyinin harası yetim,–
Hacı bazar açdı Hatəmdən sonra.

Ömrü dərdə çəkən gözün yağıdı,
Solun kəndirini kəsən sağıdı…
Qarabağ sovulan İrəm bağıdı,
Bağlanıb üzümə xatamdan sonra.

Atdım istəkləri qırağa daha,
Tapşırdım çölümü qırova daha.
Külüm səpələnir varağa daha,
Durnalarla gedən butamdan sonra.

Osman, dərd önündə yenə əyildim,
Özümü illərin suçlusu bildim…
Əvvəl də saraylı olan deyildim,
Suallar boy verər adımdan sonra.

27 noyabr 2018.

HA QATAR, QATAR

(Cığalı təcnis)
Payızın yolları qışa sarıdı,
Naxışı, ilməsi ha qatar, qatar.
Ha qatar,
ha saxlayar, ha qatar.
Külək şeytan fəhləsi,
Yan- yörəni ha qatar.
Yağan qar yolların qış hasarıdı,
Soyuğu tufana ha qatar,qatar.

Düzülüb sayları ha say, ha saya,
Üzgün can dirənər hasa hasaya.
Ha saya,
ha saymaya, ha saya.
Nə qanuna baxan var,
Nə də ana yasaya.
Dincəlmək istəyən tapmaz ha saya,
Fikirlər başını ha qatar, qatar…

Dolanıb kef gəzən, nə yazı bilməz,
Payızı anlamaz, nə yazı bilməz.
Nə yazı,
nə qələm var, nə yazı.
Başın işi uzundu,
Gəlmir nəzir, niyazı.
Çeşməsi çağlayan nə- Yazı bilməz,
Köçünü köçlərə ha qatar, qatar.

Osman, canındadı yayın istisi,
Selə- suya tutar, yayın, istisi.
Ha yayın,
ha kölgələn, ha yayın.
İstilər keçər gedər,
Axtararsan ha yayın.
Daha yad əldədi, yayın- İstisu,
Keçər uzaqlardan ha qatar, qatar.

25 noyabr 2016.

VƏTƏN VAR

Dilinə gəlməyənlər özgə qapıdan baxar,
Görərsən ki, yanına nə gələn, nə gedən var.
Sular başdan bulanıb,hələ çox lilli axar,–
Yuduğu yuna qatıb dərdlərini didən var.

Pəncərədə naxışlar payızın sırsırası,
Nöyütsüzdü his verər kasıb evin çırası.
Gözlədiyin qoçların birdi ağı, qarası,–
İşığı qaranlıqda saxlayıb inlədən var.

Çox oyunlar oynanar indi yol havasına,
Arı qanqala qonar, düşüb bal havasına.
Korlar necə yeriyər yolu əl havasına,–
Gedərək ölüm-zülüm mənzilinə yetən var.

Qollarında gücü yox, aparanın bir köçə,
Arazda çırmanaraq kəlməbaşı Kür keçər.
Yurdu kiçildib gedər qucağından hər köçən,
Düşünməz arxasında Anadil tək ötən var.

Səssizliyin içində təklik yarar bağrını,
Yalan elə bəzənər, ayaqlayar doğrunu.
Osman, kirpik tutaraq saxlamaz bu ağrını,
Qəribin də könlündə bir köməksiz Vətən var.

ÖMRÜM

Səni tapdayıb keçirəm,
Səni də əyirəm,ömrüm.
Özgələrə gücüm yetmir,
Hey səni döyürəm,ömrüm.

Qabaqdan gəlir bəlalar,
Gəldikcə artar, balalar.
Quş yuvasında balalar,-
İçimi yeyirəm, ömrüm.

İndi zor zordan üstündü,
Yaşadığım nə pis gündü.
Başımdan çıxan tüstündü,
Səni püləyirəm, ömrüm.

Vur çatlasındı o dağda,
Səs- səmir yoxdu bu dağda.
Tappa- tupdu Qarabağda;-
Nə səsdi, deyirəm, ömrüm.

Ağlayırsan uşaq kimi,
Neyləsəm, səsin kirimir.
Osman yorğundu, yerimir,
Minib dəhləyirəm, ömrüm.

22 noyabr 2016.

ŞİİR

Neçə ildi
Ağ- ağ buludların üstən,
ağ- ağ yuxuların üstən.
qara qorxuların üstən
bir ağ göyərçin uçar.
Neçə idi
çiçəklər, otlar uzanar
Ağ tüstülü ocaqlardan
obalar, yurdlar qızınar
üzü ağ göyərçinə.
Neçə il irəlidə,
bir od qopdu lülədən,
bir ad qopdu sıradan.
Payızkı sırsıradan
ağlıq töküldü,
adsız əsgər məzarlarına,
yurdsuz əsgər məzarlarına.
Neçə ildi,
bir ağ göyərçin uçar
adsız məzarların üstən,
adsız yazıların üstən…
Uçar- uçar
Anaların ağ saçına sarı,
dünyanın bəxt ağacına sarı,
uçar, uçar çatmaz…

27 noyabr 2015.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları