DergiZan

Yazı ve Sanat Ülkesi

Dokuz Şiir / Osman Fermanoğlu


10 FEVRAL, TÜKMƏNÇAY

Paşam, yıxılıram ayrılıqların
Ömrümü sındıran yuxa yerindən.
Əllərim yavaşca qopur əlindən,
Ruhum da istəyir çıxa yerindən.

Ağıllı kəslərin adında Dəli,
İtiyini gəzir sonun əvvəli…
Zülməti yararaq Mirzə Fətəli
Sıyrılır Şəkinin Nuxa yerindən.

Burda nə fərqi var nökərlə xanın,
Eyni kösövlərlə qorlanar canın…
Vətənə dönməyən Azərbaycanın,
Ucuz satılıram baha yerindən…

Nələri yandırdım bir yavan ada,
Canım çömçələnir yağsız yarmada.
Könlüm tək sıxılır Araz arada,
Tüstüsü görünür yaxa yerindən.

Osman, gədikləri bağlayıbdı tar,
Yola boylanırsan gələninmi var?
Bölərək nə qədər pay vermək olar,
Bir az da bizə çək sovxa yerindən.


10 fevral 2019.


BİLƏSƏN


Paşam, əlin çata ucalıqlara,
Özünü könlünə yiyə biləsən.
Yağan yağışları ram eləyəsən,
Buludu şimşəklə döyə biləsən.

Kimsə nur içində səni səsləyə,
Yoluna qəfildən külək əsməyə.
Adam tapmayanda kəlmə kəsməyə,
Sözünü göylərə deyə biləsən.

Dualar bal kimi dilindən dama,
Nə dilək diləsən, düzələ haman.
Şah sarayı ola balaca koman,-
Uca sarayları dəyə biləsən…

Yaxada qızılla, zərlə işlənər,-
Talisman sayılar qurdun dişləri.
Başın qarışmaya qara işlərə,
Yaxşını vaxtında öyə biləsən.

Osman, baxmayasan qar düşür yala,
İsti nəfəsinlə çıxasan yola…
İldə bircə kərə yönünü sala,
O qoca dağlara dəyə biləsən.


12 fevral 2018.


TÖVBƏ – SUÇ


“Durnalar xəbər gətirdi”,
Kərkük qan dolu çanaqdı.
Qara yazı- Qarabağda
Qan özü qana calaqdı.

Göz kirə istəyir sacdan,
Toxun xəbəri yox acdan.
Qaxınc olur hey bir ucdan,
Çörək deyil- şapalaqdı.

Sən ey kefini sorduğum,
Nədən daralıb soluğun?
Durub arxadan vurduğun
Nə ağrılı badalaqdı.

Osman, söylə biz neynədik,
Nə yernənik, nə göynənik.
Suçumuz neçə öynəlik?-
Tövbəmiz qalaq- qalaqdı.


BOYLANAR

Gedən gün ağrı içində gələn günə boylanar,
Elə bilər son anıdı, ümidinə boylanar.
Keçənlərdən qalan qorxu çətin çıxa canından,
Gözləriylə qurdu gəzər, dağda çənə boylanar.

Ha çalışa, ha vuruşa, çətin gələr idən il,
Yollarına boylanmaqla gedəni gələn deyil.
Şeytan yüz fitnə işlədər,dərdlər sənindi,əyil,
Arxayın olar cəddinə, hər gələnə boylanar.

Satan satar, alan alar, itib mizan- tərəzi,
Satan alandan bic olar, aldadar göz görəsi.
Hərənin öz tayfası var, hərənin öz tirəsi,-
Sular axarınca axar, çöllər günə boylanar.

Osman adlı adam olub tarixlərdə nə qədər,
Çoxu elə öz ömrünü mənimtək sürüb hədər.
Bir gün arxamca deyərlər, nəyi var ki, tox gedə,
Mən yol üstə, ac sərçələr yenə dənə boylanar.

7 fevral 2017.



 
Mən öz bəxtimin əlində
Yonulan ağac kimiyəm.
Sökük gəbə yelənində
Ovunan arğac kimiyəm.

Düşmürəm ömrün yadına,
Bir damcı baxam dadına…
Qorunuram, qurd adına
Sovulan arxac kimiyəm

Dilimdə can verir şeir,
Misralar diş-dişə dəyir.
Şaxta içimə işləyir,
Quruyan qaxac kimiyəm.

Yedəklənən bir çaparam,
Kimi itirib taparam?!
İstisini yel aparan
Qızarmayan sac kimiyəm.

Osman,hər tərəf buz dolu,
Hər oğul keçməz bu yolu.
Ürək də sərgərdan olur,
Yurdsuz, yalavac kimiyım.


11 fevral 2020.



ADAMLARI


Paşam, ucalıqlar saxlaya bilmir,
Zaman kül eyləyir qor adamları.
Quruyan çayların yeri bilinmir,–
Ayaqlara salır tor adamları…

Toyuq dənliyində bir ovuc darı,
Özünə nə düşür, qala çıxarı…
Yetişmir köməyə Koroğluları,-
Qaranlıq təkləyir kor adamları.

Kağızla bağlanır sınıq pəncərə,
Əlin çətin çata Sultan Səncərə.
Yaz gələr, yetişər ota, pencərə,
Axına yüyürən xor adamları…

Vurar cin düyünü,Hal,alı saxlar,
Haram kölgəliklər halalı saxlar.
Alar havasından, halalı saxlar,
Gözləri qaynayan şor adamları.

Osman, gəzdyini Tanrıdan istə,
Xeyir gözləməzlər yaşanan pisdə.
Bu qədər yığılır suçu suç üstə,-
Çətin ki, götürə gor adamları.


11 fevral 2019


BELƏ


Aşağı endikcə ucalan adam
ucalıq sayır dərinlikləri,
Yuxarı qalxdıqca alçalan adam
özüylə endirir ənginikləri…
Ayaqlar geyir düzü,
barmaqlar yalayır şehi,
enir enişi,
qalxır yoxuşu;
yorulduğunu nə dil bilir, nə diş…
Gəncə eniş kimi gəlir yoxuş,
qocaya ağır yükdü eniş.
Adam yaşlandıqca
xoşlar xatirə danışmağı,
xatirələrini çevirər sevgi şeirinə,
Gənc ürəyini
sevgiyə verər şeir yerinə,
…Daha nə gənclərdə,
nə yaşlılarda “həyat eşqi” qalıb,-
Cek Londonun özüylə gəzdirdiyi
intiharı da qocalıb,—
yeni kəndir boyunbağı gəzənlər üçün…
Çıxılması mümkünsüz dolaylar çox,
yaşamaq Tanrının ətəyindən aşağı,
ağacdakı baldı,-
kəndirbazlar da götürə bilmir
Ayı ağzındakı balı…
ah kətil,
ah kəndir,
ah…ah.

8 fevral 2018


MƏNİ

Paşam, bu dərdlər çəkilmir,
Yeyərək bitirir məni.
Yer gəzirəm ovunmağa,
Tərkinə götürür məni.

Bir yaxamdı, bir də əli,
Nə dayanır, nə dincəlir.
Gedirəm, üstümə gəlir,
Divana gətirir məni.

Ada bax it dilindədi,
hər şey ceyran belindədi.
Hara ki qara gündədi,-
O yana ötürür məni.

Çoxu bir ellik çalası,
Möhkəm qurulub qalası…
Özü qoyun sayılası,-
Qoyuntək otarır məni.

Osman, hazırdı kəndiri,
Qovalayaraq təntidir…
Sevinc kimi tükəndirir,
Dərd kimi yetirir məni.


9 fevral 2017.



SUALSIZ CAVAB


Hər yoldan ötənə necəsən demə,
Özgə bostanından mal satan olar.
Könülsüz birindən könül istəmə,
Püşdəklər içində baş qatan olar.

Özünü tox tutar qəndin torbası,
Düşünməz asanı ipindən asıb.
Gərəksiz olsa da, yağın tortası
Qazanın dibinə toy tutan olar.

Seç, ələ yaxşını yamandan ayır,
Çiçəyi qanqaldan, samandan ayır.
Sahibli ağızlar yerində sayır,
Buraxma dodaqlar söz atan olar.

Düşün, sonra demə Osman demədi,
Görməzə, bilməzə kəlmə kəsmədim.
İş tərs gətirəndə dedin- demədin-
Salam verməyin də öz xatan olar.


11 fevral 2016.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları