DergiZan

Yazı ve Sanat Ülkesi

Xarı-Bülbül Əfsanəsi Və Ağabəyim Ağanın Hüznlü Taleyi / DergiZan

Nadir şahın yanında xidmət etdiyi dövrlərdə özünü qüvvətli, qüdrətli sərkərdə kimi göstərən Pənahəli xan həm də şəxsiyyəti ilə, rəhmli və ədalətli davranmasıyla hörmət, rəğbət qazanmışdı.

Məlumdur ki, Pənahəli xan şeirə, musiqiyə böyük maraq göstərib, məhəbbətlə yanaşıb. Övladlarının təhsilli, savadlı yetişməsinə xüsusi diqqət ayırıb. Bu ənənə onun sülaləsində nəsildən-nəslə keçib və yeni parlaq simaların yetişməsinə yol açıb. Onlardan biri olan Ağabəyim ağa Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisidir. O, təxminən 1780-cı ildə Pənahabad şəhərində (İndiki Şuşada) anadan olub. Gənc yaşlarından sözə, sənətə böyük həvəsi olduğu üçün həm şeir yazar, həm də ara-sıra zümzümə edərmiş.

Məşhur şair Molla Pənah Vaqif sarayda İbrahim xanın vəziri olmaqla yanaşı, həm də istedadlı uşaqları müəyyənləşdirərək xüsusi dərslərə cəlb edərmiş. Ağabəyim ağa da Vaqifdən dərs almış, böyük qabiliyyət sahibi olmuşdur.

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi…

Bu bircə beytdə, elə bil ki, musiqi kədərə qarışıb, kədər də bütün ömrün ifadəsinə çevrilib. Nədir müəllifi kədərləndirən? Təkcə yar vüsalımı?…

Böyük qəlbli bir şairə xanımın bu beyti əsrləri aşıb, zəmanəmizə qədər gəlib, özü ilə şairin kədərini bizə gətirib çatdırıb. Onun diplomatik fəaliyyəti də olmuşdur, fransız, rus dillərini bilmişdir. Ağabəyim ağanın həm həyatı, həm də yaradıcılığı haqda az qala əfsanələrə qarışmış az sayda məlumatlar bir şair təbli azərbaycanlı xanımın incə təbiəti haqqında çox söz deyir…

İran şahı Qarabağ xanlığına hücum edir, müharibə zamanı çox itki hesabına olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran arasında ixtilafı daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb etməyə başlayırlar, onu rahat buraxmırlar…

İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək, ona ərə verməyi qərara alır.

Çox böyük cehizlə Ağabəyim ağa Tehrana gəlin köçürülür. İran Şahlığında saray əhli bu izdivaca qısqanclıqla yanaşır. Qarabağdan gələn, təzəcə həddi-buluğa çatmış bu gözəl xanımı – Ağabəyim ağanı ilk gündən Fətəli şahın gözündən salmaq üçün yollar axtarırlar. Xidmətçilər bilirdilər ki, Fətəli şah öz anasını çox sevir, ona tayı-bərabəri olmayan gözəl, bahalı paltarlar tikdirir. Rəvayətə görə, onlar bundan istifadə edərək ilk gecə, bəylə gəlinin görüşü zamanı, Ağabəyim ağaya Fətəli şahın anasının paltarını geyindirirlər. Görüş zamanı Fətəli şah məyus olaraq o gündən onunla ər-arvad ünsiyyətində olmur.

O, 1801-ci ildən 1832-ci ilədək – ömrünün sonuna kimi Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Ancaq bir azərbaycanlı qızının Vətən həsrətinə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını alır. Minlərlə qız-gəlinin, ağbirçək ananın göz yaşı tökülmür. Buna görə də şairənin bizə gəlib çatmış bu beytində tək yar vüsalının həsrəti yox, həm də böyük bir Vətən nisgili, doğma yurddan uzaqda yaşanan bir ömrün təəssüfü duyulur. Ağabəyim ağaya isnad verilən bir bayatı da vardır:

Mən aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Bu bayatı haqqında dillərdə bir tarixi rəvayət də dolaşır…

Deyirlər ki, Qarabağdan gəlib Tehranda şaha zövcə olmuş Ağabəyim ağanı gözü götürməyənlər Fətəli şaha bu bayatını çatdırmış, üstəlik də demişdilər ki, qarabağlı bu “qızcığaz” Tehranda oturub Tehranı bəyənmir. Şah incik halda Ağabəyim ağanı hüzuruna çağırtdırır. Şairə hazırcavablıq edərək şahın fikrini yayındırmağa çalışır:

  • Mən elə deməmişəm, Şahım! Sizə başqa cür çatdırıblar, mən belə demişəm:

Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönür,
Yaddan çıxır Qarabağ.

Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda, Ağabəyim ağanın gözlərindəki kədəri də görür. Ona daha artıq hörmət bəsləməyə başlayır, bu kədəri azaltmaq istəyir:

  • Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə yetirim.

Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır:

  • Şah sağ olsun! Qorxuram arzum sizə toxuna, ona əməl etməkdən boyun qaçırasınız.
  • Fətəli şah bir qədər də təkəbbürlənir:
  • Nə vaxtsa mənim sözümü geri götürdüyüm ya sənin sözünün yerə düşdüyü olubmu? – deyir.
  • Elə isə, icazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi satım.

Fətəli şahın təəccübü böyük marağa çevrilir:

  • Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir? Bütün İran məmləkətinin var-dövləti sənin əlinin altında olduğu halda, atanın sənə qoşduğu cehizi satmaq nəyinə lazımdır ki?

Ağabəyim ağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:

  • Şahım, mən sizin sarayınızda yaşayıram, geydiyim paltar da sizindir, yediyim çörək də. Bəs onda bəzək-düzəyim niyə atam evindən gətirdiyim olsun? Bəs Sizin mənə bağışladığınız daş-qaşlarla nə vaxt bəzənəcəyəm? Sizin mənə bəxş etdiyiniz daş-qaşlar atamın verdiyindən həm çoxdur, həm də gözəldir. Hər dəfə üstümdəki bəzəklərə baxanda sizin yadınıza köhnə ədavət, mənim də yadıma mərhum atam, Vətənim Qarabağ düşür. Mənim, keçmişi xatırlamağım sizi sıxdığı kimi, sizin də keçmişi xatırlamağınız məni sıxır. Bu sıxıntıdan birdəfəlik qurtarmaq yaxşı olmazdımı?!

Fətəli şah fikrə gedir, bu ağıllı sözlər qarşısında deməyə söz tapmır, bilmir ki, nə cavab versin, razılaşmağa məcbur olur. Amma bir məqam onu narahat edir:

  • Bəs sənin daş-qaşlarını satdığını bilsələr, mənə nə deyərlər? Məni xalq içində rüsvay etmək istəyirsən?
  • Arxayın olun, şahım! Siz məndən nankorluq görməmisiniz, ölənəcən də görməyəcəksiniz. Bu sirri yerdə ikimiz, göydə isə Allah-təala biləcək.

Lakin Fətəli şah yenə tərəddüd edir:

  • Axı pul sənin nəyinə gərəkdir? Nəyin çatmır? Sənə nə lazımdırsa, nə qədər pul istəyirsənsə, mən verə bilərəm. Bütün xəzinəm həmişə sənin üzünə açıqdır!

Ağabəyim ağa bu sözlərdən şahın yumşaldığını duyur, tez cavab verir:

  • Elədir, şahım! Siz sabahdan bütün saraya elan edərsiniz ki, xəzinəni mənim üzümə açırsınız. Mən isə xəzinə əvəzinə daş-qaşlarımı, cehizlərimi xərcləyərəm, buna özüm üçün bir bağ salmaq istəyirəm. Elə bir bağ ki, orda ancaq mən gəzim. Bu bağ ancaq mənə məxsus olsun, bu bağda hər çiçək, hər kol ancaq mənim zövqümlə əkilsin, buyurun ki, heç kəs mənim işimə qarışmasın.

Fətəli şah razılığını bildirir, səhəri gün elan edir ki, şah xəzinəsini Ağabəyim ağanın üzünə açıbdır. Dünyanın hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət olunurlar. Ağabəyim ağa öz fikrini bağbanlara bildirir: “Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin”.

İş başlanır, Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ot-ələf, gül-çiçək, kol, ağac bu bağda da əkilir, diqqətlə becərilir. Nəhayət, bağ hazır olur, şairənin arzusuna əməl edərək bağın adını “Vətən bağı” qoyurlar. Hər şey hazır olduqdan sonra Ağabəyim ağa bağı gəzməyə çıxır. Bağ, doğrudan da gözəl idi. Məharətli bağban əlləri gül-çiçəklə bərabər, sanki Şuşanın dağ-dərəsinin havasını da, ətrini də bura gətirmişdi.

Şairə bağı gəzib-dolanır, hər şey onun zövqünü oxşayır. Lakin nə qədər axtarırsa, bağda Xarı-bülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları çağırtdırır, məsələni onlara bildirir. Bağbanlar yenidən ikiqat səylə işə başlamalı olurlar. Lakin nə qədər edirlərsə, Xarı-bülbül “Vətən bağı”nda bitmir ki, bitmir. Bağbanların zəhməti hədər gedir…Xarı-bülbül Şuşadan Tehrana “Vətən bağı”na köçmür ki, köçmür…

Bəs qərib bir şairənin Vətən həsrətini azaltmaq istəyən xarı-bülbül necə gül idi?

“Vətən bağı” əl-əlvandır,
Yox içində Xarı-bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!

Müəllif demək istəyir ki, qəfəsdə uzun müddət oturduğu üçün, gülə qovuşmaqdan ötrü həsrət çəkən bülbül iztirablarını, dərdini bədənindən çölə sızdırıb, köksünün altı saralıb, sarı rəngə boyanıb. Bu hadisələri Ağabəyim ağa özünə şamil edərək, yəni Şah sarayında Vətən həsrəti ilə ürəyinin alışıb-yanmasına bənzətmişdi.

Xarı-bülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü ancaq görmək onun haqqında tam təsəvvür yarada bilər. Onun heç ətri də yoxdur. Xırda bənövşəyi rəngli ləçəkləri otların, başqa gül-çiçəklərin içərisində çox çətinliklə seçilir. Gülün üç ləçəyi olur, simmetrik quruluşuna görə aydınca görmək olur ki, gülün dörd ləçəyi olmalı imiş. Bu dördüncü ləçəyin yerində isə arıya bənzəyən, üstündə, cücülərdə, böcəklərdə olduğu kimi naxışları, məxmər kimi nazik tükcüklərlə örtülü bir böcək -xar var. Belə bir təsəvvür yaranır ki, böcək gülün dördüncü ləçəyini yeyib. İndi isə başını gülün ortasına soxub, çünki böcəyin başı da görünmür. Gülün düz ortasında isə sanki bir bülbül oturub. Bülbülün çiynində iki balaca ləcək var, gülün öz ləçəklərinin rəngindən bir azca tünddür. Ləçəklərdən bir xeyli balacadır. Aydınca görünür ki, bu ləçəklər bülbülün qanadlarıdır. Hətta gülü əlinə alanda belə inanmırsan ki, bülbül də, gülün bir ləçəyinin yerində bitmiş arıya bənzər bir böcək də canlı deyil, sadəcə çiçəyin bir elementidir.

Təsadüfi deyil ki, Xarı-bülbül haqqındakı rəvayətdə deyilir:

Bir zamanlar bütün bitkilər insanlar kimi danışırmışlar, sevə bilirmişlər. Sevinib gülə bilirmişlər. Bülbül o zamanlar gülü sevir, bütün gül-çiçəklər də bu məhəbbəti alqışlayır. Hər gün sübh tezdən bülbül gülün üstünə qonub ona məhəbbət mahnısı oxuyarmış, gül-çiçəklər də bu nəğmənin təranələri altında rəqs edərdi, şənlənərmiş. Amma xar belə bir şadyanaqlığa, sevgiyə, məhəbbətə dözə bilmir, qısqanır, paxıllıqdan az qalır bağrı çatlasın. Gülü bülbüldən ayırmaq üçün gəlib ona öz ürəyini açır, sevgisini bildirir. Gül xarı rədd etməyə çalışır. Acıqlanan xar gülün saplağı ilə yuxarı dırmaşır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə gülü yeməkdə davam edir, onda hamı Allah-təalaya yalvarır ki, onların canını alsın, amma güllə bülbülün eşqinə, məhəbbətinə qıymasın. Onların ah-naləsi qəbul edilir. Hamısı sadəcə bitkiyə çevrilir. Gül, bülbül və xar üçlükdə bir çiçəyə çevrilirlər. O zaman ki, gül-çiçəklər fədakarlıq edib canlarını bülbüllə gülün eşq- məhəbbətinə qurban vermişdilər, Xarı-bülbül də söz vermişdi ki, bu fədakarlığa cavab olaraq yalnız onların bitkiyə çevrildikləri yerdə bitəcək. Belə də olur. Xarı-bülbüllə bitkiyə çevrildiyi Şuşa torpağından başqa, dünyanın heç bir yerində rast gəlmək mümkün deyildir. Hətta ən məharətli bağbanlar da bu gülü başqa torpaqda yetişdirə bilmirlər. Xarı-bülbül hətta alovlu vətənpərvər, gözəl şairə Ağabəyim ağanın Vətən həsrətini, qəriblikdə çəkdiyi əzabları yüngülləşdirmək üçün də onun saldırdığı bağda bitmir ki, bitmir…

Bütün bu əfsanəvari olaylarla dolu bir qürbət həyatı yaşayan Ağabəyim ağa ömrünü nisgil içində, Vətən, Qarabağ həsrəti çəkə-çəkə Tehranda başa vurur.

Nemət BƏXTİYAR
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2016.- 24 iyun.- S.4.


KAYNAK : http://www.anl.az/down/meqale/525/2016/iyun/496945.htm

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 29 eseri bulunmaktadır.

Yazarın diğer yazıları