DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Osman Fermanoğlu

QAZAN QAYNADIQCA

Paşam, körpəlikdən, ya da bələkdən,
Bələməkdən başlar, yoxsa ürəkdən…
Gələnlər gəlirsə göydən, mələkdən,
Kim əyri bələyir bu adamları?…

Nə daşı seçirlər, nə ağacları,
Dolaşıq salırlar sap– arğacları.
Qoyunsuz qoyurlar çox arxacları,
Niyə arıtlamır su adamları?

Doğru tək sırıyıb hər yalanını,
Döndərir gürzəyə su ilanını…
İşıqlığa dartır kor olanını,
Dumanda sıxırlar “Hu” adamları.

Elləri gəzən çox geyərək çarıq,
Köynəyində əcəl, kəndirdə varı….
Düşmür əllərindən daş parçaları,
Dilindən vururlar Qu adamları.

Qazan qaynadıqca çıxır buxarı,
Çörək oçaq üstə olur suxarı…
Osman,nə gəzirsən sözdən yuxarı,
Sözün işığıyla yu adamları…

20 iyul 2019

BİR ÖMÜR AXINA QARŞI

İldə bir kərə, ya iki kərə,
balıqlar kürü tökməyə gedəndə,
üzü çay yuxarı,
əcəlləri çiyinlərində axınla
əlbəyaxa olub, çarpışdıqlarını görəndə
dili dualı anaları xatırlayıram…
Axında təntiyən,
inadından dönməyən balıqlar
mələk donunda görünür gözlərimə…
Balıqları həyat kimi özünə çəkir
dupduru, köpüklü sular…
Balıqların gözlərindən tökülən
həyat dolu yuxular
süzülür şəlalələrin hörüklərindən.
Bu balığın həyat nağılıdır–
kədərli, qürurverici, ağrılı.
Axına qarşı üzmək alın yazımdı,
dəsmal bağlamaqdı
ağrımayan başıma.
Bir ömür dözməkdi,
yazısı pozulan yaddaşıma,
və bir də bələnməkdi,
Vətən deyib əlimdən uçurduğum könül quşuna…

22 iyul 2019

BƏRİDİ

Paşam, yolu doğru yeri,
Araz anrı, Kür bəridi…
Daşıdığın dərdi- sərin,
Çəkdiyin fikir bəridi.

Kül eyləmə od əməni,
Oda salan odu məni.
İsitsə də odu məni,–
Günəş uzaq, Yer bəridi.

Hər baş öz dilinə təndi,
Gizlidi ehtiyat fəndi…
Bağlı saxla qıfılbəndi,–
Açılası sirr bəridi…

İstəyini dərmir ağız,
Yol üstə dayanır yalqız.
Saydığındı doxsan doqquz,
O da yüzdən bir bəridi.

Osman, artsa da yığnaqlar,
Hərə öz ölüsün ağlar….
Qardı aşılası dağlar,
Onlardan Sibir bəridi.

24 iyul 2019

ÜZƏ TUTULASI

1

Hardan yadıma düşdü,
günün günorta çağında,
üzümə deyilən–
“qet qaraçıdan ələk al,
tut üzünə” sözləri,
O sözlərin çiynimi əyən ağırlığı.
Onda ruzu boldu,
hər evdə gen tuman qaraçıların
toxuyub satdığı ələklər…
o ələklərdə ələnən undan bişən,
qoxusu qonşu kəndəcən çatan çörəklər.
Necə çörəkliydi evlər,
necə ürəkliydi adamlar…

2

İndi hər şeyin urvatdan düşdüyü
vaxtdan baxanda,
tanıya bilmirəm suçumu,
İtirmişəm suçun ölçüldüyü ölçünü…
Çox çeynənməkdən
saqqız kimi çürüyüb dərdlərimiz,
hərdən qışqırmaq istəyirəm:
“Qarabağı alacağıq”,–
qulağımın dibindən bir səs fısıldayır,–
“Yalayarsan ovcunu”…
Danışa- danışa urvatdan salınan sözü
yuxarı qaldırmaq çətin,
ayağında can verirəm
Üzə tutulası dərdin;
daha qaraçılar ələk toxumur ki,
alım… və xəcalətini itirmiş üzümü
nənələr yaşmaqlanan kimi örtüm…

26 iyul 2019

İRƏLİ

Paşam,dərdlər böyüyür, keçir məndən irəli,
Hər iş tərsinə gedir, Aydı Gündən irəli…
Xırman quşlara qalıb, daşınır dəndiyində,
Görünəsi nəsə yox gözə dəndən irəli…

Xarabalıq qoxusu versə də addımları,
Yerişi necə enli gəlir ağlı xamların…
Havalı gəzənləri artdıqca adamların
Keçməyə çalışırlar, Tanrım, səndən irəli.

Osman, gedib gəzmədin arzularını Çində,
Sən dərdi oyaladın,hamı sevinc seçəndə.
Təsəlli axtarırsan, goreşənlər içində,–
Söylə,sənin nəyin var bu Vətəndən irəli?!

28 iyul 2019

DEDİM– DEDİ

Dedim: dağlar oğlu, necədir kefin?
Dedi: nə kef, ömür ovulub gedir.
Dedim: nədən belə dönübdü dəfin?
Dedi: ruhum canda yoğrulub gedir.

Dedim; tərəzinin bir gözü haqdı,
Dedi: haqq olan göz məndən uzaqdı.
Dedim: düz saxlamaq gərəkdi vaxtı,
Dedi: vaxta nə var, sovulub gedir.

Dedim: boyundadı çatısı dərdin,
Dedi: birini də nəmər göndərdi…
Dedim: örkən üstə darımı sərdin?
Dedi: dörd tərəfim qovrulub gedir.

Dedim: havasına uçma gələnin,
Dedi: qanadsızdı bəxti kölənin…
Dedim: böyüyünü alma şələnin,
Dedi: yalanlar da doğrulub gedir.

Dedim: Osman yazır naşı qələmlə,
Dedi: məni yenmə gəl sarı simlə.
Dedim: həyat özü əkizdi qəmlə,
Dedi: qar küləklə sovrulub gedir.

30 iyul 2019

BİR DƏRD YUXARI

Paşam, hər tərəfdə bazar qovğası,
Tut, bir şərt aşağı, bir şərt yuxarı.
İçlərdə can çəkir qisas havası;–
At, bir mərd aşağı, bir mərd yuxarı.

Yalançı dualar dilin butası,
Tilovdu, qarmaqdı kimi tutası…
Uzaqlardan gəlir qurd ulartısı,
Öt, bir qurd aşağı, bir qurd yuxarı.

Soyuyan təndirdə çörək güllənir,
Güllənə- güllənə ömür küllənir…
Su axıb durulmur, qalır lillənir,–
Bat, bir dərd aşağı, bir dərd yuxarı.

Qara buxovdadır ad öz adında,
Gələnin, gedənin qalsa yadında…
Osman, yeyilənlər ağı dadında,
Ud, bir yurd aşağı, bir yurd yuxarı.

1 avqust 2019

VƏTƏN DAŞI

Paşam, canhacanıq, neçə bədəndə,
Bizi bir xurcuna, hör və tən daşı…
Bir cana yerləşməz neçə bəd bəndə,
Olmaz qara, çopur bir vətən daşı.

Hər gələn ömrünə olarsa günü,
Suçlu eyləməyə dəyərmi Günü?!
Qabağa düşənlər seçər nəs günü,
Haralara çəkər gör vətəndaşı?…

Osman, yön- yolağa bilməyən kəsə,
Yüz söylə,yol düzsə gedərsən kəsə.
Umac bacarmayan, əriştə kəsə,–
Köçərək özünlə yer… vətən daşı…

3 avqust 2019

DƏRƏ BOYUNCA

Bu dağdan o dağa yol arayan var
Qısıla–qısıla dərə boyunca…
Yalan kəlmə imiş axtaran tapar,
Candı gizlədilən sürə boyunca…

Hər tərəf sovulmuş xırman yeridi,
Xəlbirdə daşınar dənin, ay gidi…
Yoluna boylanan ümid diridi,–
Bacarırsan yürü nərə boyunca.

Yağı çal–çağırda torpaqlarında,
Gözün kirə istər elin varından…
Uzun boyluların topuqlarında
Ağıl dənlənərsən törə boyunca.

Sabah üstümüzə əsdirər boran,
Bu gün altımızdan palaz aparan…
Nə çox götürən var, nə az aparan,
Torpağa yamaqdı hərə, boyunca.

Bir az abır -həya saxlaya üzdə;–
Vətən söyləyənlər quruca sözdə.
Osman, bəhanəli, bəhanəsiz də
Adamlar əyilər yerə… boyunca.

4 avqust 2019

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 41 eseri bulunmaktadır.

Yazarın diğer yazıları