Ondört Dal Gül Demedi / Osman Fermanoğlu
NƏ DƏRDİ, BİLMƏM
9 marta yazılmış təcnis
Yaşın bir yaş artımı…
Paşam, payızının payızı gəlir,
Ömür nə dərmədi, nə dərdi bilməm.
Ağrılar içində pay özü gəlir,–
Sevincə qarışır nə dərdi bilməm.
Şirinlik axtarır qar aralarda ,
Kirpikləri düyər, qar, aralar da.
Qaldığı düzdəcə qarar alar da,
Arxamda gədədi, nə dərdi, bilməm.
Osman,qoz elədi otuz doqquzu,
Hələ də ağladır o tuz doqquzu…
Açılır önümdə otuzdoqquzu,–
Açılmaz qırxıncı- nə dərdi, bilməm.
Göyçə
Dağların dalında bir el yetimdi,
Bir elat itirib yurddaşlarını.
Neçə oba üstə su bağlanıbdı,
Sapanda qoyublar yurd daşlarını.
Küllə oynayırıq nə vaxtdan bəri,
Neçə ocağımız odsuz qalıbdı.
Yanlar yanımıza ad yapışdırır,
Adlı ellərimiz adsız qalıbdı.
Gorun nurla dolsun, Dədə Ələsgər,
Ruhun qənim olsun goreşənlərə.
Sinəndəki daş da, ay sinədəftər,
Göz tökən ox olub gor eşənlərə.
Nə qədər tarix var ,Göyçə gölü var,
Yüz öküz kəssən də adı silinməz,
Mənim o dağlarda “Göyçəgülüm” var,
Qarlı zirvələrdən aşağı enməz.
Hardan başlanıbdı bu qara yazı,-
Qardaş qardaşına əl qaldırandan.
Hardan başlanıbdı,Sultan Bəyazid,
Sənlə Teymurləngdən, ya Çaldırandan.
Pay verən dərvişə dönmüşük, Lələ,
Əlimiz gəlmir ki, könül sındıraq.
Hava canımıza düşməsə,belə
Qol ki havadadı, süzər dınqıra.
Suları tərsinə axır dünyanın,
Adamlar çaşıbdı yol ayrıcında.
Hanı anlayanım, hanı duyanım,
Kinim qovurğa tək qovrulur canda.
1988.
ÇİN ÇIXMAYAN ARZULAR
Çoxdan, lap çoxdan susur
göylərə əl açıb dilədiyimiz
duaların cavabı,
Hər çərşənbə üstündən atlandığımız
tonqalların odunda qorsalandı,
dualarımızın
özümüzə qayıtmayan
dilim- dilim savabı…
Bütün havalar düşdü sümüyümüzə,
oynadıq bezənə, yorulana qədər,
tər-su içində çıxdıq qorxulardan,
sətəlcəm olana… qədər.
O qədər südə su,
halala haram qatdıq ki,
Tanrının yanında da düşdük urvatdan,
şəkdiyimiz əməklər getdi hədər,
başıaşağı düşdük birinci qatdan.
Evində kəkələyə- kəkələyə
arvadına söz deyən,
çöldə alıcı quşa döndü,
atlını saldı atdan,-
son tikəmizi də qapdı əlimizdən,
düşündük Əzrayıldı…
Hacılarımız dua oxuyanda
üzlərini Məkkəyə, Kəbəyə tutdular,
nə Kəbə Kəbə oldu,
nə Qarabağ Qarabağ…
Qara sözü, Qarabağdan çıxıb
alınlarındakı möhür yerində yuva saldı.
Ah, könlüm, ah,
yenə güllələr açılır yaxanda,
Hacı handa,
Qarabağın əlacı handa?!
28 fevral 2017
ÇƏKƏRSƏN
Bütün işlərin başı ağ,
Qaranı ağdan çəkərsən.
Yağı ən üstə çıxarar,
Ayranı yağdan çəkərsən.
Sayan sayında sayılar,
Səsin salamda duyular.
Ağzında açar dualar,-
Hər şeyi sağdan çəkərsən.
Sözün baş olsa, əzəldən,
Söyləyərsən cani-dildən.
Arı şirə çəkər güldən,–
Sən də uşaqdan çəkərsən.
Boylanar, baxarsan dandan,
Fikrin asılmaz gümandan…
Boz qurdlar çıxar dumandan,
Dərəni dağdan çəkərsən…
Suların durulub axsa,
Əməlin gözündən baxsa…
Osman, gördüyün iş haqsa,
Onu da Haqdan çəkərsən.
18 fevra 2018
HƏLƏ KÜSÜB-BARIŞIRAM
Hələ küsüb- barışıram,
Yoldayam, üzü sözəyəm.
Acı- şirin danışıram,–
Neyləyim,kəmhövsələyəm.
Nə su qaldı, nə də dəhnə,
Çörəksizdi, demə təknə.
Köhnələr içində köhnə,
Təzələrdə tər- təzəyəm.
Özüm özümü yaxıram,
Çəkilən cızdan çıxıram.
Gedir uzaqdan baxıram,
Sığışmıram əndazəyə…
Bir tərəzi arayıram,
Yaxşını pisdən ayıra.
İçin- için sızlayıram,
Tüstülənən yaş kösöyəm.
Osman,sellərdi köpürür,
Yuyub aparır ləpiri…
İçimi illər süpürür,-
Çöldən çölə bər- bəzəyəm.
23 fevral 2017
Yıxılıram
Əlləri anasının
ətəyindən üzülən
uşaq yıxılan kimi,
küləyə urcah olan
yarpaq yıxılan kimi
yıxılıram torpağa.
Vədəsiz gəlir xəzan,
yarpaq saralır- solur.
Yarpaq uşaq deyil ki…
Uşaq qalxır ayağa,
başlayır oynamağa,-
uşaq yarpaq deyil ki…
İlin- günün bu vaxtı
nə uşağam, nə yarpaq,-
Mənim işim uzundu.
Üstündə gəzdiyim tək
bu torpağa yıxılmaq,
Qardaş, alın yazımddı.
1981
ZAKİR MƏMMƏDƏ
Paşam, bir ömür yeridim,
Önümdə “hələmi” gördüm.
Yanımca yastı yeriyən,-
Qurulan tələmi gördüm.
Yamacı səksəndirən daş,
Oldu mənlə bağrıbadaş…
Yaş üstünə gəldikcə yaş
Çoxalan şələmi gördüm…
Həyat özü oldu “Dəşti”,
Ağrısı canıma keçdi….
Çöldə yabayla əlləşdim,
Evimdə qələmi gördüm.
Osman, səs eylədi hərfi,
Zamanın səslənən dəfi…
Zakirin ömürdən “nəfi”
Bu günü– beləmi gördüm?
EHTİRAM İLHAMA
Paşam, bu əlli yaş ki var,
Əllicə günü yaşanır…
Yaşamayan çətin bilə,
Bəllicə günü yaşanır.
Yarpaq uçur yel içində,
Gün aylayır il içində…
Bulud–bulud sel içində
Sellicə günü yaşanır.
Ömür ki varır bir yolu,
Yol pətəyi sözlə dolur.
Ürək, dəli könül olur,–
Güllücə günü yaşanır.
Osman, havaya uçunan
Əl atır bəxt ağacına…
Dən əkir qara saçına,-
Tellicə günü yaşanır.
23 yanvar 2019
BİR DÜYÜN
Dalda qalan əngəl oldu bir köçə,
Düz ağaca ləkə saldı bir düyün.
Can içində ağrıları vicvicə,–
Zoqquldadı ovuc-ovuc bir düyün.
Dar günündə xorna çəkib uyurdun,
Safa çıxdı, baş olaraq buyurdun.
Yaddaşında izin yoxdu bu yurdun;
Varın ölüm–çalınmayan bir düyün.
Öyünməli nəyim qalıb ərk edim,
Osman, hansı sınırını bərk edim?
Dağlarını geri alıb Ərk edim,–
Onda məni qayasına bir düyün.
4 fevral 2018
O YERDƏ Kİ..
o yerdə ki söz demək istəyənin dilini,
silah götürmək istəyənin əlini kəsərlər,
o ölkənin sərhədlərində
qara ələmlər dalğalanar…
o yerdə ki “ağıllı başlar” “çöldə toyuq,
evdə xoruz” olarlar, orda siçanlar
pişiklərin başında darğalanar…
başını kola soxanlar
ağ-ağ bayraqlar düzəldərlər
mələfə cırıqlarından…
o yerdə ki, qırmızı şalvarlı, lümə “müğənnilər”
davaya getmək istəyər,
vay o yerin halına…
necəsən, barıt qoxusu içində
siqaret tüstülədən əsgər…
nədi qulağına gələn vızıltı,-
oyanıb, deyən, eşşəkarıları,
qırılıb bal arıları,
murdar əl toxunub balına,-
haram qatılıb halalına…
… baba deyilən kişilərin nəvələri,
hərəsi bir arabanın dalında,-
hərənin öz dərdi özünə dəvə,
beləcə, dərdiylə fal açan,
dərdiylə baxan nə çoxdu kefə—
bu oylaq, bu həvə.
YERİNDƏ
Raşam, gələn necə dərddi,
Dayanmışam tuş yerində.
Ağılmı var deyəm sərtdi,
Nə də qalıb huş yerində.
Aran dərdim qar axtarır,
Baş qatmağa kar axtarır.
Hamı günahkar axtarır,
Ürəyimin boş iyerində.
Osman, həsrət qalib yurda,
Ömrümü yuyuram burda…
İsrafil çaldığı SURDAN
Səda gəlir “qoş yerində”.
25 Yanvar 2019
GEDİR
Ahdan gəlir gələnlər,
Aha da varıb gedir.
Çözülmür çözülənlər,
Ahada…varıb gedir.
Kimdi bu üzügülər,
Kimin gözünü silər?
Əmələ gedəsilər
Ah,ada varıb gedir.
Girib lilli arxına,
Qoşulubdu axına.
Çağırıram yaxına,-
Daha da varıb gedir.
Dünənki çiçək idi,
Ətirdə də tək idi.
İndi gül ləçəyidi,
Yaxada varıb gedir.
Osman, düşsə güzarın,
Gəzmə mərdiməzarı…
Baha gəlib bazarı,
Baha da varıb gedir.
25 yanvar 2017
YAŞAYIR
Məni tutmaq çətin işdi, əzizim,
İçim ayrı, çölüm ayrı yaşayır.
Baş dilimdən dərdə düşdü, nə çözüm,-
Başım ayrı, dilim ayrı yaşayır.
Bostanında daş olmadım heç kimin,
Vüsalı var, həsrəti var eşqimin…
Gah isinən, gah soyuyan sac kimi,
Odum ayrı, külüm ayrı yaşayır.
Buludların altındadı- qaş qara,
Qara gözdən sızıb gələn yaş qara.
Əlmi çatar bomboz olan qaşlara?-
Günüm ayrı, yelim ayrı yaşayır.
Məni görüb, qədəyi var dilin də,
Adım ötməz bir kimsənin dilində.
Axıtmışam ömrü yazın selində,-
Günüm ayrı, ilim ayrı yaşayır…
Osman daha səhərləri lal açır,
Sabahlarım dünənimə qol açır.
Söküb tökdüm çəpərləri yol açıq,-
Dirim ayrı, ölüm ayrı yaşayır…
17 yanvar 2017.
DARADI
(Təcnis)
Dar dedim, sallandım dar ağacından,
Ruhumu içinə çəkdi dar adı…
İstəyim haqq deyə dara sığınan,-
Bu qədər suç varsa, yön də daradı.
Hələ də xəbər yox Sahib-Zamandan,
Yalan kəlmələrlə olur zaman dan.
İki düşmənim var dövri- zamandan,
Biri xaçlıdısa, biri Daradı…
Nərə tək sıyrılıb gələr Qars adı,
Təklənmiş canımda ümid Qarsadı.
Osman, nəfəsimi barıt qarsadı,–
Telimə əl çəkib güllə daradı.
27 mart 2018.