DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Osman Fermanoğlu

YERİNƏ

Paşam, bu bazar bizi haraya sürükləyir,
Ağıllını asırlar ağlı kəmin yerinə…
Adamlar bir-birinin canına yerikləyir,
Qulaqlara tuşlayır zili bəmin yerinə.

Çölün çölündə qalır içi qan ağlayanlar,
Ümidindən boylanır səsi qabaqlayanlar.
Bu günün işlərini sabaha saxlayanlar
Dəm havası tuturlar gələn qəmin yerinə.

Əyri düzün önündə gəlir qurur tələni,
Yolu yoxuşa sürür, şələ basır Lələni…
Ayağından tutaraq ölçüyə düz gələni
Kəndirə qaldırırlar kimi kimin yerinə?..
.
Bostan uyuğu olan qalxıb başa vararaq
Yalanı düz yerinə sırıyır varaq– varaq.
Əlində geniş imkan, yolunu bağlayaraq
Atalılar göz dikir bir yetimin yerinə…

Osman, tanımayanlar öz solunu, sağını,
Sökməyə çalışırlar yüz illərin dağını..
İşıqlı göz görəndə tuşlayır barmağını,
Açıb su calayırlar köhnə himin yerinə.

TÜRKÜN ZƏFƏR GÜNÜ

Paşam, ayaqda olmaq aydınlanan üçündür,
Yuyundum göy sularda, bir daha durulandım.
Diriliyə gedən yol inandım ki, bu gündür,–
Bu gün Türk olduğumla bir daha qürurlandım.

Könlümdə şölə saçdı kökümüzün işığı,–
İşıq gələn yerlərə it hürəndən adladım…
Ən ağır sınaqlardan keçdim Xızır sayağı,
Yolumu ürəyimin alovuyla odladım…

Qoçlar qurban kəsildi İsmayılın yerinə,–
Bu gün zühur eylədi Mete gözüm önündə.
Uğur mələkləri gül səpdi qədəmlərinə ,
Bu günə salam verdim uluların dinində.

Addım səsləri əzdı, ağırlıq–uğurluğu,
Şirin sözlər çinlədi yolun nərdivanını.
Yayıldıqca Türklüyün addımının gurluğu,
Ədalət çəkiciylə çəkdi Haqq divanını.

Bu gün sənə yönəldi dörd cəhətin nəzəri,
Yana–yana baxdılar Türkün mətin dilinə.
Yol üstə dayanmışam əllərimdə üzərlik,–
Yandırdım göz dəyməsin böyük Turan elinə.

OLDUQ

Paşam, harda səhv edib, belə yalınqat olduq,
Ürəyi qabar–qabar, könlü, ağlı çat olduq?…
Dilimizdə lilləndi yüz illərin davası,–
Diləyimiz ələndi, əməli bərbad olduq.

İşlərin əvvəlindən saat kimi qurulduq,
Yurd yerinə üz sürtüb durulduqca durulduq.
Yolumuz düz olsa da, yarı yolda vurulduq,
Bu yarı hürr aləmdə , yarı da azad olduq.

Yapışmalı olsaq da Ayının yaxasından,–
Tutduq tuta bildikcə, işlərin yuxasından,
Güc qalmadı çıxmağa dərdlərin çuxasından,
Yarı yoldan dönərək biz ala- babat olduq.

Yazımıza qol qoyan mələklər duran yerdə,
Endi gözlərimizə şeytanlar çəkən pərdə…
Qolumuz gücdən düşdü, dizlərimiz təpərdən,
Xəmirimiz halalkən kündələrdə bad olduq.

Osman, zər tutub atdı atanlar şeş qoşanı,
Qoyduq odun içində qaynayanı, daşanı…
Yenə silə bilmədik, Xocalının yaşını,–
Özgəyə aş bişirən, özümüzə yad olduq.

ÖLÜ BƏNDƏNİN

Söz dediyim küçədə ağıl ağıldan üstün,
Ağlından şikayəti olmaz dəli bəndənin.
Başına quşlar qonar dahi sayılan büstün,
Ağıl ilə ölçülməz hər əməli bəndənin…

Qaranlıqla didilər çiçəklərin yuxusu;–
Anlayanı tapılmaz nədi gözün qorxusu?
Yuxuları durultmaz, özü durulmayan su,
Sulara qan uddurar dili zəli bəndənin.

Yaşamaq payı düşməz hər gəlirə- çıxara,
Yeriməyə yol tapmaz, düşüb gedər axara.
Niyyəti qara kəslər ağda qara axtarar,
Yağar qara buludu, daşar seli bəndənin.

Nə qədər öyünən var çalıb yığdıqlarına,
Təklənib tək qalanda baxan olmaz varına.
Tövbə etməyə düşər soyuq daş–divarına,
Halal əcəli gəlməz hər ölməli bəndənin.

Osman, bəy tərifləri çoxuna verər nəşə,
Təriflə şar uçurmaq sayılar ali peşə…
Olar haqqın dərisi ayaq bağında köşə,
Qalar tapdaq altında eli ölü bəndənin.

QALMAZ

Nə arzular uçub gedər, satan satar, alan qalmaz,
Bu dəllallar meydanında öz halında olan qalmaz.
Dil sümüksüz ət parçası, başlar papağı saxlamaz,
Doğrunun yeri dardısa, yeriyirsə yalan, qalmaz…

Ha goplaya– haplayasan, əzər səni öhdəliklər,
Ayaq altda tapdalanar fidan–fidan pöhrəliklər.
Vaxt yetişər, gün şaxıyar, gündə yanar kölgəliklər,
Kölgəlikdə xumarlanan filan oğlu filan qalmaz…

Oyna, oyun həminkidir; “dovşana qaç, tazıya tut”,
Əlində qalan dənlərlə işlət, dəyirmanı ovut…
Umutmaqdan asan nə var,selə ver, hər şeyi unut,
Hamı özünü haq bilsə, Haqqı yada salan qalmaz.

TANRIYA PAYIZ ŞEİRİ

Ömrümə bir payız çək, yarpağı sarı olsun,
Ləçəklənən güllərdən payıztək varı olsun.

Yaz başı doğulsam da, payızla keçib ömrüm,
Çək həvəsi ölən yaz, payız qubarı olsun…

Mən Vətən uyduranda Vətən olmadı Vətən,
Kim deyib, Vətən mənə qərib diyarı olsun.

Dörd fəslin dördündə də itirmişəm kimisə,
Alın yazısına bax: “dərddən divarı olsun”.

Osmanı ağırladın, ağrı payı çoxdan çox,
Barı xurcun tayı böl, hər gözü yarı olsun…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları