DergiZan

Yazı ve Sanat Ülkesi

Dostoyevski Haqqında Söhbət / Şəfa Vəli

1.Söhbət

Dostoyevski…

Oxuyan da peşman, oxumayan da…

Oxuyan da özünü şanslı sayır, oxumayan da… Oxuduqlarımı unutmağa tələsirəm, oxumadıqlarımı tez oxumağa. 

 Dostoyevski… İradə Aytel yazıçının ev-muzeyinə getmişdi bir neçə il qabaq, şəkillər paylaşmışdı, xeyli baxmışdım.  “Başqasının arvadı və ya yataq altında bir ər”i oxuyub gülmüş, “Bəyaz gecələr”i oxuyub depressiyaya düşmüşdüm. “Dürüst oğru” isə Herman Melvillin  “Katib Bartlebi”sindən 5 yaş böyükdür, amma ikisi də məni “döydü”.  “Döyüldüyüm” yerlərdən ağrımadım, ağladım…

Xanım Aydın Anna Qriqoryevnanın  yazıçı haqqında xatirələrini tərcümə edib. Sağ olsun, bir gün oxuyacağıma söz verirəm. Və Dostoyevki haqqında söhbət edə biləcəyim yeganə insana-Kəmalə xanım Umudovaya  söhbətimizi hissə-hissə  saytda yayımlamağa icazə verdiyi üçün mütəşəkkirəm.

            ***

-Kəmalə xanım, özünüzü “Ədəbiyyat və İncəsənət saytı”nın oxucularına necə təqdim edərdiniz?

-Umudova Kəmalə Aydın qızı, Bakı Slavyan Universitetinin dosenti. Müəllim və filoloq. Höte deyirdi: “Əgər insan hər hansı bir peşəyə (lap dərzi olsun!) əsl ustalıq  səviyyəsində yiyələnibsə, o zaman o, Kainatı dərk etmişdir”. Yəni məşğul olduğun işin dərinliyinə getməyi təklif edirdi. Ətrafdakılar üçün kim olduğumu soruşursunuz-müəllimlik məsləyimdir, ana tərəfdən və çox keçmişlərdən gələn ənənəni daşıyıram, filoloq kimi-bu sahədə müəyyən dərinliyə nüfuz etməyə can atıram. Və hansı dərinliyə nüfuz edə bilirimsə, özümlə birgə oxucunu da mətnin dərinliyinə çəkməyə cəhd edirəm. Filoloq kimi düşüncəm və niyyətim budur. Bir kitabımla bunu etməyə çalışdım: “Adı soyadını eşidən şair-Qulu Ağsəs” adlı monoqrafiyamla.  Ədəbiyyatın Dostoyevski ümmanına qərq olacağıq sizinlə, oxucularla birgə. Güman edirəm, maraqlı olacaq.  Onun adı ilə bağlı yubiley medalım da qəlbimi isindirir.

-Bəzi insanların Dostoyevskini oxuyanda depressiyaya düşməsinin səbəbi nədir?

-Bu sual oxucularda tez-tez yaranır. Dostoyevskinin bu cür təsir etməsi anlaşılandır. Buna pis cəhət kimi deyil, əksinə, müsbət hal kimi yanaşmaq lazımdır (şəfqətlə gülümsəyir). Deməli, yazıçı əsas məqsədinə nail ola bilib: onu bu cür qəbul edən oxucunu öz tənhalığından çıxararaq, ona başqa bir “mən”də yaşamalı olduğu barədə müjdə verir, refleks oyadır. Oyanmaq istəyirikmi? Bizə var olduğumuz çərçivə, büründüyümüz qılaf bəs edir bəlkə… Lakin Dostoyevski həyatın sınaq meydanı olduğunu daim düşünən, İblisin Tanrı ilə savaşdığını və bu savaşın məqsədini bilən, yaradıcılığını bu fəlsəfə üzərindən şəkilləndirən sənətkardır. O, əslində, qaranlıqdan deyil, qaranlığın bağrını dəlib insanı sabaha çıxaran işıqdan yazır. 2000-ci illərin əvvəllərində “İşıqlı, həyatsevər Dostoyevski” adlı kitabça da dərc olunub. Oskar Şults adlı alman əsilli alim 1931-1932-ci illərdə Helsinki Universitetində oxuduğu mühazirələrdən belə nəticəyə gəlmişdir ki, “Dostoyevskidən işıqlı və həyatsevər yazıçı yoxdur”. Dostoyevski işığa, ahəngə və həyatsevərliyə bağlılığı ilə Puşkinin yeganə birbaşa varisidir.

-Bu həyat eşqi haradadır?

-Bu həyat eşqi Dostoyevskinin qəlbinin dərinliyindədir. Bu eşqi, bəlkə də, ən yaxşı Mitya Karamazov ifadə edib: “Yüzlərlə əzabın içində, bütün bədbəxtliklərdə mən varam”. Yəni nə olursa-olsun, mən hər zaman varam; varlığın hiss olunmasının özü həyat sevincidir, fərəhdir. Varlığın məhv olduğu yerdə dəhşət yaranır. Bu zaman Dostoyevskidə, doğrudan da, qaranlıq və qorxu başlayır; kim olsa, bu situasiyada onu üzərində hiss edəcək, əlbəttə. Lakin Dostoyevskidə “mən varam” sahəsi başqa yazıçılardan daha genişdir. Dostoyevski bütün qara qüvvələri, əcinnələri, cinləri insana yaxınlaşdrmaqdan qorxmur, çünki onları dəf edəcək gücün özü də elə insandadır. Qəlb, könül başqa aləmlərlə bağlı deyilsə, o zaman ölüm başlayır, həyat mənasını itirir. “Qara rəng” yəqin, həm də, qavrayış formasıdır, qavrayanın baxışıdır. Mən Dostoyevskini işıqlı və həyatı təsdiq edən, işığı axtaran yazıçı kimi görmüşəm. Bir də, İsa Məsihin hekayəsi də olduqca ağır, kədərlidir axı. Xristianlar üçün bu, dünyada baş verə biləcək ən işıqlı hadisədir. Dostoyevskinin dörd ili ancaq İncil oxumaqla keçib, çünki katorqada digər kitablar əlçatmaz idi. Katorqadan sonra o, İncil üslubuna uyğun olaraq yazmağa başlayıb. Məhz həyatın qaranlığında, cahillikdə, qaranlığın və cahilliyin dərinliyində o, parlayan şəfəqi görə bilirdi. Yəni Dostoyevskinin həyatsevərliyi məsələsi bir çox halda bizim baxış bucağımıza, gözümüzə bağlı məsələdir. Dostoyevskinin ardınca gedə bilərikmi? Bu zülmətdə işıq görə bilərikmi, işığın zülmətə qalib gəldiyini, cahillikdən üstün olduğunu görə bilərikmi? Yoxsa bizim buna gücümüz, yetmir, biz buna qadir deyilik? Qadir deyiliksə, hər şey bizə qaranlıq görünəcək. Dostoyevski bütün əsərlərində,-ilk romanından sonuncusuna qədər,-bütün gücünü sərf edir ki, biz onun ardınca gedək.

-Dostoyevskini doğru anlamaq üçün onu necə oxumalıyıq?

-Dostoyevskidə hadisələr və obrazlar düz xətt boyunca oxunmamalıdır. Onun əsərlərinə çəkilən filmlərin, tamaşaların uğursuzluğu da bununla bağlıdır. Fabulanı gözləmək, məzmuna sadiq qalmaqla doğru nəticə almaq mümkün deyil. Çünki Dostoyevskinin həqiqəti, insanla bağlı çözmüş olduğu ən böyük sirr görünənlərdə deyil, arxa planda, üst mənada, başqa aləmlərdədir. “Cinayət və cəza” romanında Sonya kimdir? Zahirən qədim peşə sahibi. Bəs əslində? İblisə qəlbini satmamış, Tanrıdan başqa təzahürə inanmayan, hər an qarşısında başqa, işıqlı yolun açılacağına inanan, müəllifə ən doğma obraz. Romanın ilk dəfə dərc olunduğu “Russki vestnik” jurnalının redaktoru Mixail Katkovun bütün etirazları, romanı çap etmək istəməməsinin səbəbi də Sonya obrazı ilə bağlı idi. Əlində İncil, dilində Raskolnikova qarşı ittiham, onu düşdüyü yanlış yoldan çəkindirmək istəyən, onun məhv olmuş qəlbini diriltməyi, ruhunu Tanrı ilə birləşdirməyi özünə borc bilən Sonyanın eyni zamanda öz bədənini satan qadın olması yazıçı üçün problem kəsb edən məsələ deyildi. Unutmaq olmaz ki, çox çətin ömür yollarından keçmiş, epilepsiya xəstəliyindən əziyyət çəkən, ölüm hökmü və əvf qərarı arasında yaşadığı beş dəqiqədə əbədiyyəti qazanmış yazıçının əzabları həyatı şərtsiz sevməklə, sevginin qaçılmazlığının etirafı ilə bağlıdır. 29 yaşlı yazıçının bu dünyanın başqa aləmlərlə qarşılıqlı bağlılığını hansı əzablarla qazandığını bilsək, onun zülmətin arxasında gizlənən işığa həsrətini də anlamış olarıq. Bilirsiniz, Dostoyevskinin “Karamazov qardaşları” romanının konsepsiyası niyə Alyoşa obrazı ilə bağlıdır? Çünki bu obrazda o, 3 yaşında vəfat etmiş oğlu Alekseyin gələcəyini, həyat amalını, tutduğu, gedəcəyi yolu göstərmək istəmişdi. Bu, İsa peyğəmbər nümunəsi ilə işıqlanmış yol idi. Övlad itkisinin acısını ancaq belə ovuda bilmişdi. Optina Pustın abidi Amvrosi Atanın verdiyi məsləhət-roman yazmaq və oğlunu baş qəhrəman obrazında canlandırmaq-yazıçını həyata belə qaytarmışdı. Baxın, budur Dostoyevskinin əsl üzü. Ruhun uca aləmlərlə bağlılığını, Tanrının simasının insanların  simasında necə təcəllə tapdığını bədii əsərdə təsvir etmək, adi sözlə anlaşılması çətin mətləblərin bədii ifadəsi məsələsinin həllini tapmaq Dostoyevskinin tale yazısı idi. 17 ya 18 yaşı vardı, onu narahat edən düşüncəni qardaşına məktubda dilə gətirəndə: “İnsan sirri-xudadır. Onu açmaq lazımdır. Və  əgər bütün ömrün boyu bu sirri açmağa çalışsan, zamanın hədər getməyib, deyə bilərsən; mən bu sirlə əlləşirəm, çünki insan olmaq istəyirəm”. Yaradıcılığının iki böyük, şərti olaraq, mərhələsində Dostoyevski insan ruhunun axtarışlarını fərqli bədii şəkildə həyata keçirir. Bu haqda başqa söhbətimiz başqa vaxta qalsın.

2.Söhbət

“Dostoyevski “cəsur” yazıçıdır”-deyir həmsöhbətim… Gülümsəyirəm.  Çünki Dostoyevskini oxumağın tələb etdiyi cəsarətin ölçüsünə bələdəm. Oxumaq nədir ey?! Anlamaq daha çox şey tələb edir.  Bəlkə mənim Kəmalə xanım Umudova (Bakı Slavyan Universitetinin dosenti) ilə Dostoyevskidən danışmağım tapdığım ən asan çıxış yoludur:  ədibin yaradıcılıq döngələrinin qaranlıq künclərinə  işıq tutacaq dəyərli Kəmalə xanım, mən də rahatca o döngələrdə nə var-nə yox, öyrənəcəyəm… İşıq yandıran olanda qaranlıqdan niyə qorxum ki?!

-Dostoyevski yaradıcılığının  cazibəsi nədədir?

-Dostoyevski  “cəsur” yazıçıdır. Bu təşbehin  tez-tez istifadə olunan  və  oxucuya heç bir məlumat ötürməyən “möhtəşəm”, “dahi” və s. bu kimi sözlərin sırasında yer almasını istəməzdim. Bunun üçün “Dostoyevski romanında forma və məzmun vəhdəti necə yaranır?” sualına cavab tapmalıyıq. Süjet quruluşuna görə (!) cani haqqında yazılmış “Cinayət və cəza” romanının bu qədər estetik cazibəyə malik olmasının sirrini axtarmalıyıq… Yeri gəlmişkən, çox zaman estetika mücərrəd qavrayış olaraq anlaşılır. Hamı unudur ki, estetika “hissolunan”dır,   “hiss etmək” feilindən gəlir. Ümumiyyətlə, ədəbiyyat haqqında danışarkən estetikanı daxili bağlılıqdan, cazibədən kənar, mücərrəd qavrayış kimi  görmək doğru deyil.  Dünya ədəbiyyatının böyük müəlliflərinin məqsədi oxucuya dünyanın ilkin gözəlliyini, yəni Tanrıya aid olmasını, sevginin  ilahi mahiyyətini göstərməkdir, təcrübədən yararlanması üçün ona yardım əlini uzatmaq və onu yenilənməyə, fərqliliyə  götürməkdir. “İdiot” romanını nəinki günlərə, saatlara belə, ara vermədən oxuyanlar dünyagörüşlərinin dəyişdiyini, uzun müddət divanə, “səy” kimi dolaşdıqlarını qeyd edirlər. Tanrı ilə bağlılığını itirmiş rus zadəgan cəmiyyətinin ona öyüd vermək əqidəsi ilə şərti uzaqlardan, İsveçrədən, cənnət kimi yerlərdən, qeyb dünyasından gələn Mışkini  anlamağa, qəbul etməyə gücü, ruhu yetmədi.  Dostoyevski Mışkin obrazını rus xalqının sevgi yaddaşının, mənəvi mahiyyətinin qoruyucusu, ən çətin tarixi dönəmdə xilaskar  missiyasının daşıyıcısı kimi yaratdı. “Öyüd”süz yetişmiş cəmiyyətdə peyğəmbərlik etmək özünüfədadır,  diri-diri çarmıxa çəkilməkdir, diri-diri dərisi soyulmaqdır-bəlli nümunələrdən danışırıq: İsa Məsihdən, Nəsimidən… Böyük dostoyevskişünas,  filosof Tatyana Kasatkina  on bir yaşında oxuduğu ilk romanın (“İdiot”) onun həyat seçimini, yolunu təyini etdiyini qeyd edir müsahibələrində. On bir yaşlı uşaq qəlbindəki işığın,  cənnətin bədii əsərdə əks olunduğunu görür və  o görüşün üzərindən  yarım əsrdən artıq vaxt keçdikdən sonra da Dostoyevskini xilas yeri, pənah gətirdiyi yazıçı adlandırır.  Qeyd etməliyəm ki, Qulu Ağsəs poeziyası da başdan-başa ruhun Tanrı ilə bağlılıq təcrübəsini  ehtiva  edir: “Şükür o göydəki ismin halına”, “Sevgi bol, dərd də namxuda…”, “Sənsən hər yer”, “Bir də baş qoşan deyiləm”, “Sizə kimdən deyim?”, “Az qalıb” və digər şeirləri teoloji kontekstdən baxılmadıqda anlaşılmayan, çətin mətn olaraq qalır.

-Belə deyə bilərikmi: Dostoyevskinin inancı yaradıcılığının “işıq gələn tərəf”idir?

-Dostoyevski real zaman, tarix, insan münasibətlərini  xristian inancı, İncil motivləri, peyğəmbərliyin, müqəddəsliyin varlığı müstəvisinə gətirərək yeni roman forması yaradır. İncildə yazıldığı kimi: “Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq” (Luka 8:17). Fomanın İncilində İsanın dilindən söylənilən bu vəhy yer üzündə baş verənlərin İlahi təcəllə olduğunu ifadə edir, bu dünyadakı təzahürlərdə  Yaradanın Müjdəsini, İlahi mənanı  görmək istəyini, yerdən göyə ucalma məqamını ifadə edir. 

Vəhy  müqəddəs kitablarda  yazılsa da, Yaradanın Həqiqəti hər yerdədir. İnsanın vəzifəsi ona məlum olmayanı axtarmaqdır,  möcüzə ilə, Tanrı Müjdəsi ilə görüşə can atmaqdır. Dostoyevski ruhun qanunlarını araşdıran yazıçıdır.  “Zavallılar” əsərində Makar Devuşkin obrazı ilə  o, insanın daxilində peyğəmbər həqiqətinin gizləndiyindən əmin  ilahiyyatçı yazar  missiyasını yerinə yetirir. Dostoyevski artıq ilk əsərində onun yaradıcılığını təyin edən xristian antropologiyasının əsaslarını qoymuşdur.

DostoyevskininZavallıları”ı kimlərdir?

-“Zavallılar”da (1846) Dostoyevskinin son dövr romanlarına xas  olduğu  irəli sürülən mövzu ikiləşməsi ilə qarşılaşırıq. Bu ikiləşmə onun əsərinin interpretasiyasında və adının dilimizə fərqli tərcüməsində də özünü göstərir. “Yoxsul insanlar” (Məmməd Qocayev) başlığı oxucuları pulsuz insanların sosial problemlərini önə çəkən yazıçı “humanizm”indən danışmağa sövq edirsə, “Zavallılar” (Etimad Başkeçid)  adı bu konsepti içəridən dağıdır və agah olanlar üçün fərqli dil, semantika yaradır.

Dostoyevski  ilk əsərini “Zavallılar”  adlandırarkən özünü tam şüurlu şəkildə Karamzin ənənəsinin təsir dairəsinə aid edirdi, baxmayaraq ki, onu yanlışlıqla Belinskinin sosial tənqid məktəbinə aid edirdilər. Təsadüfi deyildir ki,  romanın əsasında isməti ləkələnmiş və atılmış  qızın  hekayəsi dayanır. Romanın adının (“Bednıye lyudi”) mahiyyət etibarilə, tavtoloji olduğu qeyd olunur. Çünki Dostoyevskinin  ədəbiyyata geri gətirdiyi sözə verdiyi anlama görə, bütün inanlar zavallıdırlar. Romanda qeyd olunur ki, söhbət yalnız və o qədər də maddi çatışmazlıqdan getmir, baxmayaraq ki,  əsərdə mövzu həm də  budur. Maraqlı odur ki,  bütün insanların zavallı adlandırılması romanda əksini tapan ədəbi süjetlərlə bağlıdır. Makar Devuşkinin təsəvvüründə Puşkin “Stansiya gözətçisi” əsərində hamı üçün ümumi fəlakəti, bəlanı, insanın  öz doğmasını itirməsi ilə bağlı məqamı ifadə edir, başqa sözlə zavallılar- unudulmuşlar, tərk edilmişlərdir.

-Zavallı olmaq Dosyoyevskinin qəhrəmanlarının taleyidir, yoxsa seçimi?

-Zavallı Samson Vırin haqqında danışarkən, Devuşkin fikrini bu cür tamamlayır: “Olan işdir, anam, bizim də başımıza gələ bilər. Nevskidə, yaxud sahil küçəsində yaşayan qrafın da başına gələ bilər. Başqa adam kimi görünə  bilər, çünki onlarda hər şey özünəməxsus şəkildə dəbdəbəlidir, lakin o da eyni şeyi yaşayır, hər şey ola bilər. Mənim də başıma eyni şey  gələ bilər” (tərcümə mənə aiddir -U. K. ). Bir məqamı da nəzərdən qaçırmaq olmaz:  Dostoyevski “Stansiya gözətçisi” povestinin sonluğunu  “Zavallılar”a köçürür.  “Zavallı Varya”nın hekayəsi onu yoldan çıxarmış  cənab Bıkovla rəsmi nikahla bitir. Qorxduğu Makarın başına gəlir,  gözlədiyi kimi, “bəxtsiz, başıbəlalı” “zavallı Samson Vırin”in vəziyyətinə düşür. Lakin  sözün əsl mənasında hamı tərəfindən tərk edilən, qəlbən bağlandığı insanlardan ayrı düşən yalnız Makar deyil, həm də Varvaradır. Tərk edildikdə, Karamzinin təbirincə, “zavallı”, çarəsiz  vəziyyətə düşdükdə, məhz bu insan  (və digərləri) onun yanında peyda olmuşdular, böyük fədakarlıq göstərmiş,  ona sahib çıxmışdılar.   Qoqolun “Şinel”i  Makarı pərişan edir, qəlbini ağrıdır. Qoqolun  ifadə etdiyi  “zaval”-  yoxsul insanın alçaldılması və alçalması “Zavallılar”da hamının  başına gələ biləcək mənəvi yoxsulluq anlamında  təzahür edir.

Makarın “çəkmələr”lə bağlı  ifadə etdiyi düşüncəsi bu haqdadır.  Pinəçinin ehtiyatsızlıq üzündən altını kəsdiyi çəkmələr onun yuxusuna girir. Cəkmələr kasıbın da, varlının da maddi ehtiyacıdır, hər ikisinin yuxusuna  girə bilər, varlının çəkməsinin “fasonu” fərqli ola bilər, amma nəticə etibarilə eyni istəkdir, eyni yuxudur. “Demək istədiyim odur ki, anam, belə çıxır, biz hamımız, əzizim, bir az çəkməçiyik. Eybi yoxdur, olan işdir, amma məsələnin pis tərəfi odur ki, o varlının yanında elə bir adam yoxdur qulağına pıçıldasın: “Belə şeylər haqqında fikirləşmək, yalnız özünü düşünmək, tək özün üçün yaşamaq olmaz, sən axı çəkməçi deyilsən, uşaqların sapsağlam, arvadın da səndən yemək istəmir; bir dön yan-yörənə bax, başa düşdük, çəkmələrin fikrini eləyirsən, amma bəyəm başqa dərd-sər yoxdur?”. “Şinel” povesti ilə bir çox tellərlə bağlı  bu mülahizədə başlıca məqam insana,  onun mənəvi varlığına verilən yüksək dəyərdir.  

-Belə deyə bilərikmi ki, Dostoyevski mətləbi uzaqdan dolandırıb gətirir? Yəni bunu birbaşa da deyə bilər ki, “filankəs zavallıdır”. Amma o, obrazın daxili həyəcanları, davranışı, düşüncələri ilə anladır: Bu, zavallıdır.

-Makar “çəkmələr”lə bağlı  düşüncəsini  “dolayısı ilə”  ifadə edir.  Və  qəhrəman bunu mətndə açıq söyləyir,  “məcaz dilində danaşacağam” deyir. İsanın həvarilərinə söylədiyi “Aranızda birinci olmaq istəyən hamıdan axırıncı olmalı və hamıya xidmət etməlidir” (Mark 9: 35) fikri və digər İncil motivləri üzərindən qurulan bədii obraz və mətn, əlbəttə ki, çoxölçülüdür və xüsusi anlama, xüsusi təhlil tələb edir. Peyğəmbərləri öz ölkələrində qəbul etdilərmi müasirləri!? “Doğru söyləyəni yeddi kənddən qovarlar” ifadəsi hamıya bəllidir. Dostoyevski əbədi həyat haqqında həqiqəti birbaşa, ehkamlarla çatdırmır. O, insanın günahlarını görməzdən gəlməkdən uzaqdır, insanın daxilində baş verən bütün ziddiyyətlər, qorxular, şübhələr, əcaib düşüncələr və hərəkətlər dünyanın doğru mənzərəsini yaratmağa xidmət edir.  Dostoyevski düşündüklərini birbaşa söyləsə, dünya dağılar, qan düşər.  Bir də ki, müəllif müəllim roluna düşər. Biz Tolstoyda nəyin etik, nəyin qeyri-etik oldğunu yazıçının dilindən eşidə bilərik. Məsələn,“Dirilmə” romanının müəllifinə görə, Nexlyudov gənc Katyuşaya qarşı etdiyi hərəkətdən “utanmalı idi”. Dostoyevskidə isə gizli müəllif strategiyası mövcuddur. O, heç zaman heç bir situasiya üçün qısa həll yolu, təcili çıxış göstərmir, çünki gəldiyi və oxucunu gətirmək istədiyi məqam ruhla, Tanrıya qovuşmaqla bağlıdır və qaranlıqda yaşayan işığın təsdiqi təcrübəsidir. Dostoyevski insanın üzərinə böyük yük qoyur -İsanın daşıdığı çarmıx yükünü. Bütün məsələ Tanrı sevgisini görməkdən, İsa kimi sevgiyə bağlılıqdan gedir ki, bu da metafizika hadisəsidir. Bu, ölümdən öncə və sonrakı həyatı görməkdir, qaranlıqda ağı seçməkdir. Özündən öncə başqasını sevə bilməkdir. Tanrının mərtəbəsində olub heyran qalmaqdır (“gözü ayağının altını görməməkdir”-insan  dünyaya dörd gözlə baxsa belə) və ya “sevdiyini biryolluq sevməkdir ən çətin iş”  (Qulu Ağsəs sevgi formulunu belə ifadə edir). Allaha dost olmağın nəşəsidir, büsatıdır. İnam, iman-bunlar azad seçimidir insanın. Birbaşa deyilə bilməyən, sadəcə qəbul olunan və yaşanılan Həqiqətdir. O,  ən əlçatmaz görünə bilər, amma insanı Özünə və özünə ən etibarlı, sədaqətli dost edən də Odur. 

-Ümid edirəm, “Zavallılar”ı oxumaq istəyənlər üçün bu söhbətimiz əsl səmt ağacı olacaq…

-“Zavallılar” (“Bednıye lyudi”)   yalnız, o qədər də  və  ya heç də  maddi imkansızlıq, kasıblıq haqqında  roman deyil. “Pinəçinin zarıldayan uşaqları və ac arvadından danışmazdım”  deyir Makar (“Bu, boş şeydir və bu haqda heç yazmağa dəyməzdi də, lakin burda belə bir məsələ var, anam <…>”)  və  daha sonra maddi yoxsulluq mövzusunu dilə gətirməkdə məqsədini izah edir. İzah mətndə açıq şəkildə görünür. Maddi ehtiyac insanın və insanlığın  miqyasını təyin etmir. Meyar başqadır, kim olmasından asılı olmayaraq, insan dünya malına bağlı qala bilməməlidir, faniliyə uymamalıdır. Bu mənəvi yoxsulluq mənimsənilən malın, mülkün, əşyanın üzərində bərqərar olan “sevgi”dir,  eqoizmdir. Bu mənada “zavallı” və  “zalım”  sözləri bir-biri ilə qarşılaşdırıla bilər. İnsanlar bir-birini  tərk etməklə  və unutmaqla  özlərini  bədbəxt edirlər. “Zavallılar” (“Bednıye lyudi”)  ona görə tavtologiyadır ki, Tanrıya, Yaradana qarşı nankorluq edən, Ondan üz döndərən və  tez bir zamanda özlərini atılmış, Tanrı tərəfindən tərk edilmiş hiss edən  bütün insanlar “zavallıdır”lar.

Söhbətləşdi: Şəfa Vəli (aprel, 2025)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir